Si Cinpinin keçmişi və qlobal təhlükəyə çevrilmə riskləri – TƏHLİL

image-14686119547979699424backend

Daxildəki repressiv addımlar və xarici siyasətdəki təcavüzkar meyillərlə Çin liderinin imperiya ambisiyaları dünyanı narahat etməlidir.

Tarix boyu qorxulu diktatorlar mövcud olub. Onlardan biri kimi Si Tsipinin incə tərəfi var. Anasını çox sevir. Bu il Analar Günündə dövlət televiziyası Çin prezidentinin – ali liderin qürurlu anası, 96 yaşlı Qi Sin ilə əl-ələ gəzdiyini nümayiş etdirib.

Bir çox analar kiçik uşaqlarına nağıl və ya uşaq mahnıları oxuduğu zamanda, xanım Qi belə etməyib. O, beş yaşlı Tsipinə kürəyinə “Ölkəyə böyük sədaqətlə xidmət et” döyməsi vurulmuş Cənubi Sonq sülaləsinin generalı Yue Fei haqqında məlumat verib. Xi özü də qeyd edir ki, bu ruhlandırıcı şüar onun əsas ilham mənbəyi olub.

Tsipinin anası onun yetişməsində çox böyük rol sahibi olub. Xanım Qi, erkən yaşlarında uğursuzluğu ilə yadda qalan oğlunun karyerasını inkişaf etdirmək üçün partiya iyerarxiyasını özəl lobbi kimi istifadə edib. Hazırda mühacirətdə yaşayan Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Partiya Məktəbinin təqaüdçü professoru Cai Sianın dediyinə görə, unudulmaz Qi 1980-ci illərdə Hebei əyalətinin partiya rəhbərinə məktub yazıb, ondan oğluna dəstək verməsini xahiş edib.

Cai qeyd edib ki, hər zaman önə çəkilməsinə baxmayaraq, Tsipinin şöhrəti “orta performansına görə zəifləməkdə davam edib”. Ancaq anası inadkar davranıb. 1992-ci ildə, xanım Qi Fujiandakı yeni partiya liderinə müraciət etdikdən sonra Sinin karyerasında dönüş nöqtəsi yaşanıb və o yüksəlməyə başlayıb.

Digər nüfuzlu ailə üzvləri də Tsipinə istedadsızlığını aradan qaldırmağa kömək ediblər. Təqaüdçü professor qeyd edir: “O, qüsursuz inqilabi etimada malik olan ÇKP lideri, atası Si Zongxunun əlaqələrindən çox faydalanıb”.

Beləliklə, Tsipin həmişə uğursuzluğa düçar olan sıradan partiya mənsubluğunu klassik metodlarla uğurlu istiqamətdə əvəzləyə bilib. 2012-2013-cü illərdə partiya, hərbi və hökumət işlərində müxtəlif vəzifələr icra edib.

İndi isə, prezident kürsüsünə qədər irəliləməyi bacarmış Tsipin müddət məhdudiyyətlərini ləğv edərək, bu ay keçiriləcək partiya qurultayında de-fakto ömürlük prezident olmağa hazırlaşır.

Şəxsi gücün bu qeyri-adi artışı Tsipini Mao Zedongdan sonra ən dominant və ən qorxulu Çin lideri edib. Bu, daha qeyri-adidir, çünki Tsipinin bir çox böyük siyasi təşəbbüsləri uğursuzluqla nəticələnib. Fakt odur ki, Tsipin Çini geri qaytarıb və beynəlxalq mövqeyini zədələdib.

Məsələn, sələfləri Hu Jintao və Jiang Zemin tərəfindən tətbiq edilən kollektiv liderliyin məhdudiyyətləri geridə qalıb. Deng Siaoping tərəfindən dəstəklənən bazar islahatları və açıqlığa sadiqlik də artıq tarixə qovuşub. Həmçinin Çinin davamlı, dinc yüksəlişi ilə bağlı Denqin rəhbər prinsipi də tərk edilib.

Bunun əvəzinə Tsipin Çini idarə, biznes, sənaye, torpaq və insanlar üzərində mərkəzləşdirilmiş dövlət nəzarətinin qapalı, repressiv Maoist dövrü modelinə sürətlə geri çəkib və ölkəni zorla idarə etməyə hazırlaşır. Necə deyərlər, hökumət tək adamın şousuna çevrilib.

Rəsmi olaraq təsdiqlənmiş “Si Tsipin Düşüncəsi” praktikada hiper-millətçilik, sürətli hərbiləşmə, regional ekspansionizm, fərdiyyətçilikdən çəkindirmə və özəl sektorun, məhkəmə sisteminin, vətəndaş cəmiyyətinin, elmin və medianın partiyaya tabe edilməsinin reseptidir.

Bununla belə, tənqidçilər çox fərqli mənzərə yaradırlar. Onlar Tsipini təhlükəli, pis xasiyyətli, diktator idarəçi, “sevimli pandadan daha qəzəbli tiran” kimi təsvir edir. Bu cür yanaşmalar çevrilişlə bağlı ötən həftə yayılan iddiaları da inandırıcı etməyə kifayət edib.

 

Cai yazır: “Qapalı qapılar arxasında onun gücü heç vaxt olmadığı qədər müzakirə olunur. Tsipinin iqtisadi islahatları geri çevirməsi və Covid-19 pandemiyasına səriştəsiz reaksiyası onun insanların gözündəki qəhrəman imicini sarsıtdı. ÇKP elitaları arasında narazılıq artır. Tsipin “korrupsioner” adı ilə partiya daxilindəki siyasi rəqiblərindən təmizləndikcə bu narazılıq daha da artır”.

 

Kato İnstitutundan Clark Packard Tsipinin idarəetməsini tənqid edib: “digər ölkələr kimi, Çin iqtisadiyyatı da son zamanlarda yaşanan hadisələrdən təsirlənir. Lakin ölkə iqtisadiyyatının əsas problemlərinin çoxu Tsipindən qaynaqlanır. Məsələn, ölkənin həddindən artıq şişirdilmiş daşınmaz əmlak sektorunda (böyük böhranlara səbəb olan) borc bataqlığı yaranıb. Məhsuldarlığın yavaşlaması, demoqrafik tənəzzül və davamlı beyin axını ilə son tendensiyaları birləşdirin və aydın olur ki, Çin qərbdə çoxlarının inandığı “iqtisadi cəngavər” deyil”.

Aparıcı amerikalı analitik Riçard Haass xəbərdarlıq edib: “Tsipin dövründə Çin regional və potensial olaraq qlobal üstünlük axtarışına başlayıb. Bu, rəqabətin artmasına və ya hətta ABŞ ilə qarşıdurmaya səbəb olacaq”.

Tayvana qarşı təhdidləri, Honq-Konqda demokratiyanın sıxışdırılması, uyğurların və tibetlilərin kobud şəkildə sui-istifadəsi, qarşıdurma xarakterli “canavar döyüşçü” diplomatiyası, yırtıcı kəmər və yol investisiyaları və Rusiyanın Ukraynanı işğalına səssiz dəstəyi, Tsipin Çininin ətrafında getdikcə etibarsızlıq və qorxu yaradır.

Müstəqil Pew Araşdırma Mərkəzi tərəfindən keçən həftə keçirilən sorğunun nəticələri açıqlanıb. Nəticə ABŞ və digər inkişaf etmiş iqtisadiyyatlarda Çinlə bağlı rəyin son on ildə “daha mənfiyə çevrildiyini” irəli sürüb.

Daxildə üsyankar səslər, xaricdə qorxu və nifrət, milli performansın aşağı düşməsi və artan geriləmə: bütün bunlar Tsipinin uğursuzluğunun göstəriciləridir. İndi isə, kimsə bilmir ki, Tsipin özü buna necə reaksiya verəcək?

Onilliklər ərzində onu yaxından izləyən Cai ən pis versiyadan qorxur: “O (Tsipin) iddia etdi ki, özünü müasir dövrün imperatoru kimi görür. Bununla belə, müxalif, bölünmüş ÇKP fraksiyaları hazırda onu taxtdan salmaq gücünə malik deyil. Şübhəsiz ki, Tsipin partiya daxilindəki qələbəsini istədiyi hər şeyi etmək mandatı olaraq görəcək. İqtisadi siyasətini ikiqat artıracaq. O, potensial rəqibləri aradan qaldırmağa və sosial nəzarəti gücləndirməyə davam edəcək və Çini getdikcə Şimali Koreyaya bənzədəcək.

“Cəsarətli Tsipin” Cənubi Çin dənizində mübahisəli ərazilərin militarizasiyasını sürətləndirə və Tayvanı zorla ələ keçirməyə cəhd edə bilər”.

Hazırda qlobal miqyasda baş verənlərin hamısını nəzərə alsaq, Tsipinin imperiya dövrünün qırmızı şəfəqi dünya üçün pis vaxta təsadüf edir və bu, narahatedici, ekzistensial bir sual doğurur: kimsə torpaqları ələ keçirən, nüvə silahına malik Vladimir Putindən daha qorxulu ola bilərmi?

Cavab, bəli: Çinli kommunist meqaloman.

Mənbə: The Guardian

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90