MÖHTƏŞƏM TƏZAD: İranlılar Atatürkə, bəs İran kimə sığınır?

image-306625713_639416350897714_4322031549485079702_nbackend

Bir neçə gün öncə İranda əxlaqdan cavabdeh polislər 22 yaşındakı Məhsa Əminini saxlayıb. Gənc qızın saxlanılmasına səbəb baş örtüsünü tam bağlamamaq olub. Saxlanıldıqdan 3 gün sonra Məhsanın ölüm xəbəri yayılıb. İran polisi qızın ani ölümünə səbəb kimi onun halının qəflətən pisləşdiyini və ürəktutması nəticəsində komaya düşdüyünü göstərib. Ancaq rəsmi olmayan iddialara görə, gənc qızın ölümünün əsl səbəbi şiddətə məruz qalması olub. Ölüm xəbəri İranda hökumətdən narazı qüvvələrin ciddi etirazına səbəb olub və qısa zamanda etirazların həcmi artıb. Yanlız bundan sonra İran prezidenti İbrahim Rəisi Məhsa Əmininin ölümünün nəzarətə alınaraq xüsusi araştırılması ilə bağlı göstəriş verib.

İranda etirazlar siyasi elitada ciddi narahatlığa səbəb olacaq qədər böyüyüb. Hətta sabiq İran prezidenti Məhəmməd Hatemi, “İslamın və dövlətin imici daha çox zədələnməməli, günahkarlar cəzalandırılmalıdır” deyə, bildirib. Etirazların şiddəti bəzi yerlərdə nəzarətdən çıxb və silahlı insidentlər yaşanıb.

İranda rejim əleyhinə etirazlar ilk dəfə deyil. Demək olar ki, hər il müxtəlif səbəblərdən rejim əleyhinə iri və ya xırda etirazlar yaşanır. Ancaq bu dəfə yaşanan etirazlar, sırf “əxlaq” məsələlərindən dolayı baş verib və miqyas hər keçən gün artır. Digər önəmli məqam odur ki, etirazlar tək küçədə yaşanmır, iranlı qadınlar qadağa olmasına baxmayaraq, başı açıq videolarını çəkir və paylaşır. Bu videolardan aydın görünür ki, həmin qadınlar saçlarını kəsir və baş örtüklərini yandırır. Bu isə, rejimin səbəb olduğu xaotik vəziyyətin İranda nə kimi ciddi sosial problemlər doğurduğunun əyani sübutudur. Qadınlar rejimə nifrət səbəbiylə dindən uzaqlaşır.

Onsuz da bir çox iddialar səslənir ki, İranda insanların kütləvi şəkildə dindən uzaqlaşır, ateizm və deizm kimi dini cərəyanlara meyillər artır. Bunun əsas səbəbi, siyasi məqsədlərini dinlə əlaqələndirən şovenist rejimin insanlarda dinə qarşı antipatiya yaratmasıdır.

18 Sentyabr tarixində isə, başqa bir maraqlı situasiya ilə qarşılaşdıq. İranlılar Məhsa Əminin ölümündən sonra Antalyada rejimə qarşı etiraz aksiyası keçirib. Burada əsas məqam etiraz aksiyasının keçirildiyi məkandır. İranlılar aksiyanı Türkiyə Cümhuriyyətinin qurucusu, Türk dünyasının böyük liderlərindən biri olan Gazi Mustafa Kamal Atatürkün heykəli önündə təşkil edib. İran və Türkiyə dövlətlərinin regional məsələlərdə bir sıra fikir ayrlıqları yaşadığı zamanda, xüsusən bu fikir ayrılıqların ziddiyətə çevrilməsi fonunda İranlıların öz dövlətinə qarşı Atatürkə sığınması bölgədəki siyasi-sosial situasiyanı əyani şəkildə göstərib.

Heç kimə sirr deyil ki, dövlətlər sosial baza üzərində qurulur və inkişaf edir. Siyasi-iqtisadi və hərbi amillər dövlətlərin inkişafı və varlığını qoruması üçün müstəsna haldır, ancaq əsas sosial bazadır. Bir ölkənin sosial bazası sağlam təməllər üzərində qurulduğu zaman o dövlət iqtisadi-siyasi və hərbi təzyiqlərə rahat şəkildə cavab verə bilir. Əks-təqdirdə geosiyasi məsələlərdə həmişə məğlubdur.

İndi görürük ki, İranda sosial baza sağlam təməllərə sahib deyil. Düşünün ki, hər hansı Azərbaycan vətəndaşı öz milli liderlərini bir kənara atıb, məsələn Moskvada Leninin, yaxud Vaşinqtonda Bencamin Franklinin və ya Hindistanda Qandinin heykəli önündə toplaşır və öz dövlətini şikayət edir.

Ancaq iki gün öncə, İran simasında biz bunu gördük. İranlılar ölkələrinin əsas geosiyasi və milli məsələlərdəki rəqibi Türkiyə dövlətinin qurucu liderinə sığınıblar. Yaxşı bəs, iranlıların Atatürkə, dolayısıyla Türkiyəyə sığındığı zamanda İran kimə sığınır, kimə əmindir?

Qeyd edək ki, dünyada qütbləşmələrin yarandığı və fərqli güc mərkəzlərinin formalaşdığı bu ağrılı geopolitik vəziyyətdə İran tez-tez anti-Azərbaycan və anti-Türkiyə qərarları ilə diqqət çəkir. Xüsusilə Qarabağ məsələsində və Azərbaycanın öz suverenliyini təmin etməsi zamanı İranın bu məqsədlərə əngəl olmaq niyyətləri həm Azərbaycan, həm Türkiyə ictimaiyyətində ciddi narazılıqlara səbəb olur.

Təbii ki, İran regional güc olmaq üçün Türkiyəni rəqib görür və İranda 30 milyondan çox soydaşımızın yaşaması və son illər soydaşlarımızın arasında milli təfəkkürün oyanması İranı məcbur edir ki, Azərbaycanı da regional rəqib olaraq qəbul etsin. Ancaq istər Türkiyə, istərsə də Azərbaycan dövlətləri heç br şəkildə anti-İran siyasi xətti yeritməyiblər. Nəinki bu istiqamətdə dövlət siyasəti yeridilib, heç ən xırda şəkildə iddialar da səsləndirilməyib.

Bütün bunları nəzərə aldıqda rahatlıqla deyə bilərik ki, İran regional maraqlarının üst-üstə düşdüyü böyük dövlətlərdən aldığı dəstəklə, onlara əmin olmaqla bölgədə Türkiyə və Azərbaycanın artan siyasi gücünü və nüfuzunu zədələmək istəyir. Ancaq sosial bazası təməlindən çürük olan İran rejimi artıq anlamalıdır ki, onun öz soydaşları Türkiyəyə, Atatürkə sığınır və bu ölkəni öz dövlətlərindən daha üstün sayırlar. Bu o deməkdir ki, hələ hər hansı qarşıdurma yaşanmamış İran əsas nöqtədə – sosial baza amilində məğlub olub. Tək bu amil kifayət edir ki, İranın kimə sığınmasından asılı olmayaraq, anti-Türkiyə, anti-Azərbaycan mübarizəsi elə onun özünə zərər verəcək.

Bu günə qədər İran rejimi buna inanmayıb, ancaq indi hər halda reallıqları görüb daha doğru qərar verə biləcəklər.

Busaat.az Analitika Mərkəzi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90