İşsizlik problemi sosial problemləri getdikcə artırır – Sosioloq

image-issizlikbackend

“İşsizlik və əməyin aşağı səviyyədə dəyərləndirilməsi kölə psixologiyasını formalaşdırır”.

Busaat.az xəbər verir ki, bunu ölkədə işsizlik və əməkhaqqı ilə bağlı vəziyyətə tounan sosioloq Sahib Altay deyib.

Sosioloq qeyd edib ki, işsizlik və aşağı məvacib təkcə işsiz olan və ya aşağı məvacib alan adamın problemi deyil, həm də həmin şəxsin təmin etdiyi ailənin problemidir:

“Məvacibin aşağı səviyyədə olması kütləvi işsizlikdən qaynaqlanır. Üzərində ailə məsuliyyəti olan adam məcburdur ki, bir iş tapıb, işləsin, heç olmasa ailənin maddi tələbatlarını minimum səviyyədə təmin edə bilsin. Bu məcburiyyətin köklü üç səbəbi var. Birincisi, işsiz adamın öz məsuliyyəti – ailəsinin tələbatlarını ödəyə bilməyən kişi hər zaman ailə qarşısında özünü günahkar hesab edir. Bu halda özündə  bir kompleks formalaşır.

İkincisi, ailənin tələbidir. Ailə müəyyən müddətə kimi nələrəsə ümid edir, gözləyir. Bir müddət sonra həm başqalarıyla nisbətdə əzildiyini hesab edən şəxsi eqoizm hissi, həm də uşaq faktoru işsiz kişinin qarşısına tələblər qoyur: “Nə olur, olsun, sən bunu təmin etməlisən, bu, sənin borcundur”.

Üçüncüsü, əmək fəaliyyətinin mahiyyətidir. İşləmək insana təkcə maddi qazanc vermir, həm də pozitiv enerji ötürür. İnsan bir işlə məşğul olanda, həm də kimlərinsə ehtiyacını ödəyir. Bu davranış onu öz daxilində faydalı insana çevirir. Fərd olaraq onun yaşadığı mühitdəki ictimai obrazını yaradır. İşsiz insan digərləriylə müqayisədə özündə əksiklik kompleksi hiss edir”.

Sahib Altay vurğulayıb ki,  kütləvi işsizliyin cərəyan etdiyi ölkəmizdə insanlar hər məvacibə işləməyə razı olurlar:

“İnsanlar bir qarın çörəyə görə müasir “feodal”ların köləsinə çevrilirlər. Etiraz etməyə də hər zaman qorxurlar. Ehtiyaclı adamın, onun ehtiyacını təmin edən adam qarşısında heç bir hüququ olmur. Bu, quldarlığın əsas prinsipidir.  Məvacibin az olması, əmək fəaliyyəti ilə məşğul olan insanın peşə məsuliyyətini, ictimai şüurunu da zəiflədir. Peşə məsuliyyəti həm də insanın ictimai mühitdəki insanlarla sosial münasibətlərini formalaşdırır. Deməli, məvacib azlığı və bundan ortaya çıxan peşə məsuliyyətsizliyi həm də bizim bir-birimizlə olan bağlarımızı qırır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki