“Erməni Apostol Kilsəsi sülhü deyil, yenidən müharibəni təbliğ edir, revanşizm ideyalarını körükləyir. Halbuki, sülhü tərənnüm etmək, xalqlar arasında qarşılıqlı anlaşma mühiti yaratmaq dini liderlərin mənəvi borcudur”.
Busaat.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistriası qəbul edərkən deyib.
QMİ sədri Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əməkdaşlıq əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.
Şeyxülislam Azərbaycanda dinlər və məzhəblər arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb.
O, Azərbaycanın dini mərkəzinin pravoslav konfessiyası ardıcılları, o cümlədən Rus Pravoslav Kilsəsi, Gürcü Pravoslav Kilsəsi ilə tarixən yaxın əlaqələrinin mövcudluğuna diqqəti çəkərək, Yunan Ortodoks Patriarxı I Varfolomey ilə dinlərarası dialoq müstəvisində məhsuldar əlaqələrin səviyyəsindən razılığını ifadə edib.
G20 Dinlərarası Forum ərəfəsində ötən ay İstanbulda Ekumenik Patriarxlıqda baş tutan tədbirdə olduğunu xatırladan Şeyxülislam QMİ nəzdində fəaliyyət göstərən Beynəlxalq Bakı Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin xətti ilə keçirilən beynəlxalq forumlar, o cümlədən Avropa ölkələrində baş tutmuş beynəlxalq konfranslar, Dünya Dini Liderlərinin Bakı Sammitləri barədə səfirə ətraflı məlumat verib. Bildirib ki, Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq Mərkəzində əməkdaşlıq etdiyi kolleqaları arasında yunanəsilli nüfuzlu din xadimi – Xalkidon Mitropoliti Emanuil Adamakis ilə əməkdaşlıq dinlərarası münasibətlər müstəvisinə öz töhfələrini verir.
Yunanıstan səfiri Xristos Kapodistrias QMİ sədri A.Paşazadəyə qəbula görə təşəkkürlərini bildirib, istər bölgədə, istərsə dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislamla görüşməkdən məmnunluğunu ifadə edib.
Səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ötən ilin oktyabrında Sofiyada enerji layihəsinin açılışı mərasimində Prezident İlham Əliyev və Baş nazir Miçotakis arasındakı əhəmiyyətli görüşün Yunanıstan-Azərbaycan ikitərəfli münasibətlərinə yenidən güclü təkan verdiyini xatırladıb.
A.Paşazadə son dövrlər Azərbaycanla Yunanıstan arasında iqtisadi münasibətlərin yüksək səviyyəsindən məmnunluğunu ifadə etdi və bunun dini-mənəvi sahədə də əlaqələrin genişlənməsinə müsbət təsir etdiyini deyib.
Şeyxülislam rəhbərlik etdiyi dini mərkəz – QMİ-nin dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələrinin mövcudluğunu qeyd edərək, Avropa ilə dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət çərçivəsində Yunanıstan və Yunan Ortodoks Kilsəsi ilə gələcək əməkdaşlıq perspektivlərinin xeyirlərə vəsilə olacağına ümidvar olduğunu bildirdi. Səfir, öz növbəsində, bunun üçün əlindən gələni əsirgəməyəcəyini bildirdi və Yunanıstanın dini lideri İeronim həzrətlərinin Şeyxülislam A.Paşazadəni Afinaya təşrif buyurmaq üçün dəvət niyyətindən bəhs edib.
Səmimi şəraitdə keçən görüşdə Şeyxülislam A.Paşazadə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər barədə danışıb. Azərbaycan dövlətinin lideri Prezident İlham Əliyevin rəhbərliyi və siyasi iradəsi sayəsində xalqımızın rəşadətli Ordusunun qüvvəsi ilə 30 ilə yaxın erməni işğalında olmuş əzəli torpaqlarını azad etməsindən sonra apardığı quruculuq işlərindən və bölgədə sülh yönündə səylərindən ətraflı bəhs etdi.
Şeyxülislam A.Paşazadə yunan səfirin diplomatik heyət tərkibində azad olunmuş Qarabağ və Şərqi Zəngəzur torpaqlarına səfərlər etməsini yüksək dəyərləndirib və xüsusi vurğulayıb ki, bu səfərlər bütün dünyaya işğal dövründə Azərbaycan torpaqlarına, mədəni-mənəvi irsinə qarşı törədilmiş vandalizm aktları barədə müfəssəl məlumat verir.
QMİ sədri təəssüflə qeyd edib ki, Erməni Apostol Kilsəsi sülh deyil, yenidən müharibəni təbliğ edir, revanşizm ideyalarını körükləyir. Halbuki, sülhü tərənnüm etmək, xalqlar arasında qarşılıqlı anlaşma mühiti yaratmaq dini liderlərin mənəvi borcudur.
Səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşrlər təqdim olunub.