Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun geri çağırılacağı və Şuşadan parlament seçkilərinə qatılacağı haqda informasiyalar təsdiqləndi. Əvvəl bəlli oldu ki, P.Bülbüloğlunun “Novoyevremya.com” saytına müsahibə verib və deyib ki, şuşalılar onu deputat seçəcəyi təqdirdə, onların etimadını doğrultmaq üçün hər şey edəcək.
“Şuşadan deputat olmaq böyük şərəfdir” deyən Xalq artisti namizəd olub-olmadığı haqda ümumiyyətlə danışmayıb, sadəcə, jurnalistin Şuşadan deputat olması ilə bağlı sualını cavablandırıb. Ancaq tezliklə məlum olub ki, bu sadəcə istək deyil, Polad Bülbüloğlu 124 saylı Şuşa-Ağdam-Xocavənd Dairə Seçki Komissiyasına artıq müvafiq sənədləri təqdim edib.
Bu xəbər Rusiyaya səfir postuna göndəriləcək namizədlər haqqında müzakirələrə də yol açıb. Məlumatda iddia olunur ki, bu strateji posta YAP-ın namizəd seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanır.
Yada salaq ki, ötən həftə Şuşada keçirilən Beynəlxalq Media Forumda Prezident İlham Əliyev Rusiya ilə əlaqələrin indiki vəziyyəti və gələcək perspektivi barədə də suala cavab verib. Prezident öncə deyib ki, ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir: “Düşünürəm ki, hətta müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarilə biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxəsrlik tarixi nəzərə alınmaqla nizamlamışıq. Siz tamamilə haqlısınız, son vaxtlar Zirvə görüşlərinin intensivliyi artıb və buna böyük ehtiyac var. Biz apreldə Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində görüşmüşük və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çox genişdir. Ancaq onu da deməliyəm ki, indi əsasən, gündəlik çox geniş olsa da, – siz, əlbəttə, gündəliyə hamıdan daha yaxşı bələdsiniz, – düşünürəm ki, yenə də ön plana çoxtərəfli əməkdaşlıq məsələləri çıxır. Çünki prinsip etibarilə, ikitərəfli əməkdaşlıqda artıq hər şey nizamlanıb.
Siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Ancaq çoxtərəfli əməkdaşlıqla bağlı məsələlərə gəldikdə, bu sahədə əlbəttə ki, həm tərəfdaşların, həm də başqa ölkələrin iştirakı ilə müzakirə etdiyimiz, həll etdiyimiz mövzular çoxdur. Bu, ilk növbədə, geosiyasi vəziyyət və həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Lakin bir çox başqa mövzular da var. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir”.
Azərbaycanın Qarabağda suverenliyini tam bərpasından və Rusiya sülhməramlıları ölkəmizi tərk etdikdən sonra Bakı-Moskva münasibətləri siyasi baxımdan stabillik dövrünü yaşayır. Prezident də deyir ki, ilk növbədə geosiyasi vəziyyətlə bağlı əməkdaşlıq son dərəcə zəruridir.
Rusiya ilə əlaqələrin indiki səviyyəsi diplomatik korpusda hansı dəyişiklikləri zəruri edir? Ümumiyyətlə, Rusiya kimi strateji ölkəyə səfir təyinatında hansı prinsiplər əsas götürülür? Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Polad Bülbüloğlu deputat seçiləcəyi halda onun diplomatik fəaliyyəti sonlandırılacaq. Politoloqun fikrincə, onun yerinə uyğun bir namizədin müəyyən edilməsi prosesi gedir: “Azərbaycan və Rusiya arasında münasibətləri və 200 ildən artıq əlaqələri nəzərə alsaq təbii ki, Moskvaya göndəriləcək şəxs bir çox məsələlərlə bağlı xüsusi keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin səfir həmin ölkəni yaxşı bilməlidir, Rusiya cəmiyyətində, xüsusən də elitasında ona qarşı müsbət münasibət olmalıdır. Həmin şəxs Rusiya siyasi mədəni və iqtisadi elitası ilə çox effektiv əlaqələr qurmağı, Rusiya mediası ilə işləməyi, azərbaycanlılarla sıx əlaqələr qurmağı bacarmalıdır. Təbii ki, eyni zamanda, ölkə Prezidentinə çox yaxın və sadiq şəxs olmalıdır. Azərbaycan və Rusiya münasibətləri hal-hazırda müttəfiqlik münasibətləri səviyyəsindədir. Ona görə də bu cür ölkələrə adətən Prezidentə yaxın hesab olunan şəxslər səfir göndərilir. O baxımdan bir daha qeyd edirəm, səfir peşəkar diplomat olmalıdır, Rusiya mühitini və cəmiyyətini çox yaxşı tanımalıdır və özü də orada tanınmalıdır, qəbul edilməlidir, iki ölkə arasında bütün sahələrdə inkişafa töhfə verə biləcək addımları atmaq keyfiyyətlərinə malik şəxs olmalıdır”.