Yaxın vaxtlarda Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət yolunun işə salınması üçün üçtərəfli görüş baş tutacaq. Görüş İranda keçiriləcək.
Məlumata görə, üç ölkənin nəqliyyat sektorunun nümayəndələri Çabahar limanının infrastrukturu ilə tanış olacaqlar. Həmçinin, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər.
İran və Hindistan Zəngəzur dəhlizinə alternativ yolları mütəmadi gündəmə gətirirlər. Ermənistan rəhbərliyi də məlum “sülh qovşağı” proyektini dəfələrlə müzakirə predmetinə çevirib və reallaşması üçün dəstək istəyib. Ancaq üç ölkənin həyata keçirməyə çalışdığı yeni dəhlizin reallaşma ehtimalı o qədər böyük deyil. Səbəbi həm çox vəsait tələb etməsi, həm də iddia edildiyi qədər rentabelli olmamasıdır.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Busaat.az-a açıqlamasında deyib ki, İran, Ermənistan və Hindistan “sülh qovşağı” nəqliyyat və ticarət layihəsini reallaşdırmaq niyyətində olsalar da, bunun önündə ciddi əngəllər var.
Onun sözlərinə görə, sözügedən proyektin həyata keçməsi üçün milyardlarla dollar vəsait tələb olunur:
“Məlum məsələdir ki, Ermənistanın iqtisadi vəziyyəti pisdir və hansısa nəhəng layihəyə ortaqlıq etmək üçün yetərli maliyyə imkanlarına sahib deyil. Hindistan isə Türkiyə, Pakistan və Azərbaycan üçlüyünün layihələrinə cavab olaraq özünə müttəfiq seçdiyi Ermənistana dəstək verir, arxa çıxır. İran da həm Hindistanın təhriki ilə, həm də öz maraqlarına uyğun gəldiyi üçün “sülh qovşağı” layihəsini müdafə edir”.
Müsahibimiz qeyd edib ki, əlbəttə, bunların hamısı hələlik söz-söhbətdir. Üç ölkə sadəcə layihəni gündəmə gətirir və reallaşması istiqamətində heç bir əməli addım atmırlar:
“Çünki hər üç dövlət kifayət qədər maliyyə tələb olunduğunun və perspektivinin olmayacağının fərqindədirlər. Perspektivi ona görə yoxdur ki, Qərb ölkələri, ABŞ və Avropa dövlətləri Zəngəzur dəhlizinə alternativ hansısa yolun yox, məhz Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Regionun əsas söz sahibləri – Azərbaycan və Türkiyə, eləcə də Rusiya və Çin Zəngəzur dəhlizinin açılmasını istəyirlər. Bu layihə həm daha realdır, həm də tez zamanda həyata keçirilməsi mümkündür. Hindistan, İran və Ermənistanın hazırladığı layihə elə proyekt olaraq qalacaq”.
Arzuxan Əlizadə: Üç ölkə layihəni gündəmə gətirir, reallaşması istiqamətində heç bir addım atmırlar
A.Əlizadə vurğulayıb ki, İran onsuz da Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil və bunu hər fürsətdə dilə gətirir:
“İran Zəngəzur dəhlizinə alternativ olacaq yolun öz ərazisindən keçməsini istəyir. Bilirsiz ki, Azərbaycan və İran arasında alternativ yolla bağlı bir razılaşmadan da söhbət gedir. Lakin Tehran hökuməti narazı olmasından asılı olmayaraq, heç bir halda Zəngəzur dəhlizinin açılmasına maneçilik törədə bilməz. Vurğuladığım kimi, dünyanın aparıcı gücləri, əsas ölkələrin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi birmənalıdır”.