“Özəlləşdirmə çeklərin bu vaxta kimi istifadə edilməməsinin səbəbi…” – Açıqlama

image-cekbackend

1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Bu çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda infilyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Ona görə də özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. Bu gün əlində çekləri qalan 29 min vətəndaş və ailələr haqqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə Açıq Məktub ünvanlayıblar. Bununla yanaşı, əksər ictimai nüfuzlu şəxslər də həmin vətəndaşlara dəstək verilməsi üçün müəyyən çağırışlar ediblər.

Mövzu ilə bağlı Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Vahidoğlu Busaat.az-a açıqlamasında bildirib ki, mövcud şəraitdə özəlləşdirmə çeklərinin tədavülünün bərpası arzuolunandır:

image-d0d91994-9dcb-4d32-a3d3-4ad945bb8091

“Özəlləşdirmə çeklərindən məndə də var. O vaxtı mənə verilən bu çeki satmamışam və hələ də saxlayıram. Proses başlayarkən müəyyən obyektlər var idi ki, onların özəlləşdirilməsi əksəriyyət tərəfindən gözlənilirdi. Ümid olunurdu ki, özəlləşdirilmə prosesi şəffaf şəkildə həyata keçiriləcək və insanlar rahat şəkildə iştirak edə biləcəklər. Təəssüf ki, özəlləşdirmə prosesi hüquqi cəhətdən doğru aparılmadı və vətəndaşların böyük qismi əlindəki çeki müəyyən vəsait qarşılığında qara bazarda satışa çıxardı. Yəni, vətəndaş sahib olduğu çekdən məqsədə uyğun istifadə edə bilmədi. Bu gün xeyli sayda insanın əlində özəlləşdirmə çekləri qalmaqdadır. Bura sıravi vətəndaşlarla yanaşı, tanınmış şəxslər də daxildir. Həmin çeklərin bu vaxta kimi istifadə edilməməsinin səbəbi müəyyən gözləntilərin doğrulacağına inam hissinin olması idi.

Əslində özəlləşdirmə çeklərindən istifadəyə şərait yaradılsa, bu, müsbət təsirə malik ola bilər. Nəticədə vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilərlər. Bunun üçün şərait də mövcuddur. İşğaldan azad olunmuş ərazilərimizdə özəlləşdirmə prosesi aparılmamışdı. Həmin ərazilərdə xeyli sayda obyektlər vardı ki, özəlləşdirilməyə çıxarılmalı idi. Bu gün artıq Şuşa şəhəri, Ağdam, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl və Xocavənd rayonun bir hissəsində özəlləşdirmə prosesinin baş verməsi gözləntilər sırasındadır. Həmin ərazilərdəki obyektlər dağılsa da, dövlət qurumlarında həmin infrastrukturların siyahısının olması güman edilir. Bu baxımdan həmin obyektlər özəlləşdirməyə çıxarıla bilər. Qeyd edim ki, işğaldan azad olunmuş ərazilərdə satışa çıxarıla biləcək dağıdılmamış obyektlər də var. Bu ərazilərdə özəlləşdirmə prosesinin başlaması özəlləşdirmə çeklərini tədavülə buraxa bilər. Bu, vətəndaşlar və özəlləşdirmə çeklərinin gələcəyi taleyi üçün müsbət addım ola bilər”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki