PUTİNİ TƏLƏYƏ SALAN MİLYARDER – Hələ pandemiya dövründən Putinin “beynini doldururmuş”

image-8ae8eded-1ebd-496c-ba31-2444b4222691backend

Müharibənin 10-cu ayı getsə də Vladimir Putinin Ukraynaya qarşı işğalçılıq savaşına başlamaq barədə qərarı nəyin və kimlərin təsiri altında qəbul etdiyinə dair müzakirələr davam edir. Putinə təsir edən şəxslər sırasında Nikolay Patruşevdən Sergey Şoyquya qədər müxtəlif iri ranqlı mərmurların adları çəkilir.

Lakin Rusiya daxilində bu rəsmi şəxslərlə yanaşı, tez-tez Putinin yaxın dostu, milyarder Yuri Kovalçukun adı çəkilir. Hətta qeyd olunur ki, məhz onun Putinə təsir imkanları istənilən rəsmi şəxsin, məmurun, nazirin və s. təsirindən qat-qat çoxdur. Artıq Qərb mətbuatında da eyni fikirlər yer almaqdadır.

Busaat.az  xəbər verir ki, “Wall Street Journal” nəşrində bu mövzuyla bağlı dərc edilən məqalədə “məhz Kovalçuk sistematik olaraq Kremli Qərbin zəif olduğuna inandırmaqla məşğul olub”, deyə bildirilir.

“Wall Street Journal” Kovalçuk ailəsinə yaxın mənbələrə istinadla xəbər verir ki, Yuri Kovalçuk 24 fevral ərəfəsində Putinlə ən çox telefon əlaqəsi saxlayan şəxslərdən biri, bəlkə də birincisi olub. Məqalədə qeyd olunur ki, Kovalçuk Putinin siyasətinə və onun Kremldəki məmurlarına güclü təsirə malikdir. O, həm də Putin ailəsinin sərvətini idarə edən əsas fiqur sayılır. Kovalçuku milyarderə çevirən də təbii ki, Putinlə yaxın əlaqələri olub…

Bununla yanaşı, əlində böyük informasiya resursları, televiziyalar, mətbuat orqanları olan 71 yaşlı Kovalçuk özü Ukrayna əsilli olsa da, Rusiyadakı ən qatı imperiyaçı şəxslərdən biri hesab olunur. Müharibə başlayandan onun əlindəki aparıcı Rusiya media qurumları Kremlin təbliğatı ilə məşğul olur, bu savaşın qaçılmaz olduğunu, səfərbərliyin vacibliyini iddia edir, hətta nüvə silahından istifadəyə əl atılmasına qədər bir çox çirkin “təkliflər”lə çıxış edirlər.

Qəzet öz mənbələrinə istinadla bildirir ki, hələ 2020-ci ildə, pandemiya dövründə Kovalçuk tez-tez Putinin qəbulunda olaraq onunla saatlarla Rusiya tarixi, Qərbə qarşı güc tətbiqi mövzusunu müzakirə edib və onu inandırmağa çalışıb ki, Ukraynaya hərbi müdaxilənin vaxtı çatıb. Bu vaxt həmçinin, Qərbin zəif olduğunu, onun birlik nümayiş etdirməyəcəyini və Ukraynaya lazımi dəstək göstərməyəcəyini önə çəkib.

Nəticələr göstərir ki, Kovalçuk onsuz da sağalmaz imperiyaçılıq xəstəliyinə yoluxmuş Putinə doğrudan da kifayət qədər təsir göstərə bilib. Lakin onun Ukraynanın və Qərbin zəifliyi barədə iddiaları və proqnozları özünü qətiyyən doğrultmayıb…

 

“AzPolitika.info”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki