Bu gün Azərbaycan mətbuatında öz peşəkarlığı ilə seçilən media nümayəndələrindən biri, idman jurnalisti, televiziya aparıcısı Elnur Əşrəfoğlunun doğum günüdür.
Dəyərli idman jurnalistimiz, əziz Elnur Əşrəfoğlunun qardaşı Rəşad Şükürov Elnurla bağlı xatirələrini Referans Media ilə bölüşüb:
-Rəşad bəy salam! Məlumdur ki, bu gün Azərbaycanın idman jurnalistikasının ən peşəkar nümayəndələrindən biri – qardaşınız Elnur Əşrəfoğlunun doğum günüdür. Elnur Əşrəfoğlu ilə qardaş olmaq necə bir duyğudur? O qardaş kimi necə qardaş idi?
Elnur Əşrəfoğlu ilə qardaş olmaq necə təbii ki, şərəfli bir duyğudur. Elnur Müstəqil Azərbaycan İdman Jurnalistikasının əsaslarını qoymuş şəxslərdən biridir. Təbii ki, onun mənə olan münasibəti, ümumiyyətlə ailəyə olan münasibəti tamamilə bir aristokrat münasibət olub. Hər kəsə qarşı Elnur belə münasibət göstərib. Ümumiyyətlə o, hətta belə deyək ən yaxın dostlarını qardaşından ayrı tutmurdu, bunu onun dostları da təsdiqləyə bilər. Elnur qardaş kimi bir qardaş həmişə mənə arxa-dayaq idi. Məsləhətləri olurdu təbii ki, özü də bəzən arada hansısa bir sıxıntı olanda mənə zəng edirdi dərdləşirdik, söhbət eləyirdik. Onun yoxluğu elə bil ki, mənim üçün böyük bir işığın sönməsidir. Çox işıqlı bir adam idi. Biz daha çox telefonla əlaqə saxlayırdıq. Həftədə bir dəfə kimi bir yerdə olurduq. Yerigəlmişkən onu da deyim ki, Elnur məktəb illərində məktəblərası futbol yarışlarında da fəal iştirak edirdi. Hətta Elnur “Təbriz” adlı futbol komandası da yaratmışdı. Bunun da səbəbi bizim əslən Cənubi Azərbaycandan olmağımız idi.
90-cı illərin ikinci yarısına qədər demək olar ki, biz Elnurla tez-tez görüşürdük. Meydanda amansız idi, meydandan kənarda uşaqla uşaq, böyüklə böyük idi.
Elnur Əşrəfoğlu 1991-ci ildə Bakı Dövlət Universitetinə daxil olub. Zəngilandan aralı düşmüşdü. 1993-cü ildə Zəngilan işğal olundu. Onun elə bil ki, ruhu işğal olunmuşdu. Çünki rayona, torpağa bağlı bir adam idi. Zəngilan işğal olunmazdan qabaq o rayona gələndə səhər tezdən qatarla gəlirdi. Səhər tezdən görürdük ki, saat 6-da gəldi. O rayonu çox sevirdi. Elnur rayonda Futbol komandası da yaratmışdı. Tətil vaxtı hamını başına yığardı, hamı ilə söhbətləşər, öz fikirlərini bölüşərdi. Onun rayona gəlişi həm öz dostları həm də üçün ailəmiz üçün toy – bayram olurdu.
Təbii ki, Zəngilanın işğalı onun üçün ağır bir yükü kimi idi. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuz Zəngilanı azad edəndə Elnur da sevnirdi. Deyirdi ki, mütləq Zəngilana getmək lazımdır. Təbii ki, Zəngilana getmək üçün minalar təmizlənməli idi və icazə lazım idi. Onun da elə çox vaxtı yox idi ki, gedə bilsin. Amansız ölüm onu bizdən ayırdı. Ona görə də nisgilli qaldı. Çox təəssüf ki, gedə bilmədi. O həm də deyirdi ki, Zəngilan işğaldan azad olunacaq və Zəngilanda bir idman klubu yaratmaq lazımdır. Çünki vaxtilə Zəngilanda həm futbol komandası və yaxşı şahmat oynayanlar var idi. Elnur özü də yaxşı şahmat oyanırdı. Dərəcəsi də var idi. Deyirdi ki, idman klubu yaratmaq vacibdir. O həm də istəyirdi ki, burada həm voleybol həm futbol həm də şahmat olsun. Zəngilanda idman klubunun fəaliyyət göstərməsini çox istəyirdi.
-Elnur Əşrəfoğlunun ən çox arzuladığı nə idi? Fikrinizcə bu gün Elnur Əşrəfoğlunun hansı arzuları gerçəkləşib?
Onun bir arzusu vardı ki, Mətini futbolçu kimi görmək istəyirdi. Yığma komandada oynamasını istəyirdi. Evdə özü qapı düzəltmişdi, bütün gün Mətinə deyirdi ki sağla vur, solla vur. Çox istəyirdi ki oğlu futbolçu olsun. Düşünürəm ki Mətin elə Elnurun yolunu gedəcək. Övladının ali təhsil almasını da arzu edirdi. Qızı Zöhrə İqtisad Universitetinin 2-ci kurs tələbəsidir. Elnur uşaqlarını belə görməkdən çox şaddır.
-Elnur Əşrəfoğlu ilə bağlı bağlı maraqlı bir xatirənizi bölüşməyinizi istərdik…
Xatirələrimiz o qədərdir ki, danışmaqla qurtara bilməz. Çox baməzə adam idi. Bəzən görürsən ki, satira ilə sözləri deyirdi ki, sonra başa düşməyəndə deyirdi get filankəsi oxu. Üzeyir bəyi oxu və ya Haqverdiyev oxu. Özünün də aktyorluğu var idi. Bir fantaziyası və rejissorluğu var idi.
Elnur həm də neçə-neçə verilişlər hazırlayıb. O həm də o proqramların həm rejissoru, operatoru həm prodüseri həm də aparıcısı idi. Bir sözlə Elnurun özü bir televiziya idi. Xatirələrimizin ən maraqlısının birini deyə bilərəm. Bir dəfə Zəngilanda idarələrarası çempionat keçirilirdi. 1991-92-ci illər idi. Elnur da tətildə rayona gəlmişdi. Zəngilanda bizim evimiz də işıq idarəsinin yanında yerləşirdi. İşıq idarəsinin də bir transformatoru var idi. Təbii ki, o vaxtlar işıq zəif idi, elektrik enerjisi çatışmayan vaxtları idi. Həmin trasfotmator gücə düşüb tez-tez yanardı. Məhlənin adından yığışıb futbol komandası yaratmışdıq. Elnur həmin komandanın adını “Alov” qoymuşdu. (gülür)
-Soruşanda ki, komandanın adını niyə “Alov” qoymusan? Yəni, İşıq idarəsi hara? Alov hara?
– Elnur da deyirdi ki, sizin transformatorunuz hər gün yanır. Ona görə də komandanın adını “Alov” qoymuşdu.
Həmin komanda da finalda uduzmuşdu. Heç kimin gözləmədiyi bir hadisə baş vermişdi. Elnur ora elə uşaqlar aparmışdı ki, sanki əsl komanda formalaşdırmışdı. Belə xatirələrimiz çoxdur. Elnurla xarici bir neçəsində onunla birlikdə iştirak etmişəm.
-Təbii ki, Elnur Əşrəfoğlunun xatirəsi onu tanıyanlar və sevənlər üçün daim əzizdir. Elnurun xatirəsinin əbədiləşdirilməsi istiqamətində hansısa arzu – istəyiniz varmı?
Elnurun xatirəsini əbədiləşdirmək üçün mən bir dəfə Mətbuat Şurasına təklif vermişdim ki, Elnur əməkdar idman jurnalisti adını alsın. Düşünürəm ki o buna layiq idi. Amma belə təqdimat olmamışdı. Əlbəttə yaxşı olardı ki, Elnurun xatirəsi doğulduğu Zəngilan rayonunda necəsə əbədiləşdirilsin. Həm də çox istəyirəm ki, bizim mətbuatda hansısa bir orqan idman jurnalistlərinin illik mükafatını Elnur Əşrəfoğlunun adıyla təqdim etsin. Çünki qeyd etdiyim kimi o Müstəqil Azərbaycan mediasının əsas şəxslərindən biridir. Bu baxımdan çox istəyərdim ki, Elnurun adı idman jurnalistlərinə uyğun mükafatla əbədiləşdirilsin.
Söhbətləşdi: Bünyamin Bünyadzadə
Biz də öz adımızdan peşəkar televiziya aparıcısı, istedadlı idman jurnalisti dəyərli Elnur Əşrəfoğluna Allahdan rəhmət diləyirik. İnşallah ümidvarıq ki, Elnur Əşrəfoğlunun əziz xatirəsi onu sevənlərin ürəyində əbədi qalacaqdır. Həmçinin onun xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi da addımlar atılacaq…