İran regionda Azərbaycanın güclənməsindən narahatdır

image-16670422842708924037_1000x669backend

Vətən müharibəsində qazandığımız Qələbə regionun arxitekturasını yenidən formalaşdırdı, bölgədə canlanma yaratdı. Yeni dünya nizamının güc yolu ilə formalaşdırılması fonunda dövlətlər arasında qütbləşmə daha da dərinləşdi. Belə ki, əvvəllər gizli əməkdaşlıq edən ölkələr artıq sıx münasibətlərini açıq şəkildə bəyan etmək məcburiyyətində qaldılar. Neytral qalmağa çalışan, balanslı siyasət yürütmək istəyən ölkələr istəsələr də, gizlilik tendensiyasını davam etdirə bilmədilər. Qlobal güclər də perspektivləri nəzərə alaraq, uzunmüddətli planlar qurub bir neçə istiqamətdə siyasət həyata keçirirlər. Onlar üçün problemin həlli deyil, daha çox mənfəət qazanmaq prioritetdir. Biz bunun ən bariz nümunəsini ATƏT-in Minsk qrupunun timsalında gördük. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi illərdən bəri mütəmadi şəkildə Qarabağa səfər edən ATƏT-in Minsk qrupunun həmsədrləri bütün həqiqətləri bilirdilər. Lakin susdular və torpaqlarımızın işğalının davam etməsinə, soydaşlarımızın qətlə yetirilməsinə, tarixi-mədəni abidələrimizin dağıdılmasına, mənimsənilməsinə göz yumdular. Bu, onu deməyə əsas verir ki, dünyada beynəlxalq ədalət prinsipləri həqiqətən işləmir, insan hüquqları hər dövlətə aid edilmir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasına dair qətnaməsi bunu bir daha sübut edir. BMT Təhlükəsizlik Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın Qarabağ ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu tanımışdı. Lakin buna baxmayaraq, heç bir beynəlxalq təşkilat və dövlət Ermənistan silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması üçün ciddi səy göstərmədi. Buraya sanksiyalar, əlaqələrin kəsilməsi, iqtisadi təzyiqlər, hətta hərbi gücün tətbiqi də aid edilə bilərdi. Bunun əksinə olaraq, düşmən silahlandırılırdı. Ermənistanı hərbi-texniki cəhətdən silahlandıranlar arasında təəssüf ki, qonşu ölkələr də var. Həmin dövlətlər təkcə Ermənistanı silahla təmin etməyib, həmçinin ermənilər tərəfindən ərazilərimizdə becərilən narkotik vasitələrin dövriyyəsini də həyata keçiriblər. Bundan əlavə, təbii sərvətlərimiz, infrastruktur obyektlərimiz ermənilər tərəfindən istismar olunub və ya həmin qonşu ölkələrə satılıb.

İran Azərbaycanın güclənməsindən narahatdır

image-344cbddd-65b9-41bc-aa0b-ca72252471d0

Azərbaycan işğaldan azad etdiyi Zəngilan rayonunda hava limanının açılışını etdiyi günlərdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistana səfər çərçivəsində Qafan şəhərində ölkəsinin baş konsulluğunun açılışında iştirak etdi. Həmçinin o, konsulluğunun açılış mərasimində İran hökumətinin Ermənistanın Təbriz şəhərində baş konsulluğunu açmağa hazır olduğunu da bildirdi. İki ölkə arasında mübadilələrin həcminin 1 milyard dollar səviyyəsinə yüksəldilməsi də müzakirə predmeti kimi diqqəti çəkdi. Hüseyn Əmir Abdullahian dedi ki, İran Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edir, Ermənistanla əməkdaşlıqda maraqlıdır.

Bütün bu proseslər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirakı ilə eyni günlərə təsadüf etdi. Demək ki, İran və Ermənistan regionda Azərbaycan-Türkiyə qardaşlığına alternativ irəli sürmək niyyətini göstərmək istəyir. Belə anlaşılır ki, İran Ermənistanla din qardaşı olan Azərbaycan əleyhinə birləşir. Əlbəttə, molla rejiminin qorxusu Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən sonra daha da artıb. Təbii ki, rəsmi Tehranın narahatlığı çoxşaxəlidir. Buraya Zəngəzur dəhlizinin açılması, Azərbaycanla Türkiyənin quru əlaqəsinin yaranması, ticarət yollarının dəyişməsi, ölkəmizin güclənməsi fonunda İranda yaşayan 35 milyondan çox həmvətənlərimizin ruhlanması və digər məsələlər daxildir. Çünki İran əhalisinin təqribən 40 faizdən çoxu soydaşlarımızdır və onların hüquqları tapdalanır. Lakin ölkədəki azərbaycanlılardan qat-qat az olan ermənilər üçün demək olar bütün imkanlar yaradılıb. Belə ki, İranda ermənidilli məktəblər, qəzetlər, hətta saxta “erməni soyqırımı” abidəsi var. Özlərini məzlum müsəlmanların müdafiəçisi kimi göstərən qonşu ölkə rəsmiləri dediklərinin əksinə olaraq, terrorçunun, işğalçının yanındadırlar. Onlar illərlə terrora, işğala məruz qalan din qardaşını isə indi təhdid edirlər.

Təbii ki, Zəngəzur dəhlizinin açılması Şərqdən Qərbə qısa yol olmaqla, yükdaşımaların İran ərazisindən yan keçməsini təmin edəcək ki, bu, cənub qonşumuzun maraqlarına uyğun gəlmir. Halbuki, əgər İran istəsə, açılacaq Zəngəzur dəhlizindən faydalana bilər, amma bu cür qeyri-adekvat davranışlar onun özünə ziyan verəcək.

İranın İslam dəyərlərinə hörmətsizliyi

Özünü İslam respublikası adlandıran İran inancını siyasi alət vasitəsi kimi istifadə edir. Din qardaşları haqsız yerə öldürüləndə, ərazisi işğal ediləndə, məscidləri dağıdılıb orada heyvan saxlanılanda İran bu prosesə heç bir müdaxilə etmədi. Hətta ermənilərlə əməkdaşlıq edərək ərazilərimizin talanmasına kömək göstərdi. Törətdiyi çirkin əməlləri davam etdirən qonşu ölkə bir neçə gün əvvəl Araz çayı sahilində hərbi təlimlərə başladı. Zaman və məkanı Azərbaycana təzyiq vasitəsi kimi istifadə etmək niyyəti güdən İran Vətən müharibəsindən sonra üçüncü və ən böyük SEPAH təlimini həyata keçirdi. İlk dəfə olaraq isə Araz çayı üzərində avadanlıq və qüvvələrin ötürülməsi üçün üzən körpü quraşdırıldı. Bəlli məsələdir ki, böyük hərbi təlimin geosiyasi tərəfi Zəngəzur dəhlizi məsələsində Azərbaycana təzyiq göstərməkdir. Çünki biz bununla bağlı İran tərəfindən “regionda sərhəd dəyişikliyini qəbul etməyəcəyik” kimi fikirlər eşitmişik. Bəs 30 il müddətində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı bu cür təzyiqlər niyə olmadı? Son proseslər tərəfləri birbaşa, daha açıq şəkildə müəyyən etdi. Avropa ölkələrinin ikiüzlü siyasəti bəllidir. Amma İslam adından istifadə edən İran saxtakar münasibətini növbəti dəfə büruzə verdi. Bu isə uzun illər yaxşı qonşuluq siyasəti prinsipinə sadiq qalan Azərbaycana qarşı qeyri-adekvat münasibətdir.

Elmir Səftərov
Siyasi şərhçi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki