Qlobal diplomatiyanın mərkəzində Azərbaycan İMZASI: “Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin rolunu bir daha ortaya qoyur”

image-1backend

“Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi olaraq ölkəmiz beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirak edir. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası dövlətimizin beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı deyib.

media-c4619e93-07a9-4f74-b044-eecf0833c8f2

Millət vəkili 11-13 aprel tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumunda ölkəmizin iştirakını dəyərləndirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq mərkəzi kimi çıxış edir:

“Xarici siyasətdə balanslaşdırılmış qarşılıqlı hörmətə və faydaya əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradıb. Ölkəmizin beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında nümayəndə heyətimizin aprelin 11-13-də Türkiyənin Antalya şəhərində keçirilən IV Antalya Diplomatiya Forumunda iştirakı xüsusi vurğulanmalıdır”.

Millət vəkili onu da diqqətə çatdırıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə keçirilən tədbirdə dörd mindən çox qonaq iştirak edib:

“Forumda dünyanın 140-dan çox ölkəsindən 20-dən artıq dövlət və hökumət başçısı iştirak edirdi. Tədbir 50-dən çox xarici işlər nazirləri də daxil olmaqla, 70-dən artıq nazirlə təmsil edilirdi və təxminən 60 yüksək səviyyəli beynəlxalq təşkilatın nümayəndələri buraya qatılmışdı. Bu faktlar Antalya Diplomatiya Forumunun mühüm beynəlxalq platforma olduğunu təsdiqləyir və bu mötəbər forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı qlobal diplomatik nizamda ölkəmizin rolunu bir daha ortaya qoyur. Azərbaycanın lideri bu platformada sadəcə iştirakçı deyil, həm də müzakirələrə istiqamət verən, təkliflər ilə çıxış edən, diplomatik tənəzzül dövründə çıxış yolları göstərən bir siyasətçi, lider kimi qəbul olundu. Ölkə başçısının milli maraqlara söykənən mövqeyi həm də dünya üçün sülh, əməkdaşlıq və qarşılıqlı hörmətin vacibliyini xatırladır”.

T. Rüstəmxanlı əlavə edib ki, forumda Azərbaycan və Türkiyə liderlərinin bir araya gəlməsi də diqqət mərkəzində idi:

“Çünki nəinki regionda, hətta dünyada Türkiyə və Azərbaycan birliyinin əhəmiyyətli rolu var. Türkiyə ilə Azərbaycan siyasi və digər yönlərdən bir-birini tamamlayır. Ümumi nizamın tənzimlənməsində bu görüşün əvəzsiz əhəmiyyətə malik olduğunu yaxın günlərdə görəcəyik”.

“Bir sözlə, Antalya Diplomatiya Forumunun çox böyük əhəmiyyəti olduğu kimi, qlobal proseslərə də böyük faydası olacaq. Azərbaycan bölgənin lider ölkələri sırasındadır və bir çox proseslərdə həlledici rola malikdir. İstər İran-İsrail, istərsə də Türkiyə-İsrail mövzusunda Azərbaycanın mövqeyinin və sözünün böyük önəmi var. Bu forumun nəticələri həm bölgədə, həm də dünyada sülhə olan gözləntilərin reallaşmasına töhfə verəcək. Antalya Diplomatiya Forumunun qlobal proseslərə böyük faydası olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki