Son günlər insanlar arasında qripə yoluxma hallarının sayı artıb. Günün qızmar şüaları insanların gün qripinə yoluxmalarına səbəb olur.
Bəs görəsən gün qripi adi qripdən nə ilə fərqlənir? İnsanlar nəyə diqqət etməlidirlər ki, gün qripindən əziyyət çəkməsinlər?
Bu barədə Busaat.az-a danışan terapevt Günay Lətifovanın sözlərinə görə, gün qripinin normal hesab etdiyimiz qripdən fərqi odur ki, adi qrip soyuqdəymə vasitəsilə, gün qripi isə günvurmadan əmələ gəlir.
Terapevt qeyd edib ki, bunu yalnız günvurma kimi deyil, allergik xəstəlik kimi də hesab etmək olar.
Bu gün əksəriyyətin bağlı mühitlərdə çalışdığını deyən müsahibimiz nəzərə çatdırıb ki, istər avtomobil, istər avtobus-metro, istərsə də iş yerləri olsun, kondisionerdən istifadə edilir:
“Belə soyuq mühitdən dərhal günəşə çıxdıqda bu, insanlara təsir edir. Dəri nahiyələrini günəş kremləri vasitəsilə qorumaq olsa da, baş nahiyəsini qorumaq olmur. Bunun nəticəsində də gün qripi baş verir”.
G.Lətifova bildirib ki, digər qripdən fərqli olmayaraq burunda axıntı, dəridə qaşıntı, qızarıqlıq olur, lakin gün qripində boğazda şişkinlik olmur.
Günay Lətifova, terapevt
Saat 12-dən 5-ə qədər güclü günəş şüasının təsiri olduğunu deyən həkim insanlara həmin saatlarda vacib olmadıqda çölə çıxmamağı, dənizə, çimərliklərə getdikdə isə ya səhər saatlarında, ya da saat 4-dən sonra getmələrini məsləhət görüb:
“Əgər bu saatlarda çöldə olmağa məcburdurlarsa,ən azından dərilərini qorumağa çalışsınlar. Günəş kremlərindən istifadə etsinlər, kölgədə gəzsinlər, günəşin birbaşa təsir etdiyi yerlərdə gəzməsinlər, günəş qoruyucu papaqlar taxsınlar, çətir tutsunlar”.
Müsahibimiz diqqətə çatdırıb ki, əgər insanlar özlərini narahat hiss edirlərsə, ən yaxın xəstəxanaya gedib həkim müayinəsinən keçsinlər və bacardıqları qədər özlərini evdə müalicə etməyə çalışmasınlar:
“Xroniki xəstəliyi, diabet, qan təzyiqi, ürək problemi olan pasiyentlər xüsusilə diqqət etsinlər”.