“Fransa bəşəri idnan oyunlarını çirkin üsullarla siyasi prosesə çevirməyə cəhd edir”.
Bunu Busaat.az-a deputat Asim Mollazadə 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanda haqlı narazılıqlara səbəb olan insidentdən danlşarkən deyib.
Onun sözlərinə görə, Fransanın bu hərəkətləri Olimpiya oyunlarının prinsiplərinə də ziddir:
“Parisin adi idman yarışlarından sui-istifadə edərək siyasi mövqeyini, öz ədalətsiz yanaşmasını diktə etməyə çalışması yolverilməzdir. Söhbət təkcə Azərbaycandan getmir. Fransa digər dinləri də təhqir edir, irqi ayrı-seçkilik salır. Paris hökuməti bütövlükdə bəşəriyyəti təhqir edir. Bu da Fransanın neokolonial siyasətinin təzahürüdür. Əlbəttə, Avropa ölkəsinin ən azından beynəlxalq idman oyunlarında belə yanaşması çox təəssüf doğurur”.
Müsahibimiz vurğulayıb ki, Fransa siyasətini elə qurur ki, onlarla eyni təfəkkürdə olan bəzi dövlətlər, beynəlxalq strukturlar da Parisin mövqeyini nümayiş etdirir:
“Bu da təəssüf doğuran haldır. Avropanın bir sıra ölkələrində və təşkilatlarında qərəzli baxışlar mövcuddur. Ən ciddi problemlərdən biri odur ki, Fransa öz çirkin niyyətlərinə nail olmaq üçün başqa dövlətlərə də təzyiq göstərir, öz yanaşmasını onlara da diktə etməyə çalışır”.
Asim Mollzadə:Fransanın bu hərəkətləri Olimpiya oyunlarının prinsiplərinə də ziddir
A.Mollazadə qeyd edib ki, əslində Makron Administrasiyasının bu gün həyata keçirdiyi siyasət İkinci Dünya müharibəsi illərində Fransada mövcud olmuş hakimiyyəti xatırladır:
“Ovaxtkı hökumət alman faşizmi ilə əməkdaşlıq edərək Fransanı mübarizəsiz faşistlərə təslim etdi. Bu gün də elə təsəvvür yaranır ki, Fransada “kim daha çox faşist adına layiqdir” mübarizəsi gedir. Baş verənləri başqa cür ifadə etmək qeyri-mümkündür”.
Qeyd edək ki, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycanda haqlı narazılıqlara səbəb olan insident baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, Fransanın “France 2” telekanalında canlı yayımında aparıcılar Azərbaycan idmançılarına qarşı təxribat xarakterli açıqlamalar veriblər. Erməni komandasının keçidi zamanı kanalın aparıcılarından biri öz simpatiyasını gizlədə bilməyib:
“Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə”.
Aparıcı həmçinin Qarabağdakı qondarma rejimin tarixdən silinməsi ilə bağlı təxribatçı fikirlər səsləndirib. Bu sözlər Azərbaycan və Ermənistan idmançılarının keçidi kontekstində deyilib və bu da Azərbaycan ictimaiyyətinin mənfi reaksiyasına səbəb olub. Bunun ardınca Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi “Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası” kimi təqdim edib. Bu isə öz növbəsində şərhçinin Ermənistan komandası ilə bağlı fikirlərinə münasibətdə kəskin ziddiyyət təşkil edib və qərəzli olmasını göstərib.