Regionların sosial-iqtisadi inkişafına böyük töhfə

image-rayon-1backend

Azərbaycan Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermişdir. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırmış, Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açmışdır. Uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır. Ölkə regionlarının, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq, yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri prosesi davam edir. Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilmiş, insan amili daim diqqət mərkəzində saxlanılmış, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açmışdır. Son 15 ildə regionlarda 2980 məktəbdə, 360 məktəbəqədər təhsil müəssisəsində və 477 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmiş, regionlarda 34 olimpiya idman kompleksi, 34 gənclər evi inşa olunmuşdur. 2004-cü ildən etibarən icra olunan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları hesabına ölkə əhalisinin 77 faizinin yaşadığı regionların sosial infrastrukturu köklü şəkildə yaxşılaşdırılmış, əhalinin rifah halı yüksəlmişdir.Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır.Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

 

Səmra Əliyeva

Azərbaycan Dillər Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki