“Ötən gün kütləvi informasiya vasitələrində Mingəçevir şəhər B.Şıxəliyev adına 6 nömrəli tam orta məktəbin sanitar qovşağının, eləcə də məktəb binasının tədrisə yararsız vəziyyətdə olması ilə bağlı görüntüləri əks etdirən məlumat yayımlanıb. Bildiririk ki, sözügedən görüntülərlə bağlı məlumatlıyıq və adıçəkilən məktəbin binasına ötən günlərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi, Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin mütəxəssisləri tərəfindən baxış keçirilib, yaxın vaxtlarda məktəbdə təmir işlərinə başlanılacaq”.
Busaat.az xəbər verir ki, bu barədə İdarənin məlumatında bildirilib.
Qeyd edilib ki, həmçinin yayımlanan məlumatda əks olunan fotoşəkillərin bir hissəsi məktəbin uzun müddətdir istifadəsiz qalan korpusuna aiddir və həmin korpus hazırda tədris prosesi və ya tədrisə yardımçı məqsədlər üçün istifadə olunmur:
“Əlavə olaraq bildiririk ki, son 5 il ərzində Mingəçevir şəhərində 1 yeni məktəb binası tikilib, 3 məktəb binası isə əsaslı təmir-bərpa olunub. Hal-hazırda da Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbdə əsaslı təmir-bərpa işləri aparılır və növbəti tədris ilindən adıçəkilən məktəb binasının müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı cari tədris ilində Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli və İ.Qayıbov adına 10 nömrəli tam orta məktəblərində cari təmir-bərpa işləri aparılıb, payız-qış mövsüminin başlanılması ilə əlaqədar isə 12 təhsil müəssisəsinə yeni istilik sistemi çəkilib və təmir olunub”.