
Həftəsonu işləyənlər üçün yeni sistem: Azərbaycanda tətbiq olunacaq?
Xidmət sektorunda müştəri tələbatının həftəsonları daha yüksək olması iş qrafikinin yenidən nəzərdən keçirilməsi məsələsini gündəmə gətirir. Belə ki, şənbə və bazar günləri işləyən əməkdaşların əvəzində həftənin digər günlərində istirahət etməsi həm müştərilərin xidmətlərə əlçatanlığını artıra, həm də işəgötürənlərin maraqlarına uyğun gələ bilər. Xüsusilə iş günlərində vaxt tapa bilməyən vətəndaşlar üçün bu cür qrafik nə dərəcədə əlverişlidir? Xidmət sektorunda həftəsonu iş rejiminə keçid məqsədəuyğun sayıla bilərmi?
Mövzu ilə bağlı danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, xidmət sektorunda iş qrafiki müəyyənləşdirilərkən ilk növbədə müştərilərin tələbatı və rahatlığı nəzərə alınmalıdır.
Onun sözlərinə görə, bu yanaşma həm müştərilər, həm də xidmət sahəsində çalışan əməkdaşlar və işəgötürənlər üçün qarşılıqlı fayda yarada bilər:
“Xidmət sektorunda təbii ki, müştərilərin iş rejimi və istəkləri nəzərə alınmalıdır. Bütün dünyada belədir. Bu, müştərilər üçün rahat olduğu kimi, həmin sektorda çalışanlar üçün də əlverişlidir. İnsanlar adətən həftənin iş günlərində çalışırlar, şənbə və bazar günləri isə evdə olurlar. Buna görə də xidmətlərə, sifarişlərə və müxtəlif işlərə ehtiyaclarını əsasən həftəsonları qarşılamaq istəyirlər”.
Akif Nağı qeyd edib ki, hazırda bəzi xidmət sahələrində şənbə günü iş rejimi tətbiq olunsa da, bazar günləri və bayramlarda fəaliyyət göstərən müəssisələrin sayı azdır. Bu isə müştərilərin müəyyən çətinliklərlə üzləşməsinə səbəb olur.
Partiya sədrinin fikrincə, vətəndaşlar bəzən evlərinə məhsul sifariş etmək, hansısa avadanlığın quraşdırılmasını təmin etmək və ya müəyyən xidmətlərdən yararlanmaq üçün işdən icazə götürməyə məcbur qalırlar. Bu imkan olmadıqda isə həmin sifarişlərdən və xidmətlərdən imtina edirlər.
O, vurğulayıb ki, həftəsonu iş rejiminin tətbiqi xidmət müəssisələrinin müştəri sayının və gəlirlərinin artmasına da müsbət təsir göstərə bilər. Eyni zamanda, əməkdaşların həftənin hansı günlərində istirahət etməsinin əsas məsələ olmadığını, başlıca şərtin onların istirahət hüququnun qorunması olduğunu bildirib.
Akif Nağı hesab edir ki, bu cür iş qrafikinin tətbiqi əməkdaşlarla işəgötürənlər arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilər:
“İşçi üçün fərqi yoxdur ki, həftənin hansı günündə istirahət etsin. Dördüncü, beşinci , yaxud birinci və ikinci gün istirahət edə bilər. Ona görə də bu məsələ mütləq nəzərə alınmalıdır. İşçi və işəgötürən arasında qarşılıqlı razılaşma əsasında müqavilə imzalanmalı, istirahət günləri əvvəlcədən təsbit olunmalıdır. Bu günlər daimi və ya sürüşkən qrafik əsasında tənzimlənə bilər. Əsas odur ki, həftə ərzində ən azı iki istirahət günü təmin olunsun. Həmin günlərin ardıcıl və ya fasilə ilə olması da müqavilədə əksini tapa bilər”.
Beləliklə, partiya sədrinin qənaətinə görə, xidmət sektorunda həftəsonu iş rejiminin genişləndirilməsi müştərilərin ehtiyaclarının daha rahat qarşılanmasına, müəssisələrin fəaliyyət imkanlarının artmasına və əməkdaşlar üçün alternativ istirahət qrafikinin formalaşmasına şərait yaradacaq.// Konkret.az























