QHT sektorunda boşluqlar və ayrılan vəsaitlərin qaranlıq taleyi

image-mycollages_-_2023-06-05t133015-875backend

Dövlətin və cəmiyyətin fayda görmədiyi qrantların xərclənməsi istiqamətində araşdırmalar başlanmalıdır

Azərbaycanda Qeyri-Hökumət Təşkilatları (QHT) ilə bağlı illərdir cəmiyyətdə daşlaşmış mövqe var: bu sahəyə ayrılan vəsaitlər daha çox şəxsi məqsədlər, kimlərinsə dolanışığı üçün xərclənir və dövlətin bu istiqamətə yönəltdiyi vəsaitlər əsl hədəfinə çatmır.

Son günlər QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2023-cü il kiçik qrant müsabiqəsinin nəticələri ətrafında yaradılan ajiotaj bu məsələni yenidən və daha ciddi şəkildə aktuallaşdırmaqdadır. Dövlətin müxtəlif xətlərlə (həm QHT Agentliyi, həm də dövlət orqanları) vasitəsilə ayırdığı milyonlarla vəsaitlərin praktiki nəticələri niyə ortada yoxdur? QHT-lər öz işlərini nə dərəcədə şəffaf yerinə yetirirlər? QHT-lərin qeydiyyatındakı qaranlıq məqamlar niyə araşdırılmır? Dövlət orqanları tərəfindən QHT -lərə verilən böyük vəsaitlərin məbləği, hansı təşkilata ayrılması cəmiyyətdən niyə gizlədilir?

Bütün bunlarla yanaşı, QHT-lərin son günlər səsləndirdiyi narazılıqlar, məbləğin azlığı və s. ittihamlar var və bu ittihamlar nə dərəcədə əsaslıdır? Narazıların hətta bir qədər irəli gedərək, QHT-lərin inkişafına yönəlmiş dövlət siyasətində hər hansı problem axtarması yönündəki fikirləri doğrudurmu?

Bu suallara aydınlıq gətirən məqamlara keçməzdən öncə ümumi mənzərəyə diqqət edək. Önümüzdəki tablo ondan ibarətdir ki, bu günə kimi QHT Agentliyi tərəfindən ayrılmış yüksək məbləğlər effektiv xərclənmir. Müsabiqələrdə qalib olmuş QHT-lərə verilən vəsaitlərin praktiki nəticələri o qədər cüzidir ki, buna səbəb olan amillər üzərindən sakitcə keçmək mümkün deyil. Məsələnin bu tərəfini arxa planda saxlayıb, sırf QHT-lərin inkişafına yönəlmiş dövlət siyasəti üzərinə fokuslanmaq, yəni həm 2007-ci ildə təsdiq olunmuş QHT-lərin inkişafına Dövlət Dəstəyi Konsepsiyasında, həm QHT Agentliyinin strukturu və fəaliyyət istiqamətlərində hər hansı problem axtarmaq doğru deyil. Dövlətin QHT sektoruna böyük dəstəyi ortadadır və mübahisə predmeti ola bilməz.

Düzdür, hansısa qanun mükəmməl sayılmaya bilər. Amma məşhur deyimdə olduğu kimi, hətta pis, amma işləyən qanunlar, yaxşı, ancaq işləməyən qanunlardan daha yaxşıdır. Bu baxımdan problemi təsisatlarda, qanunlarda və ya dövlətin siyasətində axtarmaq kökündən yanlışdır. Əsl problem qanun və qaydaların icrası mexanizminin effektiv işləməməsindədir. Bura mövcud olan neqativ halları da əlavə etsək, bu sahədə problemlərin daha da qabarıq olduğunu görərik.

İlk öncə QHT-lərə ayrılan qrantların hansısa normal bir iş görmək üçün deyil, QHT rəhbərinin dolanışığını təmin etmək üçün verildiyi fikri üzərində dayanaq. Nə yazıq ki, QHT-lərin əksəriyyətinin qrant layihəsinin icrası ilə bağlı hesabatlarını araşdırdıqda fərqli mənzərənin şahidi olmuruq. Belə ki, görülən işlərə ayrılan vəsaitin hardasa 20-30 faizinin sərf olunduğunu aydın görmək mümkündür. Layihələrdə ən çox vəsaitin ünvanları da eynidir; kitab, broşür, jurnal və s. bu kimi əyani vəsaitlərin çapı və ya tədbirlərin təşkili. Əyani vəsaitlərin qiyməti dəfələrlə şişirdilir, keçirilən tədbirlər isə 3-4 nəfərin şəkil çəkdirməsindən o yana keçmir. İş burasındadır ki, qeyd olunan istiqamətlərə qrantın 50-60 faizi sərf olunur. Qalan vəsaitin ünvanı da bəllidir; şişirdilmiş maaşlar, yol xərcləri və s. Ümumiləşdirsək və konkret rəqəm üzərində dayansaq, nəticə göz önündədir: misal üçün 10 min manatlıq qrant layihəsinin reallıqda 2-3 min manatı sərf olunur, qalanı isə sadəcə, mənimsənilir.

Qeyd olunanlarla yanaşı, son 5 il ərzində elan edilmiş qrant layihələrinin içində diqqəti cəlb edən xətt var. Layihələrin çoxu xarici ölkələrdə milli məsələlərlə bağlı konfransların təşkili ilə bağlıdır. Məkan kimi hara seçilsə yaxşıdır? ABŞ, Avropanın Brüssel, London, Paris kimi bahalı şəhərləri. Bəs belə bahalı şəhərlərdə bu qəbildən olan layihələri gerçəkləşdirmək üçün ayrılan vəsaitin məbləği nə qədərdir? Yaxşı halda 10-15 min manat və ya daha az məbləğ. Reallığa zidd və gülüş doğuran durum deyilmi? Bu məbləğlə nəinki Parisdə, ABŞ-də, heç MDB ölkələrində tədbir keçirmək mümkün deyil. Konkretləşdirsək, məsələn Qarabağ məsələsi ilə bağlı Londonda normal konfrans təşkil etmək üçün ən azı 100-150 min manat vəsait lazımdır. Əcəba, QHT-lər bunu 10-15 min manata necə edə bilirlər? Azərbaycandan gedənlərin bilet, hotel, nəqliyyat, saxlanma xərcləri, tədbirin keçiriləcəyi yerin arendası, banerlərin, əyani vəsaitlərin hazırlanması, işin təşkilinə əlavə insanların cəlb edilməsi, onlara maaşlar verilməsi, üstəlik dövlətə vergi ödənilməsi və s. cəmləsək, bu işin qeyd olunan məbləğə görülməsinin tam mümkünsüzlüyünə şübhə yeri qalmır. Bəs, bu layihələrlə çıxış edən QHT-lərin “fitri istedadı” nədədir ki, qat-qat, reallıqdan uzaq məbləğlə bunu həyata keçirə bilirlər? Bəlli olur ki, QHT rəhbəri ancaq özünə bilet alır, uçur misal üçün Londona. Ardınca orada dost-aşna vasitəsilə və ya başqa xətlə 3-4 azərbaycanlı tapır, hansısa binada onlarla masa arxasında mütləq şəkil çəkdirir, mikrofonun qabağında durub poz verir. Geri qayıdandan sonra isə bir neçə tanış saytda, özünün sosial şəbəkə hesabında Londonda Azəbaycanın hansısa milli problemini həll etdiyini bəyan edir. Əlbəttə, belə olanda işi 10-15 min manata bağlamaq mümkün olur. Ayrılan 15 min manatın 2-3 min manatı yola xərclənir. Qalanı isə gedir, nə qədər kobud səslənsə də QHT rəhbərinin cibinə. İtirən isə dövlətdir. Çünki belə qurama tədbirdən dövlət, bütövlükdə cəmiyyət heç nə əldə etmir.

Elə rəy yaranmasın ki, problem ancaq və ancaq QHT Agentliyinin xətti ilə ayrılan qrantlardadır. Bu gün dövlət orqanları tərəfindən QHT-lərə verilən böyük vəsaitlər də eyni taleyi yaşayır. Ən acınacaqlısı da odur ki, burada vəziyyət daha mürəkkəbdir. Çünki bu vəsaitlərin məbləği, verilmə mexanizmi, onların icrası və hesabatlılığı barədə cəmiyyət tam məlumatsızdır. İctimaiyyət ancaq onu bilir ki, Təhsil, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi və digər nazirliklər tərəfindən ictimai təşkilatlara yüz minlərlə, milyonlarla vəsait verilir. Vəssalam! Kimə, nə qədər və nə üçün vəsait verildiyi barədə heç bir informasiya mövcud deyil. Belə gizlilik şəraitində kim zəmanət verə bilər ki, bu vəsaitlər təyinatı üzrə şəffaf xərclənir, heç bir mənimsəmə faktı yoxdur?

Şəffaflıqdan o vaxt danışmaq olardı ki, dövlət orqanları tərəfindən QHT-lərə verilən qrantlar məsələsində bir pəncərə prinsipi tətbiq olunardı və bu proses cəmiyyət üçün açıq gedərdi. İndiki halda dövlətin milyonlarla pulunun hara getdiyi görünmür. QHT Agentliyi bunu edirsə, şəffaf proses aparırsa, niyə nazirliklər, komitələr və digər dövlət orqanları bunu etmir?..

İş bununla bitmir və bu sahədə başqa qaranlıq məqamlar da var. Elə düşünülməsin ki, problemlər təkcə artıq dövlət qeydiyyatı olan QHT-lərin fəaliyyətindədir. Əslində problemin kökü QHT-lərin qeydiyyatından başlayır. İllərdir, QHT-lərin qeydiyyatı məsələsində ciddi problemlərin olması, hətta bu təşkilatlardan qeydiyyata görə rüşvət tələb olunması barədə rəy mövcuddur və bu rəy heç da boşuna yaranmayıb. Atalar misalında deyildiyi kimi, od olmayan yerdən, tüstü çıxmaz. Üstəlik, xarici qrantların və ianələrin qeydiyyatında yenə də rüşvət amilinin olması barədə deyilənlərin üstündən susqunluqla keçilir, deyilənlər araşdırılıb aydınlığa çıxarılmır.

Bütün bunlar isə acınacaqlı vəziyyət doğurur. QHT sektorunda illərdir fəaliyyət göstərən bir nəfər oğlunun, qızının, həyat yoldaşının, gəlininin, kürəkəninin, qardaşının, qısası bütün qohum-əqrəbasının adına QHT yaradır və hamısını qeydiyyatdan keçirir. Nəticə isə o olur ki, QHT Agentliyinə bütöv bir nəslin adına qeydiyyatdan keçmiş təşkilatlardan layihələr daxil olur. Bütün bu şəbəkənin başında da təbii ki, bir nəfər dayanır və adı siyahıya düşən bütün yaxın təşkilatlardan vəsaitlər də əsasən ona çatır. Yaxud da Milli Məclisin neçə-neçə deputatının QHT-si və ya QHT-ləri var. İstər Agentliyin, istərsə də dövlət orqanlarının maliyyələşdirdiyi təşkilatlar sırasında onlar da kifayət qədər önəmli yer tuturlar. Birincisi, deputatların QHT sektorunda fəaliyyəti nə dərəcədə qanunauyğundur. İkincisi, bu QHT-lərin irəliləməsində həmin millət vəkillərinin inzibati imkanlardan istifadə etməsi barədə dolaşan iddialara aydınlıq gətirilməlidir. İkincisi də, bu təşkilatların layihələri necə icra etməsi, ayrılan maliyyə vəsaitlərinin sərfiyyatı məsələsi araşdırılmalıdır.

Beləliklə, xoşagəlməz reallıqla üz-üzəyik: dövlət QHT sektorunun inkişafına vəsait ayırır, amma onların fəaliyyətindən nə dövlət, nə də cəmiyyət heç bir fayda görmür. Bu durum mütləq dəyişməlidir! Bütün bu boşluqlar, qüsurlar, qaranlıq məqamlar mütləq və mütləq araşdırılmalı, aradan qaldırılmalıdır!

Yəqin ki, dövlət də bu vəziyyətdən xəbərdardır və artıq bunun belə davam etməsinə göz yumulmayacaq. QHT sahəsində son günlər baş verənlər səbr kasasını daşıran son damla ola bilər… Qalır dəyişiklikləri gözləmək…

Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki