“Dağlıq Qarabağı əhatə edən bölgələrdən ermənilərin təxliyyəsi başladı. Stepanakert Azərbaycanla barışıqdan dərhal sonra tərk edilir. Əşyalar yüklənmiş yüzlərlə maşın Ermənistan sərhədinə doğru hərəkət edir”.
Busaat.az xəbər verir ki, bu barədə nüfuzlu “Moskovskiy Komsomolets” nəşri yazır. Məqalədə ermənilərin Azərbaycanla barışıq müqaviləsinin şərtlərinə görə Bakıya qaytarmalı olduqları ərazilərdəki evləri necə yandırdıqları barədə sosial şəbəkələrdə videogörüntülərin yayılmasından bəhs edilir: “Videolardan birində IX-XIII əsrlərdə tikilmiş Dadivank monastrının (Alban kilsəsi – red) yaxınlığında bir evin yanması əks olunur. Xaçlar və zənglər bir gün əvvəl oradan götürülüb. Dadivank yaxınlığındakı ərazilərdən başqa, Qarabağın keçmiş “təhlükəsizlik kəməri” Ağdam və Laçın bölgələrindəki evlər də alov içindədir”.
“Moskovskiy Komsomolets” daha sonra yazır: “Erməni yerli hakimiyyət orqanları ehtiyacı olanların hamısını mənzil ilə təmin edə biləcəklərini deyir. Bundan əlavə, 13 noyabrdan etibarən Ermənistanın paytaxtından bütün qaçqınları pulsuz daşıyacaq avtobuslar ayrılıb. Hələlik nə qədər insanın Qarabağı tərk etdiyi məlum deyil. Müharibədən əvvəl Qarabağda təxminən 150 min erməninin yaşadığı iddia edilir ki, bunun da təxmini 50 min nəfəri Stepanakertdə idi. Lakin şahidlərin sözlərinə görə, şəhər demək olar ki, boşdur”.
Nəşr Stepanakertdən yenicə qayıdan hərbi zabit Gevorq Stepanyanın “MK”ya şəhərin bir ay yarım atəşə tutulmasından sonra vəziyyəti barədə dediklərini də çap edib:
“Bizi Şuşanı müdafiə etmək üçün göndərdilər. Amma düzünü desəm, praktik olaraq orda heç vaxt mülki insanlarla görüşmədim. Stepanakert isə təxminən 80 faiz boşalıb. Stepanakertdə atəş zamanı bunkerlərdə gizlənən müəyyən sayda insanı gördüm, amma çox az idilər. Vardenisə gedərkən də heç bir mülki şəxs görmədik. Bütün insanlar oradan çoxdan çıxmişdi. “Artsax” (Qarabağ – red) hərbçiləri arasında da yerli sakin azdır. Müdafiə Ordusu həmişə 90 faiz Ermənistan sakinlərindən ibarət olub. Zabitlər də əsasən Ermənistandan idilər. Onların da hər zaman “artsaxlı” (qarabağlı – red) olduğunu bilmişik”.
Şuşanın keçmiş bələdiyyə başçısı Artsvik Sarkisyanın sözlərinə görə isə, şəhərə basqın başlamazdan əvvəl orada yalnız iki mülki şəxs qalıb: 63 yaşlı riyaziyyat müəllimi Artur Qazaryan və onun qonşusu. Onlar isə son dəfə orada noyabrın 5-də görüntülənib. Bundan sonra Azərbaycan Ordusu şəhərə hücuma başladı.
Məqalədə qeyd olunur ki, insanların harada və necə yaşayacaqlarına qərar verməkdə tərəddüdlərinə baxmayaraq, Rusiya sülhməramlıları Qarabağa gəlməyə davam edir. Ermənilər hər yerdə onları özlərinin müdafiəçisi kimi qarşılayır, amma çox gecikdiklərini deyirlər.