Horadiz-Ağbənd dəmiryol xətti üzrə layihələndirmə işləri bitib.
Bunu Busaat.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, dəmir yolunun inşası ilə bağlı işlərin isə 60%-i yerinə yetirilib.
“Tunellərdən birinin tikintisi bitib, ikinci tuneldə qazıntı işləri aparılıb.
Ümumilikdə Horadiz-Ağbənd dəmir yolu xətti boyunca yerli mühəndislərin layihələndirməsi əsasında 300-dən çox süni mühəndis qurğusu, 40-dan çox körpü, tunel, su ötürücüsü və qalereya tikilir. 110,4 km-lik Horadiz-Ağbənd dəmir yolunun əsas komponentləri arasında 771 metrlik dəmiryol körpüsü, ölkənin 1071 metrlik ən uzun dəmiryol tuneli və müstəqillik tariximizdə ilk qalereya (dəmir yolunu daş uçqunlarından qoruyan mühafizə örtüyü) yer alır.
Bu dəmir yolu xətti Naxçıvanla birbaşa nəqliyyat bağlantısı və Şərq-Qərb yükdaşımaları üçün yeni marşrutu təmin edəcək”, – deyə o qeyd edib.