Rusiya quberniyası, yoxsa dövlət? Əslində Paşinyan müstəqil olmadıqlarını etiraf edib – TƏHLİL

image-1051718backend

Bu gün gecə saatlarından etibarən Azərbaycan və Ermənistan sərhəddində iki ölkənin silahlı qüvvələri arasında hərbi insident baş verib. Qısa zamanda çox sayda canlı qüvvə və hərbi texnikasını itirən Ermənistanın Baş naziri insidentdən saatlar sonra brifinq keçirərək Ermənistan ictimaiyyətini məlumatlandırıb. Erməni lider burada bir çox məsələlərə toxunub. Ancaq diqqətimi çəkən əsas məqam Nikol Paşinyanın Ermənistan ordusunun silah arsenalı barədə səsləndirdiyi fikirlər olub. Paşinyan deyib ki, Ermənistana silah satmağa hazır olmayan ölkələr olsa da, silah satmağı qəbul edən bir çox ölkələr var, ancaq bəzi dövlətlər Ermənistanın yeni silahlar əldə etməsininə laqeyd yanaşıb.

Diqqət etmək lazımdır ki, bu fikirlər sadəcə açıqlama deyil. Bu fikirlər məzlum bir dövlətin əlacsız qalmış Baş nazirinin acı etirafıdır. Etiraf isə belədir: “Ermənistan müstəqil ölkə deyil!”

Bəli, cənab Paşinyan! Biz də sən deyəni deyirik. Ermənistan heç vaxt müstəqil ölkə olmayıb: nə “müstəqilliyini” elan etdiyi 1918-ci ildə, nə də “müstəqilliyini” bərpa etdiyi 1991-ci ildən sonra…

Sadəcə bu həqiqəti dərk etmək hər erməniyə nəsib olmayıb. Məsələn, bu həqiqət dəfələrlə Robert Koçaryan və Serj Sarkisyanın nəzərinə dolayı yollarla çatdırılıb, ancaq siyasi zəkası yetməyən bu iki erməni lider doğruları anlamayıb və daha da irəli gedərək sözdə “müstəqil” erməni dövlətini “Böyük Ermənistan” imperiyasına çevirmək xülyalarına qapılıblar. Məhz buna görə də, bu gün Ermənistana dəstək ola biləcək iki ölkə – Türkiyə və Azərbaycanla bütün sahələrdə əlaqələrin kəsilməsinə səbəb olublar. Bu hal özü Ermənistanı başqa dövlətlərin quberniyası halına düşmək üçün ideal zəmin hazırlayıb.

Hər halda Paşinyan bunların fərqindədir və tez bir zamanda müstəqil dövlət qurmaq üçün tələsir. Ancaq tələsmək lazım deyil. Cənab Paşinyan, unutma ki, tələsən hədəfdən maksimum kənarlaşır… Asta gəl, bizimlə yeri.. Ermənistanın müstəqilliyinin olmadığı barədə iddialar isə, artıq Paşinyanın dili ilə təsdiqlənib. Necə?

Məsələn, müstəqil ölkələr özləri ilə bağlı qərarları daxili müzakirələrdən sonra verir. Yəni dövlətin qanunverici və icraedici orqanları qarşılıqlı məsləhətləşmələr aparır, hər kəs öz üzərinə düşən vəzifəni həyata keçirir, qərar verilir və verilən qərarın icrasına başlanlılır. Ancaq Paşinyan belə deyir: “Bəzi dövlətlər yeni silahlar əldə etməyimizə laqeyddir”. Yəni Paşinyan ölkəsinin müqəddəratı ilə bağlı həyati məsələləri başqa dövlətlərin rəhbərlikləri ilə müzakirə etdiklərini etiraf edib. Buna müzakirə də demək olmaz, qərar vermək üçün həmin xarici qüvvələr icazə verməlidir… Yəqin indi ağlınızda bir sual yaranıb: “Bəs Ermənistana yeni silah almağa icazə verməyən həmin dövlət hansıdır?”

Bu sualın cavabını vermək çox asandır. Kiçik bir araşdırma aparmaq kifayət edəcək ki, bu sualın cavabını ətraflı və dəqiq şəkildə verək. Sadəcə baxmaq kifayətdir ki, hazırda Ermənistana ən çox silah satışı edən dövlət hansıdır? Çünki Ermənistana silah satan və Ermənistanın silah bazarını nəzarətində saxlayan o ölkə, təbii ki öz silah bazarının rəqiblərinə açılmasına razı olmayıb.

Elə isə baxaq: Ermənistan ən çox kimdən silah idxal edir?

Türkiyənin nüfuzlu Anadolu Ajansı Xəbər Agentliyinin məlumatında deyilir ki, 2020-ci ilin birinci yarısında iqtisadiyyatı 13,7 faiz kiçilmiş və dövlət borcu 8 milyard dollara yüksəlmiş Ermənistanın hərbi texnika idxalı 2010-cu ildən bu yana 415 faiz artıb. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə isə, Ermənistanın sözügedən dövrdə aldığı hərbi texnikanın 94 faizi Rusiyadan alınıb. Həmin texnikaların bir hissəsi isə Ermənistana pulsuz verilib. Eyni zamanda 2020-ci ildə reallaşan “Vətən Müharibəsi” dövründə də açıq-aşkar görürüdük ki, Ermənistanın ordu arsenalının əhəmiyyətli hissəsi Rusiya istehsalı silahlardır.

Düşünürəm ki, artıq hər kəsin axtardığı sualın cavabı bəllidir: Nikol Paşinyanın gileyləndiyi həmin dövlət Rusiyadır. Hər halda, Paşinyan yeni dostları olan Qərb ölkələrindən daha müasir texnikalar almaq qərarına gəlib, ancaq Ermənistanın müstəqil ölkə olmaması ona bu qərarı icra etmək fürsəti verməyib. Çünki Ermənistan bir ölkə olaraq müstəqil şəkildə qərar verə bilmir və onun təhlükəsizliyinin təminatı olan Rusiyanın istəkləri doğrultusunda xarici siyasət xətti yeridir. İndi Ermənistan lideri yaxşı başa düşür ki, Rusiya hərbi sənayesi artıq geridə qalıb. Həmin sənaye öncə “Vətən Müharibəsi”ndə Türkiyə və İsrail istehsalı silahlara, indi isə Ukraynada Türkiyə və Qərb istehsalı silahlara məğlub olub. Bu reallığın fərqində olan Paşinyan ölkəsinin siyasi olaraq Rusiya quberniyası tərzində qalmasına etiraz edə bilməsə də, ən azından Qərbdən yeni və müasir silahlar alaraq Azərbaycan tərəfinin təzyiqlərinə qarşı ordusunun dözümlülüyünü artırmaq niyyətindədir.

Ancaq hesablamadığı iki məqam var:

1. Paşinyan anlamayıb ki, bu açıqlama bir etirafa bərabər idi və Ermənistanın əslində müstəqil ölkə yox, Rusiyadan idarə edilən quberniya olduğu həqiqətini aşkar edəcəkdi..

2. Açıqlama Rusiya tərəfində mərhəmətlə yox, qəzəblə qarşılanacaq. Sonrakı proseslər necə olacaq bilmirəm, amma Paşinyan artıq təhlükəli qərarlar verməyə cəhd edir. O bundan əvvəl siyasi-diplomatik cəhətdən Qərbi bölgəyə gətirib və həm Türkiyə, həm də elə xilaskarı Ruysiyada xəyanətkar imici qazanıb. İndi isə, Qərbin hərbi gücünü bölgəyə gətirməyə cəhd edən Paşinyan intihara bərabər risk alır: Risk özünü doğrultsa bölgədə güclər nisbəti təsirlənəcək, yox əgər doğrultmasa, onsuz da formal müstəqilliyə sahib Ermənistan daha acı sonluqlara şahid olacaq.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90