Saxta spirtli içkilərlə bağlı XƏBƏRDARLIQ

image-1494591536-8555backend

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) saxta spirtli içkilərlə bağlı xəbərdarlıq edib.

Busaat.az xəbər verir ki, yeni il qabağı spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq AQTA əhalini diqqətli olmağa çağırır.

“Təəssüflə bildiririk ki, bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayaraq insan sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Son vaxtlar ATQA tərəfindən həyata keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb. Belə ki, cari ilin noyabr ayı ərzində həyata keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədəd saxta alkoqollu içki aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb” – məlumatda qeyd olunub.

Aşkar olunmuş saxta alkoqollu içkilərlə bağlı məlumat aşağıdakı kimidir:

Aşkarlanmış saxta alkoqollu içkilər barədə məlumat
Müəssisənin ünvanı Fəaliyyət sahəsi Məhsul sayı Saxtalaşma əlaməti
Səbail rayonu, Ü.Hacıbəyov küç., ev 18 ticarət obyekti 95 ədəd İçkilərin bir qisminin üzərində istehsal və son istifadə tarixi və partiya nömrəsinin silindiyi, qablaşdırmasında aşkar pozuntuların olması faktı, başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müşahidə edilib.
Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ticarət obyekti 6 ədəd İçkilərin bir qismində məhsulun qablaşdırılmasında istifadə olunan falqanın və aksiz markanın ikinci dəfə kustar üsulla sonradan yapışdırıldığı müəyyən edilib.
Səbail rayonu, Bülbül pr.,

ev 7

ticarət obyekti 31 ədəd Baxış zamanı alkoqollu içkilərin butulkalarının təkrar istifadə olunan butulkalar olduğu, həmçinin başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müşahidə edilib. Sözügedən içkilərə dair qaimə və istehsalçının qida təhlükəsizliyi reyestrindən çıxarışı təqdim edilməyib.
Xətai rayonu, Xocalı pr.,

ev 21

ticarət obyekti 41 ədəd Baxış zamanı alkoqollu içkilərin butulkalarının təkrar istifadə olunan butulkalar olduğu, həmçinin başlıq hissələrinin kustar üsulla bərkidildiyi, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müşahidə edilib. Sözügedən içkilərə dair qaimə və istehsalçının qida təhlükəsizliyi reyestrindən çıxarışı təqdim edilməyib.
Xətai rayonu, G.S.Mehmandarov küç., ev 6 ticarət obyekti 14 ədəd Məhsulların doldurulması və aksizində müəyyən şübhələr yaranıb.
Nəsimi rayonu, 20 Yanvar küçəsi 15A ictimai iaşə müəssisəsi 14 ədəd Təkrar istifadə olunan butulkalar, başlıq hissələrinin kustar üsulla bərkidilməsi, orijinal “Organic Line” içkilərində aksiz markasının alt hissəsində qalan qapağının üzərində “OL” möhürünün olmasına baxmayaraq, sözügedən butulkalarda həmin möhürün olmaması müəyyən edilib.
Suraxanı rayonu, Qaraçuxur ştq, C.Qurbanov küç., ev 5 ictimai iaşə müəssisəsi 1 ədəd Şüşəsindəki yazılar, butulkanın baş hissəsindəki məhsulun saxta olmamasını fərqləndirən “OL” nişanının olmaması, eyni zamanda malların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib.
Daşkəsən rayonu, A.Abdullayev küç., ev 45 ticarət obyekti 14 ədəd Şüşə butulkaların qapaqlarının üzərində orijinaldan fərqli olaraq “O və L” hərflərinin qeyd olunmadığı, həmçinin butulkanın içərisindəki spirtli içkinin orijinaldan fərqli miqdarda doldurulduğu və başlıq hissəsinin şüşə butulkaya kustar üsulla təkrar bərkidildiyi müəyyən edilib.
Daşkəsən şəhəri, H.Əliyev prospekti 26 ticarət obyekti 8 ədəd Şüşə butulkaların qapaqlarının üzərində orijinaldan fərqli olaraq “O və L” hərflərinin qeyd olunmadığı, həmçinin butulkanın içərisindəki spirtli içkinin orijinaldan fərqli miqdarda doldurulduğu və başlıq hissəsinin şüşə butulkaya kustar üsulla təkrar bərkidildiyi müəyyən edilib.
Goranboy rayonu, Civəzadə küçəsi ictimai iaşə müəssisəsi 28 ədəd İstehlak olunmuş araqların butulkalarından təkrar istifadə olunması, həmçinin başlıq hissələrinin kustar üsulla hazırlanaraq bərkidildiyi, eyni zamanda məhsulların orijinaldan kəskin fərqləndiyi müəyyən edilib.
Ağdam rayonu, Bənövşələr qəsəbəsi ticarət obyekti 154 ədəd Orqanoleptik baxış zamanı köhnə aksiz markaların yapışqanlarının qalıntılarının müşahidə edildiyi, yeni aksiz markaların qapağın digər tərəfindən yapışdırıldığı, qapağın butulkaya birləşən hissələrinin müəyyən edilmiş normadan artıq olduğu, orijinaldan kəskin fərqləndiyi müəyyən edilib.

Adətən, belə məhsulların qablaşdırılmasında və markalanmasında uyğunsuzluqlar müəyyən edilir, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim olunmur.

Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilərlər. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır. Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir, həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bayram günlərində özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq, xoşagəlməz hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran, saxta spirtli içkiləri istehlak etməməlidirlər. Əhalidən xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90