Milli Məclisin VI çağırışı gələn həftə işini yekunlaşdıracaq

image-meclisbackend

Milli Məclisin altıncı çağırışı gələn həftə işini yekunlaşdıracaq.

Busaat.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, iyunun 28-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçiriləcək.

Sonuncu iclasla növbədənkənar sessiyaya yekun vurulacaq. Bununla da Milli Məclisin altıncı çağırışı işini yekunlaşdıracaq.

Məlumatı “Report”a Milli Məclisin deputatları da təsdiqləyiblər.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında Milli Məclisdə təmsil edən deputatlara altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul olunub. Parlamentin iyunun 21-də keçirilən plenar iclasında isə Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

Qeyd edək ki, hazırda Milli Məclisin 115 deputatı (125 olmalıdır – red) var. Mərkəzi Seçki Komissiyasının bu il mayın 2-də keçirilən iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə bağlı deputat mandatından məhrum olunub.

2023-cü il sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Ötən il iyulun 14-də 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev dünyasını dəyişib.

Mərkəzi Seçki Komissiyanın 17.03.2022-ci il tarixində keçirilən iclasında Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.

Bundan başqa, 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunana qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.

Həmçinin, 2020-ci ilin avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib.

2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı MSK baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadi Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki