İranın bitməyən oyunları: Tehran Niyə Bakını hədəf alır? – TƏHLİL

image-azerbaycan-iran-getty-1756374_2backend

İran Qarabağ müharibəsinin ilk günlərindən bu günə qədər xarici siyasətini Bakının maraqlarına zidd şəkildə qurub. Elə bu zidiyyət indi də davam edir. Məsələn, 1988-1994-cü illərdə Ermənistan tərəfinin işğal siyasəti nəticəsində sərhədlər dəyişildiyi zaman İran bölgədəki dəyişikliyə səsini çıxarmayıb, bu səssizliyi ilə işğala haqq qazandırıb. Elə ondan əvvəl və həmin illərdə azərbaycanlıların kütləvi şəkildə öz tarixi yurdlarından qovulması kimi insan haqları məsələlərinə toxunmayıb, bölgədə sülh və sakitliklə bağlı ötəri açıqlamalarla kifayətlənib. Diplomatik missiyalar təşkil etsə də, bu missiyaların sonunda həmişə Azərbaycan tərəfi zərərli çıxıb. Elə Şuşa və Laçının itirilməsi İranın diplomatik səyləri nəticəsində guya cəbhədə atəşkəs razıllaşmalarının əldə edilməsindən sonra baş verib.

Daha sonralar, xüsusilə “Aprel döyüşləri” və “Vətən müharibəsi” zamanlarında İran tərəfi Azərbaycanın uğurlu əks-hücumlarının gedişində açıqlamalarını sərtləşdirib və bölgədəki sabitliyin poulmasını Azərbaycan tərəfi ilə əlaqələndirib. Düzdür, İran Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib, ancaq suverenliyini bərpa etmək istəyən Azərbaycana qarşı hər zaman qərəzli mövqedə dayanıb və uğurlu əməliyyatları davam etdirmək üçün maneələr törədib.

Son zamanlar, xüsusən Azərbaycan ordusu Qarabağda işğala son verdikdən sonra İranın ritorikası tamamilə dəyişib. İran indi Azərbaycan tərəfinə xəbərdarlıq etmək tonunda “Ermənistanın təhlükəsizliyi bizim qırmızı cizgimizdir” deyir.
Halbuki Azərbaycanı özünə qardaş “bilən” İran tərəfi 30 ildir Azərbaycan torpaqlarının işğalı zamanı bir dəfə də olsun Ermənistana işğal ilə bağlı nə sərt, nə yüngül formada xəbərdarlıq edib.
Qərəzli digər məqam odur ki, İranın bu çağırışları əsassızdır. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, onun Ermənistana qarşı ərazi iddiaları yoxdur və ancaq öz suverenliyini təmin etməyə çalışır. Belə olan halda bizə bəlli olur ki, əslində İranın qırmızı cizgisi Ermənistan dövləti deyil, Qarabağda işğalın davam etməsidir.

Bəs niyə İran Azərbaycanın öz suverenliyini bərpa etməsindən qorxur?

Bu suala üç fərqli prizmadan cavab verə bilərik:

1. Azərbaycanın güclənmməsi İranın regional maraqlarına kölgə salıb. Məhz bunu hesablayan İran tərəfi yaxşı başa düşür ki, suverenliyini bərpa edən Azərbaycan daha sürətli inkişafı təmin edəcək və Qarabağ problemi üzərindən bölgəyə, xüsusən Azərbaycana təsir imkanları əldə edən İran bu kimi əsas təsir vasitəsini itirmiş olacaq. Ona görə də, həm Azərbaycanın inkişafını əngəlləmək, həm də İranın bölgədəki təsir imkanlarını qoruyub saxlamaq üçün Qarabağ probleminin həlli uzadılmalı, mümkün olduğu qədər əngəllənməlidir.

2. İran Qarabağda qaçaqmalçılıq yolu ilə qazandığı milyonları itirib. Heç kəsə sirr deyil ki, işğal edilmiş Azərbaycan torpaqları qanunsuz əməllərin mərkəzinə çevrilib. Buradan dünyaya qaçaqmalçılıq yolu ilə müxtəlif məhsullar daşınıb və işğal faktı bunun üçün ideal zəmin hazırlayıb. Bu qaçaqmalçılıqdan bir çox ölkələr qazanclı çıxıb ki, onlardan biri də məhjz İran tərəfidir. İndi Qarabağda işğala son verilməsi İranı belə ciddi gəlir mənbəyindən məhrum edib. Bu isə, Tahranda xoş qarşılanmır. Həm milyonlar itirib, həm də cinayətləri aşkara çıxıb…

3. İran Cənubi Azərbaycanda milli fəalların ruhlanacağından ehtiyat edir. Bu versiya həmişə öz aktuallığını qoruyub və indi də əsas səbəb kimi önümüzə çıxır. Çünki Cənubi Azərbaycan milli fəalları hər zaman Bakıya ümid yeri kimi baxıblar. Zəif Bakı bu ümidləri qırır və Cənubi Azərbaycanda milli hərəkata mənfi təsir göstərir. Çünki Cənubda düşünürlər ki, öz ərazilərini işğaldan qurtara bilməyən Bakı onlara ümumiyyətlə dəstək verəcək iqtidara sahib deyil. Ancaq Bakının öz suverenliyini təmin etməsi cənubdakı milli fəalları da ruhlandırıb. Xüsusilə Bakının gözəçarpan inkişafı Cənubda böyük ümidlər doğurub və bu amil İran administrasiyasını narahat edib. Ona görə də İran var gücü ilə çalışır ki, Bakını zəiflətsin və hətta mümkün olarsa özündən asılı hala salsın.

Ancaq hər üç versiyada İranın narahatlıqlarının əbəs yerə olduğunu bildirmək olar. Çünki rəsmi Bakı dəfələrlə bəyan edib ki, o sərhədlərində münaqişə istəmir, hər kəslə mehriban qonuşuluq siyasətində yaşamaq və regional inkişafa nail olmaq istəyir. Belə olan halda, İran rəhbərliyinin anti-Azərbaycan siyasətinin davam etməsinin sadəcə bir adı var: milli ədavət!

İrandakı fars rejimi siyasi məsələlərə sadəcə milli müstəvidə yanaşır və ona görə də Azərbaycanı onun mövqeyinin nə olmasından asılı olmayaraq düşmən qəbul edir. Bu isə, kindarlıqdır və siyasətdə belə yanaşmalar cılızlıqdır. Bu kimi cılız yanaşmalar həmin tərəfin sadəcə özünü geri salır, özünə zərərlər verir. Çünki rəsmi Tehrandan davamlı anti-Azərbaycan siyasəti görən rəsmi Bakı məcbur qaqlır ki, öz siyasi addımlarını bu reallığı nəzərə alaraq atsın. Yəni İran tərəfi özü məcbur edir ki, Azıərbaycan xarici siyasətini müəyyən edərkən İranı dost yox, rəqabətdə olan ölkə olaraq dəyərləndirsin. Bu isə, ölkələr arasındakı münasibətlərə ciddi zərər verəcək.

Tehran artıq regional məsələləri düzgün qiymətləndirməlidir. Azərbaycana qarşı olan siyasi addımlarından yan keçib qarşılıqlı əməkdaşlıq və inkişafa fokslanmalıdır. Əks təqdirdə Azərbaycandan daha çox İranın zərərli çıxacağı mütləqdir.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90