Vaxtı keçmiş məhsulların mağazalardan yığışdırılması istiqamətində işlər aparılsa da, bunu qənaətbəxş hesab etmək olmaz. Belə ki, bəzi marketlər hələ də bu məsuliyyəti dərk etmir.
Busaat.az Bakıvaxtı.az-a istinadən xeber verirki,marketlərin piştaxtalarını bəzən vaxtı keçmiş məhsullar “bəzəyir”. Belə xoşagəlməz halla vətəndaş Sumqayıtda yerləşən “Gold Qayalı” mağazasında rastlaşıb.
Onun redaksiyamıza etdiyi şikayətdə bildirilir ki, marketdən aldığı mayonezin üzərindəki tarixə sonradan diqqət yetirib. Belə ki, məhsulun üzərində son istifadə tarixi olaraq 12 mart 2025-ci il göstərilib. Məhsul isə may ayında, yəni istifadəyə yararlılıq müddətindən təxminən iki ay sonra satılıb.
Şikayətçinin sözlərinə görə, məhsulu qaytarmaq üçün marketə yaxınlaşdıqda mağaza əməkdaşları bu vəziyyəti adi hal kimi qarşılayıblar:
“Vaxtı keçmiş malın satıldığına görə bizdən üzr belə istəmədilər. Sanki belə də olmalı imiş kimi “verin dəyişdirək” dedilər”.
Vətəndaş vurğulayıb ki, sonradan vitrinə yaxınlaşdıqda orada eyni tarixdə vaxtı bitən daha 2 ədəd mayonez vardı:
“Bizim məhsulumuzu dəyişdirdikdə digər vaxtı keçmiş mayonezləri vitrindən götürdülər”.
Həmin şəxs son istifadə tarixinə diqqət etməsə, yaşana biləcək bədbəxt hadisədən narahat olduğunu da qeyd edib:
“Bu, məsuliyyətsizlikdir. Onu yeyib zəhərlənsəydik, kim cavabdeh olacaqdı? Sadəcə “verin dəyişək” deməklə məsələ bitir? Gün ərzində minlərlə vətəndaş həmin supermarketdən alış-verişlərini edir. Bu hal tək bizim ailənin yox, minlərlə insanın sağlamlığı ilə oynamaqdır”.