Jalə Əhmədova: “Azərbaycan Ərəb Dövlətləri Liqası ilə münasibətlərini genişləndirmək niyyətindədir”

image-1613907680_jale-ehmedova-tezesibackend

Prezident İlham Əliyevin bir neçə gün öncə noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı və çıxış etməsi, ölkəmizin bu toplantıda təmsil olunması Azərbaycan üçün əlamətdar hadisədir. Bu fakt ərəb ölkələri ilə dostluq və qardaşlığımızla yanaşı, həm də birliyimizin göstəricisidir. Azərbaycan 2006-cı ildən Ərəb Dövlətləri Liqasının müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik.

Qeyd etmək lazımdır ki, Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox amansız müharibə aparıb. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnib. Biz bu gün gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır.

Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında olub. Nəhayət, 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək öz ərazilərini güc yolu ilə azad etdi. Ötən 30 il ərzində aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bu sənədlərə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı.

Ermənistan 1992-ci ildə hazırda 10-dan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmiş, amma bu qətnamələr heç vaxt icra olunmamışdır. Lakin bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır və işğal adı ilə adlandırılmalıdır.

Ermənistanın Azərbaycan ərazilərini işğalı nəticəsində on min kvadratkilometrdən çox ərazi tamamilə məhv edilib və bu ərazi bəzi ölkələrin ərazisinə bərabərdir. Hər bir şey yerlə-yeksan edilib, şəhərlər, kəndlər, binalar, tarixi abidələr, hətta əcdadlarımızın qəbirləri belə, dağıdılıb, viran qoyulub. İşğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə məhv edilib. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətini göstərir.

Təəssüf ki, erməni terroru sülh dövründə də davam edir. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olub, yaxud ciddi yaralanıb.

Hazırda Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb və bunu öz resursları hesabına həyata keçirir. Azərbaycan ərazilərini özü bərpa edəcək və artıq bu proses gedir.

Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etmişik. Azərbaycan da həmişə bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.

Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq arenada mühüm rol oynayır. 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Qoşulmama Hərəkatının  Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətləri var. İnanırıq ki, yaxın gələcəkdə bizim əməkdaşlığımız daha da genişlənəcək, yeni xarakter və yeni dinamika ilə davam edəcək.

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90