İran İraqın şimalında yerləşən separatçı Komele və İran Kürdüstanın Demokratik Partiyasının (İKDP) təşkilat mərkəzlərini artilleriya atəşi ilə vurub.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi dövlət xəbər agentliyi İRNA, İnqilab Keşikçiləri Ordusundakı mənbəyə istinadən yayıb. Məlumata əsasən, İraqın şimalında yerləşən qrupların qərargahı İnqilab Keşikçiləri Ordusu Quru Qoşunları bölmələrinin artilleriya hücumları ilə bombalanıb. İran tərəfi sözügedən təşkilatların son günlər İran ərazisinə soxularaq ölkənin şimal-qərbindəki bəzi sərhəd məntəqələrinə hücum etdiyi bildirib.
Yarı rəsmi xəbər agentliyi Fars isə, bu təşkilatların ölkədə xaos yaratmaq məqsədilə sərhəd bölgələrinə silahlı qruplar və çoxlu sayda silah göndərdiyini, İnqilab Keşikçiləri Ordusunun mövqelərini vurduğunu bildirib.
Qeyd edək ki, İranın terror təşkilatı hesab etdiyi Komele və İKDP təşkilatları illərdir İraq Kürdüstanı Bölgə Hakimiyyətinin nəzarətində olan ərazilərdəki düşərgələrə sığınırlar.
Busaat.az