“Siyasi partiyaların dövlət işlərinə cəlb edilməsi, idarəçilik təcrübəsi qazanması vacibdir”

image-prezident-administrasiyasbackend

“Məncə siyasi partiyalarla dialoqun birinci mərhələsi xeyli əvvəl bitib. Siyasi partiya rəhbərləri müvafiq şöbənin müdiri Ədalət Vəliyev ilə görüşüb, tanışlıq yaradıb, fikirlərini çatdırıb və onlara deyilən tövsiyə və təklifləri də eşidib”.

Bunu Busaat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev deyib.

“Hər gün dialoq olmur və tez-tez dialoqa ehtiyac da yoxdur. Vacib olan tərəflərin bir-birinə qarşılıqlı hörməti, qanunvericilik səviyyəsində siyasi partiyaların fəaliyyətinə şərait yaradılması və eyni zamanda narahatlıq yaradacaq, qeyri-qanuni hərəkətlərə səbəb ola biləcək məqamlar ətrafında zamanında dialoq aparılmasıdır. Bu gün təmas var və milli birlik davam edir”-deyə, Nurullayev vurğulayıb.

image-razi

MCP sədri əlavə edib ki, yeni mövzular ətrafında dialoqa ehtiyac olacaq və yəqin ki, bu bir neçə aydan sonra bu məsələ ilə bağlı daha sıx fikirlər deyiləcək: “Siyasi partiyaların dövlət işlərinə cəlb edilməsi, dövlətçilik, idarəçilik təcrübəsi qazanması vacibdir. Siyasi partiyalar və dövlət qurumları arasında sistemli olaraq belə əməkdaşlıq olmalıdır ki, Azərbaycanda dövlətçilik qaydaları daha da mükəmməl və təkmil olsun. Bu onun üçün lazımdır ki, bütün siyasi qüvvələr ayrı-ayrı şəxslərə, ölkələrə və qüvvələrə yox, dövlətçiliyə və Azərbaycan xalqına xidmət etsin”.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı da mövzunu Busaat.az-a dəyərləndirib: “Siyasi partiyalarla hakimiyyət arasında dialoq haqqında hər hansı bir məlumat yoxdur. Dialoq oyunu olub, guya dialoqa gedirlər söhbəti olub, amma hələ ki, heç bir dialoq olmayıb”.

“Yəni, hansısa partiya rəhbərinin Prezident Adminstrasiyasına çağırılıb, onunla hər hansı bir məsələ ətrafında, yaxud partiya problemi və ya şəxsi probleminin həll olunması istiqamətində danışıqlar aparılıbsa, bu, hələ dialoq demək deyil. Təbii ki, biz də dialoq olmasını istəyir və buna razıyıq. Lakin dialoqun baş tutması üçün əvvəlcədən mövzu və dialoq iştirakçılarının kimliyi məlum olmalıdır. Ondan sonra isə biz həmin dialoqda iştirak etmək haqqında düşünə bilərik”-deyə, Aslanlı vurğulayıb.

image-gulaga

Partiya funksioneri indiki məqamda hər hansı bir dialoqun olmadığını əlavə edib: “Hazırda heç bir dialoq yoxdur, sadəcə olaraq dialoqun olmasını istədiyini deyən hakimiyyət var. Yəni, hakimiyyət belə bir istədiyinin olduğunu deyir. Lakin bu da bizim kriteriyalara uyğun deyil”.

Müəllif: Mərahim Nəsib

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90