Dünyada geosiyasi dəyişikliklərin yaşandığı bir zamanda dünya siyasəti parçalanmalara, qarşılıqlı əməkdaşlığın yerini xaos və dövlətlərarası qarşıdurmalar almağa başlayıb.
Bu müstəvidə fərqli cəbhələr müşahidə etməkdəyik. Məsələn, elə hər iki dünya müharibəsi zamanı dünya iki cəbhəyə ayrılmış, münaqişə və imperial maraqlardan çıxış edənlər həmin cəbhələrdə fərqli tərəflərdə yerini almışdı.
İndi isə, çox fərqli siyasi vəziyyətlə üz-üzəyik. Dünya ikiyə bölünməyib, bir neçə yerə bölünüb. Hətta heç vaxt fikir ayrılığı yaşamaz dediyimiz ABŞ və İngiltərə belə bəzi məsələlərdə zidd qütblərdə dayanırlar. Doğrudur, bu, həmin ölkələri ayrı düşünməyə səbəb vermir, bir çox məsələlərdə maraqları üst-üstə düşür. Ancaq ki, Rusiya və Çin təhlükəsi kimi iki əsas məsələdə ciddi fikir ayrılığı yaşayırlar. ABŞ hər iki dövlətə qarşı addımlar atsa da, İngiltərədə Rusiya təhlükə, Çin əməkdaş kimi dəyərləndirilir. Bu nöqtədə diqqət mərkəzində olan ölkələrdən biri də Rusiyadır.
O Rusiya ki, həmişə imperializminə xidmət edib, qonşusundakı, hətta bəzi uzaq millətlərə qarşı imperiya maraqlarından çıxış edib. İndi də, bu imperial maraqların əsirindədir, SSRİ-nin özü olmasa belə, bənzərini yaratmaq istəyir.
Ancaq davam edən siyasi xaos mühitində və öz gücünün sərhədlərində Rusiya bu məqsədlərinə çata bilərmi? Yaxud bu xülyalarını reallaşdırmağa çalışan Moskva öz sonunumu hazırlayır?
Əlbəttə, Ukrayna müharibəsi və ondan öncəki Qarabağ müharibəsi bu nöqtədə ələ alınması vacib olan iki əsas örnəkdir.
Ukrayna müharibəsində Rusiyanın birbaşa iştirakı olsa da, Qarabağ müharibəsi zamanı Rusiya öz hərbi sənayesinin bütün imkanlarını səfərbər edib. Daha doğrusu, Ermənistan ordusunun hərbi arsenalını demək ki rus silahları təşkil edib.
Qarabağ müharibəsi göstərdi ki, kifayət qədər inkişaf etmiş hərbi-texniki bazaya sahib olan Rusiyanın hərbi-texniki imkanları digər ölkələrin inkişaf etmiş hərbi-texniki imkanlarından geridə qalıb. Məsələn, İsrail və NATO-nun imkanları daha geniş və effektivdir. Son zamanlar isə, Türkiyədə hərbi sənayenin inkişafı uğurla davam edir və Türkiyə hərbi sənayesi bir sıra məsələlərdə Rusiyanı qabaqlamağı bacarıb… Qarabağ müharibəsində hərbi-texniki imkanlarının digər inkişaf etmiş hərbi sənayelərə uduzduğu reallığı ilə qarşılaşdığımız Rusiya, Ukrayna müharibəsində bizi başqa bir mif ilə qarşılaşdırdı. Bu mif Rusiya ordusudur.
Müharibəyə qədər çox yüksək hazırlıqlı və imkansızı bacaran bir ordu kimi tanınan Rusiya hərbi birləşmələri Ukrayna müharibəsində özünü doğrultmağa qadir olmadı. Rusiya siyasi elitası müharibədən əvvəl öz ordusundan o qədər əmin idi ki, 2-3 günə Kiyevi nəzarətə alıb, daha sonra bütün Ukraynanı sülhə və Moskvanın istəklərini yerinə yetirməyə məruz qoyacaqdı. Ancaq?
Sonrasında nələr baş verdiyini yaşadıq və gördük…
Xülasə, Rusiya ordusu artıq mifdir. Elə Rusiyanın bütün digər sahələri kimi… Rusiya iqtisadiyyatı Qərb sanksiyalarına effektiv cavab verə bilmədi, əksinə Rusiyanın iqtisadi cəhətdən Qərbə ehtiyacı olduğunu gördük. Siyasi olaraq da, Rusiya özünün imicinin məhv olmasının qarşısını ala bilməyib. İndi bütün dünyada əksəriyyət Rusiyanı işğalçı və qonşularına qarşı siyasətində təcavüzkar tərəf olaraq qəbul edir.
Rusiya, əslində bütün göstəriciləri etibarilə məğlubiyyət yaşayıb. Hətta normal şərtlərdə müharibə öz ərazisinə keçməli və Rusiyanın tərk-silah edilməsinə qədər irəliləməli idi.
Ancaq bütün bunların baş verməməsinə tək əngəl var – nüvə Rusiyası…
Əlbəttə, Rusiya ordusu canlı qüvvə və digər hərbi-texniki göstəriciləri ilə məğlub ola bilər, ancaq bu hələ də Rusiyanı tam olaraq dünya siyasətindən təcrid etməyə imkan vermir. Çünki Rusiya dünyanın ən böyük nüvə silahı bazasına sahibdir. Bu isə, müharibənin onun öz sərhədlərinə keçməsi, yaxud da rəsmi Moskvanın dünya siyasətindən təcrid edilməsinə yeganə əngəldir. Çünki Kreml bu kimi təhlükələrin reallaşması istiqamətində hər hansı addımlar görəcəksə, o halda qeyri-şərtsiz nüvə silahlarını istifadə edəcəkdir.
Ona görə də, mifə çevrilmiş Rusiyanı dəyərləndirmək lazım olduğu zaman həm də nüvə Rusiyasını nəzərə almaq lazımdır.
Əlbəttə ki, Qərb-ABŞ blokunun oyunu uzatması bu səbəbdən baş verir və onlar çalışır ki, Rusiyanın tam təcridi və tərk-silah edilməsi zamanı daha böyük faciələrin qapısı açılmasın.
Ona görə yox ki, dünya xalqlarını və təhlükəsizliyini düşünürlər, ona görə ki, öz milli maraqlarını düşünür və fərqindədirlər ki, Rusiyanın ilk hədəfi elə özləri olacaqlar… Bütün bunları nəzərə alaraq demək mümkündür ki, Rusiya qonşu dövlətləri yenidən SSRİ formatında hər hansı bir imperial mərkəzə toplaya bilməyəcək. Rəsmi Kreml məğlubiyyətlə üzləşib. Bundan sonra da, Qərb və ABŞ bloku ilə Rusiya arasındakı qanlı çəkişmə davam edəcək, davam etdikcə biri digərini əhəmiyyətli dərəcədə zəiflədəcək. Ən böyük böhran elə, Moskvada hiss ediləcək.
Busaat.az/Həşim Səhrablı