“Hünəriniz varsa, Şəfiqə Məmmədovanı danışdırın

image-leyla12backend

Azərbaycan kino aktrisası, baletmeyster, xoreoqraf və pedaqoq Leyla Şıxlinskaya AzVision.az -ın həmsöhbəti olub. Xalq artisti bir neçə sualımızı cavablayıb.

-Leyla xanım, necəsiniz? Hazırda nə işlə məşğulsunuz?

-Bağda oturmuşam, ağaclara baxıram və həyatımla bağlı memuar yazmağa hazırlaşıram. Bundan əvvəl də baletlə bağlı 4 kitab yazmışam. İndi isə “Həyat, Leyla Şıxlinskya, dünən, bu gün, sabah” adlı kitab yazmaq istəyirəm. Fikirləşim, görüm nə yazacağam.

Kitabda kiçik yaşlarımdakı dövrə, balet məktəbinə getdiyim zamanlara, kinostudiyaya gəlişimə yer verəcəyəm. Artıq yazmağa başlamaq istəyirəm. Çətin olacaq. Bu dünyada o qədər iş görmüşəm ki, heç bilmirəm nədən danışım. Balet, digər tərəfdən kino, teatrşünaslıq, müəlliməlik, xareoqrafiya, klinika açmağım vəs. Gördüyüm işlər saymaqla bitmir.

– Eyni zamanda təbiətə çox bağlı insansınız. Bağınızda hansı ağaclara üstünlük vermisiniz?

-Tuya, Xan Çinarı, Liqustra, İtaliya leylandrası və s. Böyük ağaclardır. Qubadakı hotelimi meşəyə çevirmişəm. Bütün ili yaşıl olan ağacları sevirəm.

Ağaclara şəxsən qulluq edirsiniz?

-Bilirsən mənim neçə yaşım var? Məgər mənim 18 yaşım var ki, ağcalara şəxsən qulluq edim? Mən özümü direktor kimi aparıram. Bitkilərlə bağlı kitablar oxumuşam. Buna uyğun da tapşırıq verirəm ki, elə əkin, belə becərin vəs.

-Çoxdandır sizi görmürük. Əminəm ki, 18 yaşınızdakı kimi gözəlliyinizi saxlamısınız.

-Normalam. Həkimin yanına məsləhətə getmişdim. Orada məni görüb dedilər, ay Leyla xanım, nə qəşəngsiniz, nə gözəlsiniz. Bunu özüm öz haqqımda desəm, gözəl görünməz. Normalam, babatam, kifr deyiləm.

– Daha çox harada olursunuz?

– Daha çox təyyarədə oluram. Gah Rusiyada, gah Dubayda, gah da Bakıda yaşayıram. Əsasən Bakıda oluram.

Çox vaxt səfərlərdə olursunuz. Bəs Qubadakı hoteli necə idarə edirsiniz?

-Mən idarə etmirəm. Yaxşı insanlar var ki, onlar idarə edir. Mən sadəcə nəzarət edirəm. Doğrudur, buna qədər məni aldadanlar da oldu. Ancaq onları bu işlərdən uzaqlaşdırdım.

– Bir qız, bir oğul övladınız var. Ən çox hansı ilə birgə yaşayırsınız?

– Qızım Sinqapurda, oğlum isə Moskvada yaşayır. 4 nəvəm var. Yeni ili qızımla birlikdə Sinqapurda keçirdim. Bir az Bakıda qalandan sonra Moskvaya nəvələrimi görməyə gedəcəyəm. Onlar üçün darıxmışam.

Leyla xanım daha bir sualım var idi…

-Yoruldum, bəsdir. Hünəriniz varsa, gedib aktrisa Şəfiqə Məmmədovanı danışdırın.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki