“İran bu təlimlərlə Türkiyə və Azərbaycana mesaj verir” – EKSPERT RƏYİ

image-9b01b371-1148-4464-9ab4-5fad036131c7_w1200_r1backend

Zəngəzur koridorunun açılmasının zəruriliyi yenidən bölgə dövlətlərinin və dünya gündəminin əsas məsələlərindən birinə çevrilib. Eyni zamanda Cənubi Qafqazda, xüsusən də Azərbaycan və Ermənistan arasında davam edən problemlərin fonunda və bu problemlərin birdəfəlik həllini nəzərdə tutan sülh və normallaşdırma danışıqlarının səmərəliliyinin artması ilə bölgədə fərqli mənzərə formalaşıb.

Ancaq siyasi ritorikalarda hər nə qədər ümid verici bəyanatlar eşidilsə də, əməldə bu bəyanatların reallaşdırılması istiqamətində ciddi addımlar atılmadığı görünür.

Belə təzadlardan birinə, Azərbaycanın cənub qonşusu İran tərəfindən tez-tez rast gəlinir. Belə ki, İran siyasi elitası hər nə qədər sülh və normallaşdırma prosesini dəstəklədiklərini ifadə etsə də, əməldə tam fərqli mənzərə görünür. Məsələn, elə dünən İran ordusu Azərbaycan sərhədlərində hərbi təlimlərə start verib.

Geosiyasi vəziyyətin bu qədər gərginləşdiyi zamanda İranın bu addımının nəyə hesablandığı və bölgənin siyasi həyatına necə təsir edəcəyi barədə Busaat.az hərbi məsələlər üzrə ekspert Elxan Şıxəliyevin fikirlərini öyrənib:

image-2021-09-03_142240

“Ümumiyyətlə hərbi təlimlər iki cür olur. Biri planlı təlimlər, digəri planlanmamış təlimlər. İndiki vəziyyətdə İranın şimal sərhədlərində təlimlər keçirməsində əslində mesaj var. Mesaj iki istiqamətdədir. Birincisi, Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqları zamanı Azərbaycanın Ermənistandan Zəngəzur koridorunun açılması və s. kimi istəkləri İranın maraqlarına ziddir. İran siyasiləri də bir neçə dəfə bunu deyiblər. İndiki halda İranın Ermənistan sərhədlərində təlimlər keçirməsi güc göstəricisidir. Bu əslində Azərbaycana və Türkiyəyə yönəlmiş mesajdır. İkinci mesaj isə Ermənistanın özünə yönəlib. Ermənistana yönələn mesaj nədən ibarətdir? Bilirsiniz ki, Aİ Ermənistana 50 nəfərdən ibarət texniki heyət göndərib. Onun tərkibində amerikalılar da olacaq. Aİ-nin göndərdiyi texniki heyət təlimdən çox kəşfiyyat xarakterli məlumatlar toplayacaq.

İran bu ehtimalları düşünür və çox narahatdır. Təbii ki, İran istəməz ki, Aİ-nin nümayəndələri Ermənistanda mövcud olsunlar. Bunu əngəlləmək üçün İran artıq Ermənistanın cənubunda konsulluqlar açıb. Eyni zamanda, əgər Azərbaycan strateji partnyoru Türkiyə ilə Zəngəzur koridorunun açılması məsələsində güc tətbiq edərsə İran bu məsələyə müdaxilə edəcəyinə dair mesajlar verir. Həmçinin, İran demək istəyir ki, o cənub sərhədlərində kommunikasiya xətlərinin açılmasını asanlıqla qəbul etməyəcək. Siyasi yollarla bu məsələ həll oluna bilərmi? Əlbəttə, bunun həlli yolları var. Ermənistan özü koridoru açmaq istəsə açar. Amma Ermənistan da bu məsələdə konkret deyil. İndi gərginlik cənubi Qafqazda Zəngəzur koridorunun açılıb açılmaması üzərində baş verəcək. Biz bilirik ki, Azərbaycan və Türkiyə bu koridorun açılmasında maraqlıdırlar. Fransa, İran, Ermənistan isə, koridorun açılmasında maraqlı görünmür. Ona görə də, Zəngəzur koridorunun açılıb açılmaması üzərində gərginlik davam edəcək. Üstəgəl, xatırlamaq yerinə düşər ki, Ermənistan Baş naziri 10 Noyabr 2022-ci ildə imzalanmış müqaviləni elan edərkən, mediyaya müsahibəsində demişdi ki, Ermənistan tərəfi koridorun açılması üçün çalışacaq. Amma bu sözünü tutmadı. Əslində bizim niyyətlərimiz bəllidir: sülh müqaviləsi imzalamaq və tranzit xətlərin açılmasına nail olmaq”.

Ekspert Naxçıvanla Azərbaycanın digər bölgələri arasında quru sərhədlərinin açılması məsələsinə də toxunub: “Onsuz da Naxçıvan ilə quru yollarımız var. İran vasitəsilə Naxçıvana quru yolunu istifadə edirik. Beləcə, İran iqtisadiyyatına çox böyük töhfə veririk. İran bu koridorun açılmasından sonra bu rüsumlardan məhrum olacaq. Ona görə İran çalışır ki, bu koridor açılarsa, Ermənistan ərazisindən deyil, İran ərazisindən keçsin. Beləcə İran Azərbaycanla Ermənistan münasibətlərində öz mövqeyini açıq-aşkar ortaya qoyur. Ermənistanın deyil, öz maraqlarını düşünür. Bu koridor İran ərazisindən keçərsə, İran çox böyük gəlir əldə edəcək”.

Ekspert həmçinin İranın hərbi güc istifadəsi ehtimallarını da dəyərləndirib: “İran indi çalışır ki, sakit şəkildə öz maraqlarını təmin etsin. Güc istifadə etmək niyyətlərinin olduğunu düşünmürəm. Nəyə görə? Çünki belə niyyəti olsaydı, 2020-ci ildə, müharibə zamanı müdaxilə edərdi. O zaman İranın daxilində stabillik vardı, bugün isə, İranda rejim əleyhinə kütləvi etirazlar keçirilir. Zəngəzur koridoru məsələsində Azərbaycan və Türkiyə hansısa addımlar atarsa, İran da məcbur orada öz varlığını göstərəcək. Əslində indiki situasiyada İran da məsələlərə ehtiyatlı yanaşacaq. Həm Avropanın Ermənistana maraq göstərməsi, həm də İranın öz daxilində stabilliyi bərpa etmək niyyətləri İran üçün əsas təşkil edir. İran əvvəlcə bu kimi problemlərin həllinə çalışacaq. Yalnız bundan sonra Azərbaycan əleyhinə hansısa addımlar gözləyə bilərik. Əks halda, düşünmürəm ki, İran daxildə problemlər yaşayarkən fors-major hallarda açıq şəkildə tərəf olsun”.

Busaat.az

Ariz Həsənoğlu

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki