“Rusiya sülhməramlıları Qarabağa gələndən sonra Rusiyameyilli qüvvələr ürəkləniblər”

image-sulhmeramli-9backend

Keçmiş qondarma “dqr”in “təhlükəsizlik şurası”nın sədri Vitali Balasanyan separatçıların Qarabağla bağlı iddialardan əl çəkmədiyini bilirib. Balasanyan bu barədə erməni mediasına açıqlama verib və Qarabağda “peşəkar ordu” yaratmaq niyyətində olduqlarını vurğulayıb.

“Ermənistandan çağırışçılar yoxdur, amma biz qoşunları müqaviləli hərbi qulluqçulardan təşkil edirik. Lazımi səviyyədə say və keyfiyyəti təmin edəcəyik. Hərbçilərin Qarabağdan çıxarılmasına gəlincə, bu cür söhbətlər reallıqdan uzaqdır”,- Balasanyan bildirib.

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrin erməni seqmentində erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən çıxarılmağa başlanması ilə bağlı məlumatlar yayılmışdı.

Bəs, Balasanyanın açıqlamasının mənbəyində nə dayanır? Bu cür açıqlamaların məqsədi və reallığı nədən ibarətdir?

Mövzunu Busaat.az-a şərh edən siyasi şərhçi Şahin Cəfərli bildirib ki, Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağa yeridildikdən sonra hazırda onların cavabdehlik zonasındakı vəziyyətə Rusiya nəzarət edir: “Yəni, orada qondarma qurumun hansısa ciddi rolundan və qərarverici mövqedə olmasından danışmaq düzgün olmaz. Çünki seperatçı qurum yalnız Rusiyanın imkan verdiyi dərəcədə fəaliyyət göstərir”.

“Ona görə də Rusiya sülhməramlı qüvvələrinin cavabdehlik zonasında baş verən bütün hadisələrə yalnız Azərbaycan-Rusiya münasibətləri kontekstindən baxmalyıq. Çünki orada bütün şəraitə Rusiya nəzarət edir və hər hansı bir problemin yaranacağı təqdirdə, məsələn, Azərbaycanın suverenliyinə qarşı hansısa addımlar atılsa, qərarlar qəbul edilsə Azərbaycan hökuməti bu məsələni yanız Rusiya qarşısında qaldırmalı və həllinə nail olmalıdır. Çünki Dağlıq Qarabağda Ermənistan hökumətinin hər hansı aktiv rolunun olduğuna inanmaq çətindir. Seperatçıların da oyuncaq qurum olduğu və Rusiyanın iradəsi olmadan addım ata bilməyəcəkləri aydın məsələdir. Ona görə də sözügedən ərazilərdə gedən proseslərə biz Azərbaycan-Rusiya ikitərəfli kontekstindən yanaşmalıyıq. Əgər, sülhməramlıların Qarabağdalı nəzarət zonasında ciddi problem yaranarsa, seperatçılar Azərbaycanı hədələyərsə, yaxud Azərbaycanın suveren hüquqlarına zidd adım atarlarsa bu artıq Rusiya-Azərbayan münasibətlərindəki problemlərdir”-deyə, analtik vurğulayıb.

image-sahin-ceferli
Şahin Cəfərli-Siyasi şərhçi

Onun sözlərinə görə, Rusiya Azərbaycana təzyiq vasitəsi kimi bu kimi məsələlərdən istifə edə bilər: “Əslində, Rusiyanın Qarabağ probleminin tam həllinə imkan verməməsi də məhz onunla bağlıdır ki, həm Azərbaycana, həm də Ermənistana təzyiq etmək üçün bu problem əlində alət kimi qalsın. Yəni, hər iki ölkəni öz caynağında saxlasın və buraxmasın. Bu da açıq aydın məlum olan məsələdir. Məsələn, Azərbaycan-Rusiya münasibətlərində hansısa problem yaranarsa, tutaq ki, Azərbaycan hakimiyyəti Rusiyanın maraqlarına qarşı ciddi qərarlar qəbul edərsə Rusiya bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəcək”.

“Hətta, mən düşünürəm ki, Azərbaycan və Ermənistandakı bəzi Rusiyameyilli şəxs və çevrələrin ürəklənməsinin arxasında da bu amil dayanır. Yəni, Rusiya sülhməramlıları Qarabağa gələndən sonra Rusiyameyilli qüvvələr ürəkləniblər. Ona görə də Dağlıq Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasında baş verən bütün hadisələrə görə, biz Rusiya ilə danışmalıyıq. Çünki həmin ərazilərdə problemlər meydana gəlirsə, bu artıq Azərbaycan-Rusiya münasibətlərindəki problemlər deməkdir. Çünki ordakı şəraitə tamamilə Rusiya qüvvələri nəzarət edir və orda istər Ermənistan hökuməti, istərsə də Dağlıq Qarabağdakı oyuncaq-seperatçı qrurmun hansısa ciddi rolunun olduğuna inanmıram”-deyə, Cəfərli fikrini yekunlaşdırıb.

Müəllif: Mərahim Nəsib

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90