Moskva “Vardanyan planı”nı aktivləşdirdi: “Parçaları görəcəyik…” – TƏHLİL

image-xankendi-780x470backend

Əgər fikir verirsinizsə, Ermənistan tərəfi Ruben Vardanyanla bağlı bütün məsələlərdə demək olar ki, tamamilə səssiz qalmağı üstün bilir. Əlbəttə, burada Ermənistanın qorxduğunu, yaxud hansısa milyarder Vardanyandan çəkindiyini iddia etmək əsassız olar.

Problemin əsl üzü daha dərin məsələlərdə gizlidir. Ermənistan özü də anlamır ki, Ruben Vardanyan kimdir? Niyə təcili şəkildə Moskvadakı rahat və milyarder yaşamını buraxıb Qarabağa – xaosun düz mərkəzinə gəldi? Bəs necə oldu ki, özünü müstəqil adlandıran seperatçı rejim, yəni qondarma Artsax dövləti hansısa xarici milyarderi anidən “dövlətin” əsas simasına çevirdi?
Hər halda, kiməsə sirr deyil ki, Vardanyan qısa zamanda seperatçı rejimdəki bütün kadrları istefaya yolladı və ardınca özü qondarma dövlətin dövlət naziri oldu. Seperatizmi faktiki idarə edən Araik Arutyunyan deyil, Ruben Vardaryandır desək yanılmarıq.

Elə dünənki və ondan öncəki mitinqi də Arutyunyan yox, Vardanyan təşkil edib. Ən əsası isə, bütün bu hadisələr Vardanyanın Rusiya vətandaşlığından çıxarılması fonunda baş verir…

Nə xoş təsadüflər, deyilmi?…

Əlbəttə, saf olsaq, bütün bu təsadüflərin təbii olduğuna inanardıq. Amma inanmazdan əvvəl dərindəki məsələlər ətrafında düşünüb, hadisələrin əsl mahiyyətinə işıq saçmaq lazımdır.

Əsl mahiyyət ondan ibarətdir ki, hazırda Rusiyanın tərtib etdiyi “Vardanyan planı” effektiv şəkildə işləyir. Rusiya Vardanyanı bu bölgəyə özü göndərib. Bunu artıq rahat və əminliklə deyə bilərik.

Vardanyanın Qarabağdakı missiyası isə, seperatizmin daralan nəfəslərini yenidən genişləndirməkdir. Rusiya anlayır ki, Nikol Paşinyan iqtidarı Ermənistanın Qərbə inteqrasiyası fonunda Qarabağ problemi və bu problemin əsas dəstəkçisi Rusiya ilə əlaqələri ikinci plana atıb. Yəni dünyaya daha geniş pəncərədən baxa bilən Paşinyan Azərbaycan prezidenti İlham Əliyevin çağırışlarını doğru dəyərləndirə bilir. Bu çağırışlar nə idi?

Azərbaycan prezidenti dəfələrlə ermənilərə səslənib ki, onların şovinist və revanşist addımları ermənilərin öz gələcəklərinə faydalı nəsə vəd etmir. Əksinə, sürətlə gərginləşən geosiyasi və ümumi siyasi hadisələr fonunda Ermənistan özünü içindən çıxa bilməyəcəyi böyük oyunlarda alət halına salır. Bu aləti isə, daha böyük ölkələr öz məqsədləri üçün silah olaraq istifadə edəcəklər…

Digər tərəfdən, İlham Əliyev Ermənistan siyasi elitasına çağırış edir ki, Cənubi Qafqazda düşmənliklərə son vermək və hüququn tələb etdiyi prizmalardan dövlətlərarası düşmənliyi sona çatdırıb, bölgədəki tranzit yolları açmaq lazımdır. Beləcə həm bütün bölgə dövlətləri fayda görəcək, həm də faktiki blokadada qalmaq və bununla da ağır iqtisadi vəziyyətlə üzləşmək təhlükəsi olan Ermənistan dövləti bu kimi risklərdən qurtulacaq.

Qərbdən dəstəklənən və Qərb zəkası ilə addım atan Paşinyan iqtidarı da bütün bunların tərəfdarıdır. Düzdür, Paşinyan çalışır ki, qopara bildiyi qədər maksimum nəticələr əldə etsin, ancaq məsələ tək Paşinyandan ibarət olsaydı, indi o özü, Ermənistandan qoparıb qurban edərdi…

Həm də Paşinayn və komandası Ermənistanı Qarabağ probleminin arxa fonuna çəkərək, Ermənistanı təzyiqlərdən və təhlükələrdən uzaq tuturlar. “Vardanyan planı” və Ruben Vardanyanın hazırki addımları bütün bunların tam əksinədir. Vardanyan bölgədə elə bir təxribatlar törədir ki, bu kimi addımlar hərbi metodların işə düşməsi üçün yetərlidir. Bu isə, Azərbaycan və Ermənistan arasında yeni müharibə təhlükəsi deməkdir.

İndiki situasiyada müharibə həm Azərbaycan, həm də Ermənistanın dövlət maraqları baxımından arzuolunan deyil.
Azərbaycan tərəfi ona görə müharibəni arzu etmir ki, son bir neçə ildə, Azərbaycanın xarici və daxili siyasət xətti bölgədə yenidənqurmaları həyata keçirmək, Qarabağ iqtisadi zonasını inkişaf etdirmək və buranı dünya əhəmiyyətli iqtisadi zonaya çevirməkdir. Azərbaycanın Zəngəzur koridoru və bölgədəki bütün tranzit yolların açılmasına çalışması bunun əyani sübutudur. Azərbaycan tərəfi hesablayır ki, yeni qarşıdurma yekun nəticəni vəd etsə də, Bakı yuxarıda qeyd etdiyim dünyəvi maraqlarına çatmaq üçün daha bir neçə il qurban verəcək. 30 ilini itirən Bakı artıq əlavə bir saniyə belə itirmək istəmir. Çünki mövcud problemlər diplomatik yollarla həll edilərsə, bu halda Bakı bütün məqsədlərinə daha qısa zamanda və daha effektiv şəkildə çatacaq.

Üstəgəl, Azərbaycan tərəfi yaxşı bilir ki, Rusiya və İran Qarabağ probleminin bitməməsi üçün əllərindən gələni edirlər. Yeni qarşıdurma zamanı da, elə 1990-cı illər və 2020-ci ildə olduğu kimi Moskva və Tehran ermənilərə dəstək verəcəklər. Bu isə, Bakının qələbəyə çatması üçün böyük resurs xərcləməsini labüd edəcək. Bakı düşünür ki, müharibədə milyardlarla dollarlıq resursu boşuna xərcləməkdənsə, həmin məbləği dinc quruculuq və bölgənin inkişafına yönəltmək daha doğru olar.
Ermənistanın hazırki iqtidarı isə, 2020-ci ildən sonra anladı ki, onların özünə belə yalan məlumat verilib. “Güclü Ermənistan Ordusu” əslində mifdir. Bu azmış kimi, həmin mif darmadağın edilib. Qısa zamanda Ermənistan ordusunu ən azından əvvəlki haləna gətirmək mümkün deyil. Yəni rəsmi Yeravan bilir ki, özünün ən güclü vaxtında Azərbaycan ordusuna qalib gələ bilməyən Ermənistan ordusu indi bu missiyanı doğrultmaq şansına sahib deyil. Əksinə, bu dəfə ağlasığmaz nəticələrlə qarşılaşa bilərlər…

Digər tərəfdən, qeyd etdiyimiz kimi, Ermənistan dövləti hazırda daha sivil dünyaya açılmaq, ümumi düynəvi proseslərə qatılmaq istəyir. Bunun üçün isə, ilk şərt “işğalçı dövlət” ləkəsini təmizləməkdir. Düşünməyin ki, Fransa və ABŞ kimi böyük dövlətlər onları ümumi dünyəvi siyasətə qoşa bilər və bunun üçün Ermənistanın “işğalçı dövlət” ləkəsini silməyə ehtiyacı qalmır. Əgər ABŞ və Fransa dünya üzərində həlledici söz sahibi olsalar idi, elə öz maraqlarını tam təmin edərlərdi…

Üçüncüsü və ən əsası, Paşinyanın ən böyük məqsədi Ermənistanı müstəqil dövlətə çevirməkdir. Bəli, düz oxuyursunuz, Paşinyan məhz müstəqil Ermənistan dövləti qurmaq üçün çalışır. Ona görə ki, Ermənistan heç vaxt müstəqil dövlət olmayıb. O həçmişə kimlərinsə, “proyekt dövləti” kimi çıxış edib. Ermənistan öz dövlət müstəqilliyini elan edərkən, onun müstəqilliyini belə kənar dövlətlər təmin edib. SSRİ-nin dağılmasından sonra isə, Ermənistan faktikli Rusiyadan idarə edilən “proyekt” idi…
Paşinyan bunun fərqindədir və Rusiyadan tam müstəqillik istəyir. Məhz Paşinyanın bu addımlarının nəticəsidir ki, Rusiya Qarabağda “Vardanyan planı” kimi aciz bir ssenari qurmağa məcbur qalıb.

Əvvəllər Ermənistan dövlətinin əli ilə Qarabağda öz məkrli planlarını işə sala bilən Rusiya, indi bölgədəki yeni reallıqlar fonunda cılız oyunlar qurmaqla öz maraqlarını təmin etməyə çalışır. Ermənistan dövlətinin həm biabrçı məğlubiyyəti, həm də Paşinyan iqtidarının anti-Rusiya addımları Qarabağ məsələsində də özünü göstərməyə balşayıb.

“Vardanyan planı”na gəlincə, çaqqal sürüsünün önünə çaqqal maskası ilə keçən tülkünü maskası cırıldığı anda ilk çaqqallar parçalayar..

Maskalar cırılmağa başlayıb, yaxında parçaları görəcəyik…

Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki