İrandakı etirazlar inqilabla nəticələnə bilər? – TƏHLİL

image-632bf282d265a20d704c184bbackend

Müasir dünyamızda insanların şəxsi seçimlərində hür qərar vermək haqqı normal qarşılanan və beynəlxalq təşkilatlar, həmçinin dövlətlərin yerli qanunları ilə nizamlanan əsas insan hüquq və azadlıqlarının bir parçasıdır. Elə İranda da guya insanların əsas hüquq və azadlıqları qorunur, ancaq paraleldə təzadlı şəkildə insanların geyimlərinə qarışacaq saxta qanunlar tətbiq edilir.

Bu qanunlar ona görə saxta sayılmalıdır ki, bir çox beynəlxalq təşkilatın üzvü olan İran, guya həmin təşkilatların bütün dünya üçün nəzərdə tutulmuş əsas qanunlarını icra etmək barədə öhdəliklər götürüb. Belə olduqda, geyimə qarışmağı hədəfləyən bütün yerli qərarlar beynəlxalq hüquq müstəvisindən illeqal sayılır.

Bir müddət əvvəl isə, bu illeqal vəziyyət İranda 22 yaşlı Məhsa Əminin ölümünə səbəb olub. Gənc qız baş örtüsünü tam bağlamadığı üçün polis zorakılığına məruz qalıb və saxlanıldıqdan üç gün sonra ölüm xəbəri yayılıb.

Məhsanın ölümü İranda gözlənilmədən geniş xalq kütlələrinin etirazına səbəb olub. İlk başlarda dinc etirazlar olaraq başlayan bu nümayişlər, polis zorakılığından sonra bəzi bölgələrdə silahlı insidentlərə səbəb olub və etirazların həcmi böyüyüb. Artıq polis özbaşnalığına qarşı təşkil edilən dinc nümayişlərin istəkləri dəyişib. İndi əsas istəklər İranda rejimin dəyişilməsi ilə əvəzlənib.

Bəs bu mümkündürmü?

Cavabı verməzdən əvvəl dünyanın böyük dövlətlərinin regiondakı maraqlarını xatırlamaq yerinə düşər. Məsələn, Fransa İranda ani bir dəyişikliyi istəməyəcək. Çünki həm bölgədə, həm dünyanın bir çox nöqtələrində Türkiyə və Azərbaycana düşmən münasibət bəsləyən rəsmi Paris ehtiyyat edir ki, İranda yeni rejim qurularkən hər şey fars şovenizmindən alınıb, türklərin əlinə keçə bilər. Hətta ən pis halda Güney Azərbaycan öz milli müqəddəratını özü təyin edər və ortaya daha güclü – Bütöv Azərbaycan dövləti çıxar..

ABŞ da hazırda bölgədə dəyişikliyə hazır deyil. Ukrayna və Cənubi Qafqazda maraqlarını təmin edə bilməyən ABŞ, uzaq Şərqdə Çinə uduzur. Hazırda ABŞ-ın xarici siyasətində həllini gözləyən onlarla problem var. İranda dəyişiklik olarsa, bu ABŞ-a daha ciddi problemlər gətirmə ehtimalına malikdir. Halbuki İranın indiki rejimi ABŞ üçün zərrə qədər təhlükə sayılmır…

İngiltərənin İranla siyasətinin hansı səviyyədə olduğunu anlamaq çətindir. Siyasi addımlarından görünür ki, bu iki ölkənin maraqları üst-üstə də düşmür. Ancaq iki ölkə heç vaxt üz-üzə gəlməyib. Hər halda İngiltərə üçün İranda rejimin dəyişib dəyişməməsi maraqlı deyil. İran necə ki, ABŞ-a təhlükə yaradacaq önəmə sahib deyil, rəsmi London üçün də baş ağrısı ola bilmir.

Rusiya və Çin kimi güclər isə, İrandakı rejimin dəyişməsinə ən az ABŞ və Fransa qədər istəksiz yanaşacaq. Çünki hər iki ölkə İranla strateji tərəfdaşdır. Hətta Çin İranından gələn ucuz enerji mənbələri sayəsində sərvətinə sərvət qatır. Rusiya isə, geopolitik maraqlarının təşkilində İrandan istifadə etməyi bacarır.

İndi İrandakı hadisələri “Ərəb baharı”na bənzədib yanlış dəyərləndirmələr aparmaq lazım deyil. Ona görə ki, Ərəb ölkələrindəki xalq kütlələrinə xarici qüvvələr həledici dəstək verirdilər. Bu dəstəklər tək dövlətlər tərəfindən deyil, Google, Facebook kimi şikətlər tərəfindən də edilib. Az əvvəl dediyimiz kimi, İranda xalq kütlələrinə dəstək verəcək ölkələr, burada rejim dəyişikliyinə hazır deyil.

Heç daxili amillər də rejim dəyişikliyi üçün nəsə vəd etmir. Etirazlar zamanı maraqlı bir neçə nüans ilə qarşılaşırıq. İranın heç bir ordu qrupu, xüsusilə SEPAH kütləvi etirazlara adəti üzrə, yəni vəhşicəsinə cavab verib xalqı qorxudaraq etirazlara son verilməsinə başlamayıb. Halbuki adət etmişik ki, İranda rejim ən xırda etirazları belə qan ilə yatırmağa adət edib. Düzdür əhaliyə qarşı zorakılıq hallarına rast gəlirik, ancaq bu zorakılıq halları kütləvi və əvvəlki illər yaşanan etirazlardakı qədər geniş deyil.

Burada üç prizmadan mümkünlük görünür:

1. Rejim hesablayıb ki, insanlara qəddarlıqla qarşılıq vermək əks təsir göstərə bilər. Yəni, həmişə ölümdən qorxub çəkilən xalq indi daha da aqresivləşər.

2. Hər şey nəzarətdədir, rejim etirazları özü üçün təhlükəli saymır.

3. Rejim daxilində çəkişmələr olduğu üçün, etirazları necə yatırmaq barədə yekun qərar verilə bilmir.

İkinci ehtimal çox zəifdir. Çünki ən adi etiraza belə vaxtında müdaxilə edilməsə hər an daha böyük fəsadlara səbəb verə bilər. Birinci ehtimal isə, öz aktuallığını qoruyur. İranda bundan əvvəl daha geniş və daha yıxıcı üsyanlar olub, həm də belə üsyanların bəziləri birbaşa İranın parçalanmasına hesablanmış siyasi motivli üsyanlar olub. Ancaq İranın təhlükəsizlik qüvvələri ən kritik anda müdaxilə edib, yüzlərlə qurban hesabına bu üsyanları yatırıb.

Əsas diqqət edilməsi gərəkən üçüncü versiyadır. Bilirik ki, ayətullahçılarla prezidentçilər arasında həmişə rəqabət olub. Bu rəqabət İranda Əhmədi Nejat kimi lideri siyasətdən uzaqlaşdırıb. Rəisinin prezident olması ilə prezidentçilər ayətullahçılarla mübarizədə daha uğurlu kimi görünürlər. Bu isə, rejim daxilində ikibaşlılıq yaradıb.

Həm də ki, İran prezidenti İbrahim Rəisi Məhsanın ölümünün xüsusi araşdırılması barədə tapşırıq versə də, Ayətullah Xamneyi və tərəfdarları susub. Bu özü də elə Məhsanın ölümü hadisəsində iki qrupun ortaq nöqtədə olmadığını göstərir. Ümumiyyətlə, birinci versiyada İranda rejimə zərər gələcəyini gözləmək sadəlövlük olar. Əslində üçüncü versiya daha cazib görünsə də, birinci versiya reallığa daha yaxındır. Çünki rejim xalqdakı nifrəti görür və daha çox nifrət qazanmamaq üçün daha sakit üsullarla etirazların səngiməsini gözləyir.

Eyni zamanda, etirazları uğursuzluğa düçar edəcək başqa bir məqam var: etirazlar plansız başlayıb və vahid mərkəzdən idarə edilmir. Ümumiyyətlə etirazlar idarə edilmir. Vahid mərkəzə toplanmadan isə, böyük məqsədlərə çatmaq mümkünsüzdür. Etirazçıların vahid mərkəzdə toplamaq üçün hər hansı addım atdığını görmürük. Ən əsası, etirazçıları vahid mərkəzə toplayacaq lider yoxdur.

Bütün hallarda, İranda rejim devrilməsə də ölkə geosiyasi rəqabətdən uzaq düşəcək və bu onu regional məsələlərdə geri salacaq…

Busaat.az Analitika Mərkəzi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90