Rusiyadan Ermənistana son şans: Rəsmi İrəvan təklənir?/TƏHLİL

image-pasinyanputinbackend

 Nikol Paşinyanın Ermənistanda iqtidara gəlməsindən sonra Rusiya və Ermənistan dövlətləri arasında ziddiyyətli məsələlər durmadan artır. Baxmayaraq ki, bu ölkələr strateji müttəfiqdir və müttəfiqlik münasibətləri bütün sahlərdə mövcuddur, yenə də Rusiya və Ermənistan arasında gərginlik yüksələn xətlə davam edir.

Son zamanlar dünyada yaşanan geosiyasi dəyişikliklər, regional rəqabətin və qarşıdurmaların artması fonunda Ermənistan sanki köhnə müttəfiqindən yaxa qurtarmağa çalışır. Xüsusilə Rusiyanın Ukrayna bataqlığına çəkilməsi, bundan sonra Rusiyanın Qərb və ABŞ dövlətləri tərəfindən təklənməsi, nəticədə Rusiyaya qarşı ağır sanksiyaların tətbiqi və iqtisadi-siyasi-hərbi sahələrdə ağır məğlubiyyətlərə düçar olması İrəvanda şans kimi dəyərləndirilib. Rəsmi İrəvan Rusiyanın çətin vəziyyətini fürsət olaraq qiymətlənirib, Paşinyan iqtidarının ilk gündən nail olmaq istədiklərini reallaşdırmağa başlayıb.

Bu istəklərin başında Rusiya təsirindən qurtarmaq, Qərbə tam inteqrasiya edərək onun iqtisadi dözümlülüyü və siyasi-hərbi qüdrətini Ermənistana qazandırmaq gəlir. Əslində etiraf etmək lazımdır ki, Paşinyan bu məqsədlərinə çatarsa, o halda bu gün gördüyümüz zəif Ermənistan yerinə, güclü və bölgədə söz, nüfuz sahibi olan bir Ermənistanla qarşılaşarıq.

Ancaq belə böyük ideyaları reallaşdırmaq üçün müəyyən qədər müstəqil və müəyyən qədər güclü olmalısan. Axı Ermənistan güclü olmamaqla yanaşı, heç müstəqil də deyil…

Ermənistan sərhədlərindəki bütün ölkələrə ərazi iddiaları səsləndirməklə öz inkişafını elə 1990-cı illərdə məhv edib. Onun 4 ölkə – Türkiyə, İran, Azərbaycan və Gürcüstan ilə sərhədləri mövcuddur ki, bu sərhədlər daxilində sadəcə İran ilə normal əlaqələr qura bilib. O da rəsmi İrəvanın yox, İranın maraqları belə istəyib deyə…

Azərbaycan və Türkiyə ilə düşmən siyasi xətt yeridən rəsmi İrəvan, heç Tiflisdə də sevilmir. Çünki gürcülər də yaxşı görür ki, məkrli qonşular hər an onlara da ərazi iddiası irəli sürə bilər. Daha doğrusu belə iddialar var, sadəcə Gürcüstanda işğala başlamayıblar.

Belə mürəkkəb geosiyasi vəziyyətdə ermənilər formal da olsa müstəqilliklərini qoruya bilib. Bu da Moskvanın uğurudur. Cənubi Qafqazda nüfuzunu qoruyan Rusiya bunu Ermənistana borcludur ki, elə bu səbəbdən Ermənmistan dövlətinin süqutuna imkan vermir. Həm ən güclü vəziyyətdə, həm də ən pis durumda rəsmi Moskva qərarlı şəkildə Ermənistanı qoruyur.

Ancaq Paşinyan iqtidarı fərqindədir ki, Rusiyanın məqsədi Ermənistanı qorumaq deyil. Onun öz maraqları var və ermənilər Rusiyanın Qafqazdakı maraqlarının icraçısıdırlar. Həm İrəvanda indi anlayıblar ki, istər müttəfiq, istər sıradan münasibətlərdə Rusiyanın Ermənistanla əlaqələri onun inkişafını hədəfləmir. Əksinə Rusiyaya bağlı qalmış ermənilər inkişafdan geri qalır, dünyadan təcrid olunur və onların milli varlığı Rusiyanın maraqlarının qoruyucusu halına düşür. Öz növbəsində Rusiya Ermənistan kimi böyük proyektini itirməmək, Cənubi Qafqazdakı son təsir vasitəsini əldən buraxmamaq üçün erməniləri dünyadan təcrid edərək özündən asılı hala salır. Bəli, bu bir həqiqətdir. Ermənistan tərəfi nə qədər əksini iddia etsə də, əslində rəsmi İrəvan Rusiyadan asılıdır. Bu asılılıq əsasən iki aspektdən izah edilə bilər: enerji (dolayısıyla iqtisadi faktorlar) və hərbi sahələr.

Enerji faktoru daha önəmlidir. Məsələn, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfərinin ardından Rusiyadan Ermənistana əsasən iki nöqtədə təzyiqlər başlayıb. Bunlardan biri hərbi yardımların dayandırılmasıdır ki, bu haqda az sonra danışacağıq. Digəri isə, Rusiyanın Gazprom şirkətinin Ermənistana xəbərdarlıq etməsidir. Xəbərdarlıqda bu ilin noyabr ayının sonuna kimi şikətə olan borcların ödənilməsi nəzərdə tutulub.

Digər tərəfdən ermənilərin Rusiyadan iqtisadi asılılığı bununla da bitmir. Bu gün Rusiya bazarlarında çalışan və bu ölkədə qazanc əldə edərək ailəsinə dəstək olan 1 milyondan çox erməni vətəndaşı var. Rusiyanın istəklərinə baş qaldırılacağı təqdirdə bu insanların Rusiyada fəaliyyətinə əngəllər törədiləcək ki, bu da Ermənistanda onsuz da ağır olan sosial vəziyyəti daha da pisləşdirəcək. Eyni zamanda Rusiayada yaşayıb külli miqdarda sərvət sahibi olan yüzlərlə erməni var. Onlar Ermənistan iqtisadiyyatına köməklik göstərməkdədir. İki ölkə arasındakı münasibətlərin pozulması Ermənistan iqtisadiyyatının əsas dəstəkçilərindən birini itirmıəsi demək olacaq.

Ola bilsin ki, ABŞ və Qərb ölkələri bu amillərlə bağlı Paşinyanı inandırıb ki, onlar dəstək verəck və iqtisadi məsələlər öz həllini tapacaq.

Ancaq Ermənistanın Rusiyadan hərbi müstəvidə davam edən asılılığı belə asan həll ediləcək problemə bənzəmir. Çünki Ermənistan “Rusiyanın NATO-su” adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və bu azmış kimi Ermənistan onun müdafiəsini də ikili müqavilələrlə Rusiyaya həvalə edib. Bir vaxtlar Türkiyə və Azərbaycan əleyhinə ərazi iddialarını reallaşdırmağa çalışan rəsmi İrəvan Rusiya ilə hərbi sahədə əməkdaşlıq və ölkələrin bir-birinin suverenliyini qoruması barədə öhdəlik götürüb ki, bu müqavilələr Ermənistanın əl-qolunu bağlayıb. Həm də Ermənistan ərazisində mövcud olan Rusiya hərbi bazası bu ölkənin “müstəqilliyinin boğazını sıxan əl” olub.

Rusiya bütün bunları əvvəldən düşünüb və dövlət siyasətini on illiklər əvvəl tərtib edib. İndi hansısa Paşinyan devrim edib iqtidarı əlinə alıb deyə, Rusiya öz dövlət maraqlarını yeniləmək niyyətində deyil. Heç Ermənistanın dövlət maraqları ilə Paşinyanın siyasi xətti də eynilik təşkil etmir. Əksinə, Ermənistanın dövlət maraqları Rusiyanın maraqlarına tam cavab verir.

Belə bir situasiyada Paşinyanın “Qərbçilik oyunu” qələbəyə uzaqdır və bu oyun uzandıqca Ermənistan dövlət olaraq təklənir. Rusiya Ermənitanda tək söz sahibidir və bu amildən istifadə edən rəsmi Moskva Paşinyanın anti-rus siyasi addımlarını bloklamq və onu nəzarətdə saxlamaq üçün Ermənistanı təkləməyə məcbur qalır. Bununla həm Paşinyana olan inamı azaldıb onu dəyişməyi, həm də Paşinyanın “Qərbçilik oyunu”nu iflas etdirməyi planlayır. Uzun müddətdir ki, nə oyun bitir, nə Rusiya, nə Ermənistan qələbə qazana bilir və oyun uzandıqca Ermənistan bölgədə təklənir, Rusiya isə, Cənubi Qafqazda əvvəlki kimi maraqlarını qoruya bilmir.

Paşinyanın “Qərbçilik oyunu” bir neçə il davam edərsə, buna paralel şəkildə Rusiyanın aldığı yaraların miqyası artarsa Azərbaycanın dünya siyasətindəki yeri daha da inkişaf edəcək və bu Qafqazdakı bütün siyasi vəziyyəti kökündən dəyişəcək. Erməni dövlətinin iflası rəsmiləşməklə bərabər, Rusiya Cənubi Qafqazdan təcrid olunacaq.

Busaat.az Analitika Mərkəzi

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki