Prezident İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsinə  səfəri

image-3backend

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev avqustun 12-də Ağsu və İsmayıllı rayonlarına səfəri zamanı bir sıra tədbirlərdə, o cümlədən sosial, mədəni və iqtisadi obyektlərin açılışında iştirak edib, bərpa-tikinti işləri ilə yerində tanış olub.

Səfərin sonunda Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına geniş müsahibə verib. Müsahibə zamanı, Prezident Ağsu və İsmayıllı rayonlarında aparılan konkret işlərdən bəhs etmiş, eyni zamanda ölkə miqyaslı məsələlər barədə fikir və rəylərini bildirmişdir.

Bundan əlavə, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda görülən işlər, mövcud vəziyyət və gələcək perspektivlər barədə danışmışdır.

Dövlətimizin başçısı xüsusilə son günlərdə Laçın rayonu istiqamətində erməni silahlı birləşmələrinin təxribatları və onlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi “Qisas” əməliyyatına dair bəyanatlar vermişdir.

Prezident İlham Əliyevin bölgələrimizə müntəzəm səfərləri həmin aparılan işlərin birbaşa onun nəzarətində və diqqət mərkəzində olmasından xəbər verir.

Prezident bildirdi ki, qazlaşdırma və elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı Ağsu və İsmayıllı rayonlarında çox böyük layihələr icra edilmişdir.

Belə ki, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Ağsu və İsmayıllıda son dövrdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Kənd yolları bərpa edilir və yeniləri inşa edilir.

Eləcə də, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş və yaxud da əsaslı şəkildə təmir olunmuşdur.

 

Yeri gəlmişkən, İsmayıllı rayonunun Basqal qəsəbəsinə Prezident İlham Əliyevin avqustun 12-də səfəri zamanı açılışında iştirak etdiyi “Basqal Resort & Spa” otelinin inşa edilib istifadəyə verilməsi nəticəsində 300-ə yaxın yeni iş yeri yaranır ki, burada da yerli sakinlər çalışacaqlar.

Bölgələrdə yaradılan müəssisələrdə yerli sakinlərin işə cəlb olunmasına xüsusi diqqət yetirilir.

179 yerlik otaqdan ibarət yeni otelin açılması bölgənin turizm potensialının reallaşdırılmasına böyük bir töhfədir. Turizmin inkişaf etdirilməsi və digər sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə yanaşı, bölgələrimizdə milli-mənəvi və mədəni abidələrimizin qorunması da önəmli məsələdir.

Təsadüfi deyildir ki, öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilən və yaşı 500 ildən çox olan Qobustan rayonu ərazisində yerləşən “Diri Baba” türbəsi bərpa və konservasiya olunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi zamanı erməni qanunsuz silahlı birləşmələrinin son günlər Laçın rayonunda törətdiyi təxribatlara qarşı keçirilən “Qisas” əməliyyatının qısamüddətli, amma çox təsirli cəza tədbiri olduğunu bildirdi.

Dedi ki, “Qisas” əməliyyatından sonra Ermənistan yüzlərlə hərbçisini Qarabağ bölgəsindən çıxarıb. Prezident bir daha erməni tərəfinə xəbərdarlıq etdi ki, yenidən oxşar təxribatlar olacağı halda, cavabımız da eyni olacaq

 

Nəsimi rayonu 151 N-li tam orta məktəbin tarix müəllimi

İsmayılov Murad

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90