Artıq universitetlərə qəbul imtahanları üzrə bütün ixtisas qruplarında blok imtahanlarının birinci cəhdi keçirilib.
Busaat.az xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də baş tutub.
Məsələnin aktuallığı nəzərə alınaraq bəzi insanlar sosial şəbəkələrdə müxtəlif aspektlərdən fikirlər səsləndirir. Belə şərhlərdən biri də süni intellektin sürətli inkişaf etdiyi dövrdə hümanitar yönümlü ixtisasların əhəmiyyətini itirməsi və texniki ixtisaslara üz tutmanın daha məqsədəuyğun olmasıdır.
Mövzu ilə bağlı danışan təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, necə ki, bizim mühəndislərə, iqtisadçılara – yəni 1-2-ci kursdan olan abituriyentlərə ehtiyacımız var, eyni zamanda digər ixtisas qruplarının məzunlarına da ehtiyacımız var ki, bu ixtisaslar da humanitar yönümlü ixtisaslardır:
“Əlbəttə, bu ixtisaslara bizim ehtiyacımız var. Amma əmək bazarının buna nə qədər ehtiyacı var? Hər il yüzlərlə, minlərlə məzunumuz olur. Bizim həqiqətən bu qədər humanitar ixtisasa ehtiyacımız varmı? Xeyr”.
Onun sözlərinə görə, universitetlər əmək bazarını araşdırmadan öz plan yerlərini artırırlar və plan yerlərini doldurmaq üçün belə ixtisaslar açılır, təsdiqlənir və tələbələr qəbul olunur.
A.Vəliyev bu ixtisaslardan məzun olanların daha sonra iş tapmaqda çətinliklə üzləşdiklərini də diqqətə çatdırıb:
“Bu səbəbdən humanitar ixtisasların bəzilərinin, mən deyərdim ki, ya proqramı, ya adı, ya da ixtisasın özü tamamilə dəyişməlidir”.
Adil Vəliyev: Humanitar ixtisasların bəzilərinin ya proqramı, ya adı, ya da ixtisasın özü tamamilə dəyişməlidir
Bir müddət sonra süni intellektin həyatımızın çox hissəsini əhatə edəcəyini vurğulayan ekspertə görə, süni intellektin bacara bilmədiyi şeylər var ki, onları insanlar davam edirəcək:
“Məsələn, müəllimlik peşəsini heç vaxt heç bir texnologiya, süni intellekt üzərində olan proqramlar əvəz edə bilməz. Eynilə də həkimlik…”
Müsahibimiz son olaraq qeyd edib ki, süni intellektin inkişafını əsas götürərək abituriyentləri texniki yönümlü ixtisaslara yönəltmək doğru deyil. Bunu isə uşaqların hamsının texniki fənləri eyni dərəcədə bilməməsi ilə əsaslandırıb:
“Elə uşaq var texniki fənləri yaxşı bilir, elə uşaq da var ki, humanitar fənləri. Ona görə onların bu bacarıqlarının istiqamətini doğru seçməliyik ki, ixtisas seçimində yanılmasınlar”.