MN-dən ziddiyyətli açıqlama: Erməni hərbçi niyə ölkəsinə təhvil verildi?

image-mudafie-1backend

Qalib ölkənin məğlub diplomatiyası: Erməni hərbçi niyə ölkəsinə təhvil verildi?

Müdafiə Nazirliyi bu gün Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyanın ölkəsinə təhvil verildiyini açıqlayıb.

Nazirliyin açıqlamasına görə, Kartanyan, sən demə, yolunu azaraq Azərbaycan sərhədini keçibmiş.

Açıqlamada, “Bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik”, – deyə qeyd edilib.

Maraqlısı isə budur ki, Müdafiə Nazirliyinin gün ərzində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun ərazimizə daxil olduğu, Artur Kartanyanın saxlanıldığı, qrupun digər üzvlərinin isə geri çəkilərək ərazini tərk etdiyi bildirilib.

“İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub”, – həmin açıqlamada vurğulanıb.

Nazirliyin bir-birini təkzib edən açıqlamasındakı ziddiyəti anlamaq üçün ekspert olmağa ehtiyac yoxdur. Sadə vətəndaş belə bu iki açıqlama arasındakı uçurumu görə və anlaya bilmə iqtidarındadır.

Ortaya silsilə suallar çıxır: Bəs qrup şəklində idilər? Bəs mina basdırmağa keçmişdilər? Yaxşı Kartanyan azdı, o birilər də azmışdı? Yoxsa nazirlik 9 saat ərzində “bölmələrin sayıqlığı”nı hansısa siyasi təzyiqə qurban verdi?

Kəlbəcərdə iki jurnalist həmkarımızın şəhid olduğu terrorla bağlı Baş Prokurorluğun minaların yeni basdırıldığını “istisna etdiyi” açıqlamasından sonra Müdafiə Nazirliyinin də bu məsələdə “ehtiyatlı” davranması, Azərbaycanın “humanist davranış” nümayiş etdirməsi artıq bir çox mətləbləri gün üzünə çıxarır, anlamağımızı asanlaşdırır.

Qarabağdakı qeyri-müəyyənlik, Ordumuzun zəfərinə kölgə salan bu kimi hərəkətlər, çox təəssüf ki, heç də yaxşıya işarə etmir.

Hazırki şəraitdə təzyiqlərə boyun əyib “ehtiyatlı” davranmaqdan vaz keçmək və hücum diplomatiyasını işə salmaq lazımdır.

Ümid edirik ki, heç olmasa, bundan sonra MN, XİN və digər dövlət qurumları Azərbaycanın 44 günlük savaşdan ZƏFƏRlə ayrıldığını unutmayacaq və siyasətlərini buna görə müəyyənləşdircəklər!

Emin

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki