Ritorikalar aqresivləşir: Nüvə müharibəsi mümkündürmü? – TƏHLİL

image-ukraine-putin-zelenskybackend

Son günlər Rusiya və Ukrayna arasında yaşanan müharibə fərqli mərhələyə daşınıb. Belə ki, müharibənin ilk günlərindən Rusiyanın üstünlüyü ilə davam edən döyüşlər bir müddətdir ki, Ukrayna ordusunun üstünlüyü şəraitində keçir və Rusiya tərəfi işğal etdiyi bir çox bölgələrə nəzarəti itirib.

Digər tərəfdən, Rusiya işğal etdiyi bır sıra əraziləri itirməsinin ardınca işğalın davam etdiyi Luqansk, Donetsk, Xerson və Zaporojya kimi bölgələrdə “referendumlar” təşkil edib. Bu referendumlar adı çəkilən bölgələrdə bərqərar edilmiş sözdə hökumətlər tərəfindən reallaşdırılıb və Rusiyaya qatılmaq haqqında qərarların qəbulunu nəzərdə tutub.

Referendumlar Rusiya tərəfinin istədiyi şəkildə bitib və nəticələrə uyğun olaraq həmin bölgələr Rusiyaya “birləşməlidir”.

Ancaq paraleldə Rusiya tərəfi Ukraynanın suveren ərzilərini bombalamağa davam edir ki, bu zaman istifadə edilən silahlar kifayət qədər dağıdıcı, uzaqmənzilli raketlər ola bilir.

Dünya ictimaiyyəti isə, bu kimi hallarla bərabər nüvə silahının istifadəsi ilə bağlı sərt ritorikalar eşitməkdədir. Belə ki, Ukraynanın yuxarıda adı çəkilən 4 bölgəsinin Rusiyaya ilhaq edilməsi barədə planların ortaya çıxdığı ilk günlərdən Rusiya tərəfi özünün suverenliyini qorumaq üçün hər fürsətdən istifadə edəcəyini elan edib. Hətta bunu birinci şəxsin – Rusiya prezidentinin dilindən eşitmişik. Yəni, Rusiya özünün adlandırdığı ərazilərə qarşı hər hansı formada müdaxilə görəcəksə nüvə silahı istifadə edəcəkdir.

Məhz bu qorxunc bəyanatın nəticəsi idi ki, başda ABŞ və İngiltərə dövlətləri olmaqla bütün Qərb belə taleyüklü məsələyə səssiz qalmayıb, nüvə istifadəsinin layiqli cavabı olacağı barədə rəsmi Kremli xəbərdar ediblər.

Bu, bir çox hallarda nüvə müharibəsi təhlükəsi olaraq görülüb. İndi dünya ictimaiyyəti tərəflərin nüvə silahı istifadəsinin mümkünlüyü istiqamətində fərqli fikirləri bölüşür. Kimiləri belə bir riskin olmadığını bildirsə də, bəziləri ritorikanın bu qədər sərtləşməsini səbəbsiz adlandırmır.

Bəs həqiqətən də belə bir risk mümkündürmü?

Əvvəlcə qeyd edək ki, nüvə müharibəsi və nüvə istifadəsi fərqli anlayışlardır. Əgər bir tərəf nüvə atarsa və qarşılığında düşmən tərəflər də buna nüvə silahı ilə qarşılıq verərsə, bu halda nüvə müharibəsi, yox əgər sadəcə bir tərəf nüvə silahından istifadə edərsə, qarşı tərəf buna fərqli yollarla cavab verərsə və ya ümumiyyətlə cavab verməzsə, bu zaman nüvə istifadəsi olacaq.

Yaxın gələcəkdə dünyada nüvə müharibəsi gözləmək mümkün deyil. Çünki hazırda bir neçə ölkənin aqressor siyasət yeritməsinə baxmayaraq, əksər ölkələr müharibələrə qatılmaq, yaxud hasısa aqresiv qərarlar verməkdən çəkinir, diplomatiyaya üstünlük verir. Məsələn, həm Rusiya, həm ABŞ, həm Çin və həm də Qərb dövlətləri imperiyal maraqlardan çıxış edirlər. Ancaq bu ölkələrdən sadəcə biri – Rusiya öz maraqlarını aqressiya ilə həyata keçirməyi planlayır. Digərləri isə, diplomatik manevrlər edərək öz maraqlarının təmin edilməsinə çalışırlar.

Ona görə də, Rusiyanın nüvə silahı istifadəsi halında belə, Qərb-ABŞ blokunun, yaxud Çinin ona qarşı birbaşa nüvə silahı istifadə edəcəyini gözləmək olmaz. Bu həm də dünya sivilizasiyasının sonu deməkdir. Təsəvvür edək ki, tək ABŞ və Rusiyada birlikdə 15 minə yaxın nüvə başlığı var. 15 min deyil, 20-30 müvə silahının istifadəsi belə təsəvvür edilməyəcək fəlakət deməkdir. ABŞ Yaponiyaya sadəcə iki nüvə silahı atıb ki, indiyədək həmin regionlar bu fəlakətin fəsadlarını aradan qaldıra bilməyib. Hər halda, heç Putin də dağılmış dünyaya liderlik iddiasında deyil.

Burada qeyd etmək lazımdır ki, dünyada nüvə müharibəsinin yaşanmasından çox, Rusiyanın məhdud sayda taktiki nüvə silahlarından istifadəsi mümkün görünür. Proseslər bu istiqamətdə davam edir. Diqqət yetirək:

Rusiya-Ukrayna müharibəsi başlamamışdan əvvəl eyni tendensiya hökm sürürdü. Qərb-ABŞ bloku Rusiyanın Ukraynaya hücumunun mümkünlüyünü bildirilir, belə bir hal yaşanarsa Rusiyaya qarşı adekvar və sərt cavab tədbirlərinin görüləcəyini açıqlayır və sanki Putini əsəbləşdirərək ona Ukraynaya hücum etməkdən başqa seçim yeri qoymurdular.

Belə də oldu. Rusiya heç kimin gözləmədiyi, təxminlərin özünün məğlub olacağını dediyi müharibəyə başladı və indi görürük ki, rəsmi Kreml 2-3 günə ram etməyə çalışdığı Ukraynada müharibə aylardır davam edir və hər keçən gün Rusiyanın zərərinə işləyir.

Qərb-ABŞ bloku isə, Ukrayna qarşısında verdiyi vədləri tam icra etmiş sayılmır. Blokun birbaşa müharibəyə qatılmaması bir yana, heç Ukraynanın silahlandırılması da rəsmi Kiyevin istəkləri daxilində deyil, Qərb-ABŞ blokunun maraqları çərçivəsində baş tutdu. Yəni ssenari tam işlədi və gördük ki, əslində ABŞ-Qərb bloku hər şeyi əvvəldən planlayıb: Ukrayna poliqona çevrilməklə Rusiya burada bataqlığa çəkiləcək, dünyada işğalçı kimi tanınacaq və Rusiyanın ən yaxın müttəfiqləri belə ona dəstək vermək üçün heç bir hüquqi baza tapa bilməyəcək. Təklənən Rusiya həm daxildə, həm xaricdə böyük təzyiqlərlə üz-üzə qalacaq və Rusiyanın ram edilərək sərvətlərinə sahiblənmək üçün ideal vəziyyət formalaşacaq.

İndi həmin ideal vəziyyətin formalaşması üçün planın ikinci mərhələsi başlayır. Necə ki, ABŞ-Qərb bloku birinci mərhələdə Rusiyanı Ukraynanın işğalına məcbur qoydular, indi də siyasi ritorikanı sərtləşdirməklə Rusiyanı nüvə silahından istifadə etməyə məcbur edirlər. Çünki həmin nüvə silahı Ukrayna ərazisində istifadə edilə bilər ki, ABŞ-Qərb onsuz da prosesin başından Ukraynanı qurban olaraq seçib və bu ölkədəki insanların həyatı, yaxud Ukraynanın infrastrukturu nə blok, nə də Rusiya üçün əhəmiyyət kəsb edir.

Rusiyanın nüvə silahından istifadə etməsi isə, hətta Moskvanın müttəfiqlərinin də narazılığa səbəb olacaq və bu ölkə bütün dünyada birmənalı olaraq təhlükəli adlandırılacaq və zərərsizləşdirilməsi vacib hesab olunacaq.

Bundan sonrakı hadisələri təxmin etmək asanlaşır. Rusiyaya birbaşa müdaxilə imkanları riskli olan ABŞ-Qərb bloku bu dövlətin məğlubiyyətini təmin etmək üçün iki versiya üzərində duracaq:

1. Ukraynanın müharibənin ilk günündən istədiyi dağıdıcı silahlar artıq rəsmi Kiyevə təhvil veriləcək və özünə qarşı nüvə silahı istifadə edilmiş rəsmi Kiyev Rusiyanın ən böyük şəhərlərini dağıdacaq.

2. Müharibənin Rusiya sərhədlərinə keçməsi sosial bazada ciddi rezonansa səbəb olacaq və səfərbərlikdən qaçan rus xalqı, ölümlə üz-üzə gəldiyi anda ilk işi təslimiyyətlə razılaşmaq, qısası, onları belə fəlakətli müharibənin içinə çəkmiş rejimi devirmək olacaq.

Beləcə, əlində böyük hərbi güc olmasına baxmayaraq, Putin iki cəbhədə mübarizə aparmaq məcburiyyətində qalacaq. İlk cəbhədə -Ukraynaya qarşı əməliyyatlarda nüvə silahı istifadə etməklə üstünlük qazanan Putin, bu üstünlüyünü ikinci cəbhədə – öz xalqına qarşı mübarizədə istifadə edə bilməyəcək.

ABŞ və Qərbdə çox yaxşı hesablayıblar ki, Rusiyanı xarici təhlükələrlə məhv etmək mümkünsüzdür. Ya da gərək, bu işə özləri cəlb oluna ki, o halda bu müharibənin sonunda ABŞ və Qərb qalib gəlsə də, bu “Pir qələbəsi”nə bərabər qələbə olacaq. Qalib gəlmiş olmasına baxmayaraq nə ABŞ, nə Qərb öz məqsədlərinə çatacaq. Ona görə də, ikinci mərhələdə əsas hədəf Rusiyanın daxili sabitliyinin pozulmasına hesablanıb. Bunu etmək üçün öncə müharibəni Rusiya sərhədlərinə daşımaq lazımdır. Putinin taktiki nüvə silahı istifadə etməsindən daha ideal səbəb isə, yoxdur.

Ona görə də indi Putini məcbur edirlər ki, nüvə silahından istifadə etsin və beləcə planın ikinci mərhələsinə başlanılsın.

Görünən qədəriylə Qərb bu məqsədinə çatmaq üzrədir. Çünki Rusiya artıq Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrini “özününküləşdirib”. Bu ərazilərin Rusiya tərəfindən rəsmi şəkildə ilhaq edilməsi isə, sülh prosesinin sonudur.

Xatırlayaq, Rusiya prezidenti Vladimir Putin nə deyib?

“Rusiyanın suverenliyinə qarşı hər hansı təhdidi əngəlləmək üçün bütün imkanlarımızdan istifadə edəcəyik və bu blef deyil”.

Ukrayna və dünya nə deyir?

-“Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələrində keçirilən referendumları tanımırıq. Bu qanuna zidd əməldir və bu bölgələr Ukraynaya aiddir”.

Hadisələrin gedişində Ukrayna və Rusiya öz suverenliyini bərpa etməyə çalışacaq. Rusiyanın yeni qəbul etdiyi qərarla Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələri onun suverenliyi, beynəlxalq hüquqa görə isə, bu ərazilər Ukraynanın suverenliyidir. Təbii Ukrayna dünyadan aldığı dəstəklə və hazırda döyüş meydanındakı üstünlüyündən cəsarətlənərək əməliyyatları bu bölgələrin işğaldan azad edilməsinə qədər davam etdirəcək. Bölgəni özününküləşdirmiş Rusiya isə, Putinin dili ilə desək, bütün imkanları ilə qarşılıq verəcək və ən son məqamda nüvə silahının istifadəsinə şahidlik edəcəyik.

Bu isə, Ukraynaın sağlam gələcəyinin sonu, Rusiyanın “sonunun başlanğıcı” olacaq. Qazanan Qərb-ABŞ blokudur.

İndi Rusiyada gələcəyi yaxşı görüb, məcburdurlar ki, Qərbin mümkün ssenarisini əngəlləsinlər. Rusiya bugün iqtidar dəyişikliyinə razı olub güzəştə getməsə, sabah iqtidar dəyişikliyinə məruz qalıb daha böyük güzəştlərə məcbur qalacaq. İqtidar dəyişikliyi ona görə labüddür ki, həm Ukrayna, həm də Rusiyanın indiki iqtidarları güzəştə razı olmayacaq və ölüm-dirim savaşı adı ilə Qərbin bütün ssenarilərinin icraçısına çevriləcək.

Busaat Analitika Mərkəzi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90