Xəbər verdiyimiz kimi, Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında yoluxucu Hepatit A virusu yayılıb.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin yaydığı məlumata görə, “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir.
Busaat.az xəbər verir ki, , “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı “Yeni Müsavat”a açıqlamasında bununla bağlı konkret statistikanın olmadığını, lakin Hepatit A virusunun yayıldığı ilk gündən adıçəkilən qəsəbələrdə tədbirlər görüldüyünü deyib.
Qurum rəsmisi qeyd edib ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və “Azərsu” ASC-nin əməkdaşları tərəfindən şəbəkədə, fərdi yaşayış evlərində yerləşən su çənlərindən nümunələr götürülüb:
“Onların monitorinqi və təhlili aparılıb, tərkibi öyrənilib. Heç bir halda standartlardan kənarlaşma halları aşkar olunmayıb. Hepatit A virusunun yayılmasının su ilə heç bir əlaqəsi yoxdur. Həmin ərazidə yaşayan vətəndaşların iddia etdiyi kimi, suyun çirklənməsi, kanalizasiya suyunun içməli suya qarışması halları baş verməyib.
Onu da qeyd edim ki, həmin əraziləri içməli su ilə qidalandıran 54 Ramana su anbarı eyni zamanda Suraxanının digər və Sabunçunun böyük bir hissəsini içməli su ilə təmin edir. Həmçinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birgə profilaktik tədbirlər davam etdirilir”.
Xatırladaq ki, ötən ilin noyabr ayında Mingəçevir və Yevlaxda uşaqlar arasında sarılıq xəstəliyi yayılmışdı.