Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.
Busaat.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü R.M-nin hərəsi 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə cinayətkar qruplaşmanın şöbə müdirini hansı üsulla öldürdükləri də məlum olub.
Bəlli olub ki, qruplaşma əvvəlcə Bəyaz Cabbarovun evinin önünə gələrək elektrik sayğacına müdaxilə ediblər. Elektrik verilişinin kəsildiyini görən həkim evin önünə çıxıb və bu zaman Fəxri Allahverdiyevlə R.M ona qarşı zorakılıq ediblər. Daha sonra Bəyaz Cabbarovu zorakı üsulla evə aparan qruplaşma üzvləri, onu döşəmənin üstünə yıxıblar. Cinayətkarlar şöbə müdirindən evdə olan pulların yerini soruşublar. Həkim isə yalnız üzərində pul olduğunu, bunu onlara verə biləcəyini deyib.
Bəyaz Cabbarovun evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini onlara deməyəcəyini bildikdən sonra, quldurlar onu xüsusi amansızlıqla qətlə yetiriblər. Həkimə ümumilikdə 17 bıçaq zərbəsi endirilib.
Qeyd edək ki, cinayətkar qruplaşma həkim evində 40-50 min manat pul olduğunu ehtimal ediblər.
Onu da əlavə edək ki, həkimi qətlə yetirənlər hadisədən sonra kameraya düşmüşdü. (Qafqazinfo)