Qrip kəskin respirator infeksiyalardan olsa da, digərlərindən ağırlaşmalarının daha təhlükəli olmasına görə fərqlənir.
Busaat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, qripdən ağırlaşmalar iki cür olur və bunlardan birincisi ilk günlərdə müşahidə olunan, digəri isə qrip fonunda immunitetin zəifləməsi ilə bir müddət sonra ortaya çıxan hallardır.
O bildirib ki, soyuq fəsillərdə kəskin respirator xəstəliklərin insanlar arasında yayılması daha çox müşahidə olunur:
“Fəsillər dəyişərkən immunitet müəyyən qədər arta və ya azala bilər. Soyuq hallarda əhalinin qapalı məkanlarda sıx toplaşması da kəskin respirator infeksiyaların yayılmasında rol oynayır. Eyni zamanda, qidalanmaya diqqət etmək lazımdır ki, immunitetimizi gücləndirə bilək. İmmunitet gücləndirildiyi halda yoluxma olmur, olsa da insan xəstəliyi rahat keçirir”.