“İran tutduğu yoldan geri çəkilməsə yeni müharibə qaçılmaz olacaq”.
Bunu regionda baş verə biləcək yeni müharibə ehtimalından danışan politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.
O bildirib ki, son vaxtlar İrana qarşı təzyiqlər ciddi şəkildə artıb:
“İran nüvə silahını əldə etməyə çox yaxındır. Digər tərəfdən isə İran terroru dəstəkləyən dövlətlər sırasında ilk yerdədir. Əlində olan imkanlar sayəsində bəzi terror qruplarının silahlandırılmasını həyata keçirir. Azərbaycanın Tehrandakı Səfirliyilə yanaşı İsrail vətəndaşlarına qarşı həyata keçirilən terror İsrailin əməliyyat keçirməsinə səbəb oldu. Nəticədə İranın bir neçə hərbi obyekti sıradan çıxdı. Bu hələ başlanğıcdır”.
Politoloq İrana qarşı mümkün hərbi müdaxilə ehtimalını dəyərləndirib: “Güc mərkəzləri və beynəlxalq təşkilatlar İranın son vaxtlar uran istehsalını artıraraq nüvə silahını əldə etməsindən narahatdır. Yaxın zamanlarda müdaxilə olunmazsa, İranın nüvə silahı əldə etməsi ilə bağlı MAQATE narahatlığını bildirib. İranın nüvə silahı əldə etməsi regiona təhlükədir. Elə bir vəziyyət yarana bilər ki, nüvə silahı terrorçu qruplaşmaların əlinə keçə bilər. Bu dünyaya və regiona böyük fəlakət gətirə bilər. Ona görə İranın qarşısını mütləq almağa çalışacaqlar. Bunun üçün isə əgər müharibə lazımdırsa edəcəklər. Müharibənin hansı formada təşkil olunacağı sonranın işidir. İran tutduğu yoldan geri çəkilməsə yeni müharibə qaçılmaz olacaq”.
Ələsgər / Busaat.az