Penitensiar xidmətin 91 əməkdaşının işinə xitam verilib

image-8e415c97-29f7-3e84-a745-0a2e30debb35_850backend

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2022-ci ilin birinci yarımili ərzindəki fəaliyyətin yekunlarına dair videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Busaat.az xəbər verir ki, müşavirədə Xidmətin Baş idarəsinin, eləcə də tabe qurumların rəhbər heyəti və Ədliyyə Nazirliyinin məsul əməkdaşları iştirak edib.

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni açaraq hesabat dövrü ərzində Penitensiar sahədə əldə olunmuş nailiyyətlər, həyata keçirilmiş mühüm yeniliklər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Çıxışı zamanı nazir müavini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edildiyini, işğaldan azad olunmuş ərazilərdə nəhəng quruculuq işlərinin aparıldığını, yeni strukturların yaradıldığını, müasir innovasiyaların tətbiq olundığunu bildirib.

Qeyd edilib ki, ölkə başçısının düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsində böyük uğurlar əldə edilmiş, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün mühüm addımlar atılmış, şəhid ailələri və müharibə iştirakçıları dövlət qayğısı ilə əhatə olunub. Xalqımızın xöşbəxt gələcəyinə hesablanan bir çox layihələrin müəllifi Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali keyfiyyətlərdən irəli gələn əzmkar və geniş fəaliyyətinin təməlində xalqa xidmət amalının dayandığı, Vətənin tərəqqisinə xidmət etdiyi, xalqın mədəniyyətinin, təhsilinin və səhiyyəsinin inkişafına töhfələr verdiyi vurğulanıb.

Qadın və yetkinlik yaşına çatmayan məhkumlar üçün yeni istifadəyə verilmiş penitensiar müəssisəyə şəxsən başçəkməsi və orada yaradılmış şəraitlə tanış olması cənab Prezidentin cəmiyyətimizin bütün sosial təbəqələrinə diqqət və qayğısının daha bir nümunəsidir. Dövlət başçısının humanist siyasətinin davamı olan, 213 məhkuma şamil edilmiş 27 may 2022-ci il tarixli Əfv Sərəncamı vaxtında və qüsursuz icra edilmiş, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 168 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunmuş, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Bildirilmişdir ki, nizam-intizamın gücləndirilməsi, karantin rejiminin tələblərinə ciddi riayət olunması nəticəsində koronavirus infeksiyasının penitensiar müəssisələrdə və əməkdaşlar arasında geniş yayılmasına imkan verilməmiş, bütün qurumlarda profilaktiki tədbirlər davam etdirilmişdir.
Daha sonra Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov Xidmətin 2022-ci ilin ilk 6 ayı ərzindəki fəaliyyətin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.

Qeyd olunub ki, ötən dövr ərzində Penitensiar xidmət tərəfindən ölkə başçısının müvafiq fərman və sərəncamları, nazirliyin kollegiya qərarları, Nazirlik üzrə əmr və göstərişlər rəhbər tutularaq fəaliyyət istiqamətləri üzrə penitensiar sistemin inkişafına, kadr potensialının gücləndirilməsinə, həbs edilmiş şəxslərin, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılmasına, onların hüquqlarının etibarlı qorunmasına yönəlmiş ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının, eləcə də Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrası davam etdirilmiş, aidiyyəti tədbirlərin həyata keçirilməsi məqsədilə işlər görülmüş, penitensiar müəssisələrdə təmir və abadlıq işləri davam etdirilmiş, həbs edilmiş şəxslərin və məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Cəzadan şərti olaraq vaxtından əvvəl azad olunma, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi, sənədləşmənin aparılmasında mövcud olmuş nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilmişdir. Virtual qaydada keçirilən iclaslarda Xüsusi Komissiya tərəfindən məhkəməyə göndərilmiş müraciətlərdən 85%-dən çoxu təmin edilib.

Keçirilən kompleks əməliyyat-rejim tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 435 cinayət hadisəsinin qarşısı alınıb.

Hesabat dövründə 20 fakt üzrə narkotik və psixotrop maddələrin və 6 fakt üzrə mobil telefonların gizli yolla penitensiar müəssisələrə keçirilməsinin qarşısı alınmış və qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Cinayətkarlıqla mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələr səmərəli təşkil olunmuşdur. Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində 5 il əvvəl Quba rayonunun ərazisində 2 nəfərin, 10 il əvvəl isə Bakı şəhəri Yasamal rayonunun ərazisində 1 nəfər vətəndaşın qətlə yetirilməsi cinayətinin üstü açılmışdır. Bundan başqa birgə tədbirlər nəticəsində barəsində axtarış elan edilmiş 5 nəfər saxlanılaraq istintaqa təqdim edilmiş, 19 kiloqramdan çox müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilmiş şəxslər və məhkumlar tərəfindən könüllü olaraq təqdim olunmuş 1 ədəd tapança, 1 ədəd tüfəng, 1 ədəd qumbara və 78 ədəd güllə (7.62 mm) ərazi polis orqanlarına təhvil verilmişdir.

Ədliyyə orqanlarına işə qəbul üzrə Müsabiqə Komissiyasının şəffaf və səmərəli fəaliyyəti, vakant vəzifələrin vaxtında komplektləşdirilməsi nəticəsində Penitensiar xidmətə 30 nəfər orta rəis heyətinə, 74 nəfər kiçik rəis heyətinə, 17 nəfər isə mülki işə qəbul edilmişdir. 2022-ci ilin birinci yarımili ərzində 91 əməkdaşın ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.

Avropa Penitensiar Qaydalarının, digər beynəlxalq sənədlərin və İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) məhkumların və həbs edilmiş şəxslərin saxlanma şəraiti, xüsusilə onların yaşayış sahəsi ilə bağlı tövsiyələri nəzərə alınmaqla ölkənin müxtəlif regionlarında yeni tipli qarışıq rejimli penitensiar müəssisə kompleksləri inşası davam etdirilir. Bakı şəhəri Zabrat qəsəbəsində yeni konsepsiyada və müasir tipdə inşa edilmiş qadın cəzaçəkmə və yetkinlik yaşına çatmayan məhkumlar üçün tərbiyə müəssisəsi istismara verilmiş, 30.03.2022-ci il tarixdə 4 saylı cəzaçəkmə və Tərbiyə müəssisələrində saxlanılan məhkumların həmin müəssisəyə köçürülməsi təmin edilmişdir.

Hesabat dövründə vətəndaşların və məhkumların müraciətlərinə baxılmasına xüsusi önəm verilmişdir. Ümumilikdə dövr ərzində qəbullar və müraciətlərə baxılması ilə bağlı vətəndaş məmnunluğuna nail olunmuş, müraciətlərdə qaldırılmış məsələlərə həssaslıqla yanaşılmış və müvafiq tədbirlər görülmüşdür. Məhkumların hüquqlarının təmin olunması, onlara müvafiq hüquqi yardımın göstərilməsi məqsədilə məhkum qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində vətəndaş cəmiyyəti nümayəndələrinin, psixoloqların iştirakı ilə qəbullar təşkil olunmuş, məhkumları narahat edən məsələlərə aydınlıq gətirilmiş, məsləhətlər verilmişdir. Vəkillər Kollegiyası ilə əldə olunmuş razılaşmaya əsasən təcrübəli vəkillər tərəfindən qadın məhkumların fərdi qaydada təmənnasız hər ay qəbulu keçirilmişdir. Artıq bu praktika digər cəzaçəkmə müəssisələrində də geniş tətbiq olunur.

Müşavirədə Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının və cəzaçəkmə müəssisələrinin rəhbərlərinin çıxışları dinlənilmişdir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90