Sosial şəbəkələrdə Bakı sakinləri tərəfindən paylaşılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub. Paytaxtın müxtəlif sahil zonalarında dəniz suyunun rəngi qırmızı və qırmızımtıl çalarlara boyanıb. Hadisə şahidlərinin çəkdiyi videolarda suyun rənginin fərqli nöqtələrdə kəskin şəkildə dəyişdiyi və sahildə qeyri-adi təbəqənin yarandığı aydın görünür. Sakinlər arasında təşviş və təəccüb doğuran bu vizual dəyişiklik dənizdəki ekoloji problemləri yenidən gündəmə gətirib.
Məsələ ilə bağlı Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin rəhbəri, Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov Demokrat.az-a açıqlama verib. O, dənizdə baş verən bu prosesin elmi izahını verərək əhalini diqqətli olmağa çağırıb:
“Mikroorqanizmlərin, əsasən fitoplanktonların həddindən artıq çoxalması nəticəsində yaranan təbii hadisəni ifadə edir. Bu proses zamanı suyun rəngi dəyişə bilər və belə mühitlərdə çimmək sağlamlıq baxımından tövsiyə olunmur. Adətən bu hal sahilyanı ərazilərə məişət və kanalizasiya sularının qarışdığı, eləcə də ekoloji tarazlığın pozulduğu zonalarda müşahidə edilir. Buna görə də ətraf ərazilərdə çirklənmənin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır. Bakının çirkab suları orada təmizlənir. Çox güman ki, həmin ərazidə sular yaxşı təmizlənmir. Belə yerlərdə balıq tutmaq da olmaz.
Ümumiyyətlə, həssas insanların dəniz ilə hər hansı bir ünsiyyəti olmamalıdır”.









