Soçi görüşü və rus hiyləsi – TƏHLİL

image-1650430048_p-eli-pabackend

 Bəzi insanlar böyük ümid və səbrlə gözləyir ki, Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək üçtərəfli görüş müəyyən mənada Cənubi Qafqazın əsas problemi olan Azərbaycan-Ermənistan münaqişəsini bitirəcək, ən azından bu istiqamətdə yekun addımların atılmasını razılaşdıracaq.

Ancaq bu mümkündürmü?

Suala cavab verməzdən əvvəl, hər üç ölkənin münaqişənin bitməsi barədə milli maraqlarına nəzər salmaq lazımdır. Başlayaq Ermənistandan…

Bəli, Ermənistan münaqişənin bitməsində maraqlıdır. Amma necə və hansı şəkildə?

1988-1994-cü illər müharibəsində fərqli status-kvo var idi və bu səbəbdən Ermənistan münaqişənin bitməsini o halda qəbul edirdi ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin – Artsax Respublikasının yaradılmasına göz yumur, ətraf rayonların bəzilərini isə, tampon bölgə kimi güzəştə gedir. Tampon bölgə məsələsi ermənilər üçün prioritet deyildi, əsas qondarma respublikanın tanınması idi. O zaman, Azərbaycan bu şərtləri qəbul etmədi və beynəlxalq hüquq və bütün dövlətlərdən öz suveren hüquqlarını tələb etdi. Hətta hərbi müstəvidəki uğursuzluqlarına baxmayaraq, Qarabağdan əl çəkmədi. Eyni zamanda, ermənilərə ciddi güzəştlər edilməsi barədə də, vədlər verdi. Necə ki, o zamanki Ermənistan prezidenti Levon Ter-Petrosyan ermənilərə açıq şəkildə xəbərdarlıq etmişdi: “Bu gün istəmədiklərinizi, sabah Azərbaycan özü verməyəcək. Zaman bizim əleyhimizə dönəcək və biz bu gün qazandıqlarımızdan artığını itirəcəyik. Ancaq indi, vəd olunanlarla kifayətlənmək daha yaxşı seçim olar”.

2020-ci ildə isə, bölgədə tam fərqli status-kvo formalaşdı. Bu fərqlilik elə erməni liderin dediyi kimi oldu. Dünən Azərbaycanın ən zəif anında razı olduğu, amma ermənilərin öz istəkləri ilə itirdiklərindən bu gün əsər-əlamət qalmayıb. Ermənilər indi maksimum halda, özləri üçün ciddi güzəştlərdən yanadırlar. Azərbaycan tərəfi isə, unitar dövlət statusunu qorumaq əzmindədir.

Qısası bu gün, Ermənistan dövləti münaqişənin bitməsini, ancaq bu zaman erməni maraqlarının müəyyən dərəcədə təmin edilməsini istəyir: Azərbaycan tərkibində ən yüksək muxtar status almağı hədəfləyir və bölgənin tamamilə ermənilər tərəfindən idarə edilməsinə çalışırlar. Bu şərtlərdə Ermənistan tərəfi bölgədə sülh və normallaşma prosesinin baş verməsindən yanadır.

Bəs Azərbaycan tərəfi nə istəyir?

Azərbaycan tərəfi, beynəlxalq hüququ əsas gətirərək, öz dövlət sərhədlərinin bərpasını və ölkənin daxili məsələlərinə kənar dövlətlərin qarışmamasını, Qarabağ erməniləri ilə problemin dövlət suverenliyi prinsiplərində dövlətin öz mərkəzindən həll edilməsini tələb edir: Bakı istəyir ki, Ermənistan ordusunun qalıqları Qarabağdan çıxarılsın, seperatçı qüvvələr tərk-silah edilsin, bölgədəki qondarma rejim heç bir halda kənar qüvvələr tərəfindən dəstəklənməsin. Azərbaycan öz tarixi torpağı Naxçıvana quru yollarla gediş-gəlişi təmin etsin və Ermənistan Azərbaycandan zorla qoparılan tarixi bölgələrdən Naxçıvana çəkiləcək koridora icazə versin. Beləcə, bütün bölgə və dünya əhəmiyyətli tranzit yolların açılması mümkün olsun.

Elə isə, gəlin baxaq, rəsmi Moskvanın Qarabağ probleminə yanaşması necədir?

Əminliklə demək olar ki, Rusiya Azərbaycan-Ermənistan Qarabağ münaqişəsinin bitməsini istəmir. Bu onun bölgədəki maraqlarına ziddir. Baxın, incə təzad var: iddia etmirik ki, Rusiya tranzit yolların açılmasını, iqtisadi əlaqələrin bərpasını istəmir. Əksinə, Moskva çalışır ki, Azərbaycan və Ermənistan arasında hərbi müstəvidə qarşıdurmalar davam etsin, daima diplomatik krizlər yaşasın, ancaq paraleldə bölgədəki tranzit yollar açılsın, iqtisadi əlaqələr bərpa edilsin. Çünki bu halda, Rusiyanın bölgədəki təsir gücü artacaq, həm də iqtisadi mənfəət bölgə dövlətlərindən çox Moskvanın cibinə axacaq…

Digər tərəfdən, Kremldə anlayırlar ki, Rusiya dünya dövləti olmaq üçün Qafqazı ələ keçirib. İndi isə, Rusiya bu ünvanı saxlamaq üçün Qafqazı öz nəzarətində saxlamalıdır. Xüsusilə əgər Rusiya Cənubi Qafqazda təsir vasitələrini (Azərbaycan-Ermənistan Qarabağ problemi burada əsasdır) itirərsə, bu onun Şimali Qafqazdakı təktərəfli iqtidarını da sarsıdacaq. Qafqazın Cənubuna nəzarət isə, o halda mümkündür ki, erməni proyekti davam etsin və Azərbaycan-Ermənistan Qarabağ probleminin tam həlli mümkün olmasın.

Qısa bir xatırlatma edək ki, Qərb və Türkiyənin maraqları da o istiqamətdədir ki, bölgədə problem tam həll edilsin. Tək fikir ayrılığı var: Qərb (ABŞ da buraya daxildir) istəyir ki, problem erməni maraqlı çərçivəsində həll edilsin, Türkiyə isə, tam əksinə Azərbaycanın maraqlarını müdafiə edir…

Gələk əsas mətləbə…

Soçi görüşündən böyük gözləntilər əbəsdir. Burada bir “rus hiyləsi” mütləq ki, olacaqdır. Necə ki, elə dünən Rusiya prezidenti Vladimir Putin Moskvanın planlarını dilə gətirib. Putin deyir: “Biz Ermənistana nəyisə diqtə edə bilmərik, etməyəcəyik. Əgər ermənilər sülh müqaviləsi barədə mövcud olan Vaşinqton razılaşmasını istəyirsə ki, Qarabağ üzərində birmənalı olaraq Azərbaycanın suverenliyi bərpa edilsin, o halda razılaşsınlar və müqavilə imzalansın. Yox əgər onlar istəyirsə ki, Qarabağ gələcək sülh danışıqlarında ayrıca nəzərə alınsın, təbii ki, Azərbaycanla Azərbaycan üçün də məqbul şərtlərdə bu mümkündür”.

Yəni, Putin birmənalı olaraq elan edib ki, Rusiya öz maraqlarını müdafiə etmək üçün erməniləri qoruyur. Onların bölgədəki varlığı sırf Rusiyanın iradəsidir. Həmçinin, bunu nəzərə çatdıran Putin Ermənistana ciddi mesaj verir ki, əgər Moskvadan icazəsiz bir addım atılarsa, bu halda Kreml onları dəstəkləməyəcək.

Bununla, Putin regiondakı gələcək qarşıdurmalara başlanğıc verir. Niyə?

Çünki Ermənistan siyasi rəhbərliyi sülh və normallaşma danışıqları zamanı Qarabağ üzərində Azərbaycanın suverenliyinin tam bərpasından yana deyil, ərazidə hər hansı erməni maraqlarından çıxış edərsə, bu rəsmi Bakının narazılığına səbəb olacaq. Dolayısıyla sülh müzakirələrinin effektivliyi itəcək. Bundan sonra isə, söz silaha veriləcək.

Bölgə yenidən qarşıdurma və qanlı döyüşlərə şahid olacaq. Yəni problem bitməyəcək, yekun razılaşma olmayacaq, güc istifadəsi ilə nə Azərbaycan birdəfəlik Ermənistanı, nə də Ermənistan birdəfəlik Azərbaycanı sülhə məcbur edə bilməyəcək. Çünki Rusiya çalışır və hələlik bacarır ki, bölgədəki əsas problem – Azərbaycan-Ermənistan Qarabağ münaqişəsi bitməsin.

Ancaq təbii ki, indi əvvəlki zaman deyil və Moskvanın narazılığına baxmayaraq, bölgə dövlətləri, elə Ermənistan özü də fərqli addımlar atır. Rusiya əhəmiyyətli dərəcədə güc itirib, o Ukrayna bataqlığında ilişib qalıb, beynəlxalq tərəfdaşları demək olar ki, onu tək qoyub, yaxud sırf öz maraqlarına uyğun əməkdaşlıq edirlər.

Elə düşünməyin ki, Soçi görüşü barədə bədbin fikirlər söyləmək, problemin həllinin mümkünsüzlüyündən qaynaqlanır. Əksinə, problemin həlli mümkündür. Sadəcə Azərbaycan-Ermənistan sülh və normallaşma danışıqlarının uğurla nəticələnəcəyi məkan Soçi deyil.

Azərbaycan tərəfi özü üçün formalaşmış tarixi fürsətləri yaxşı görür. Bu fürsətləri əldən vermək istəmir və düşünürəm ki, verməyəcək: təbii, Rusiya ilə qarşıdurmaya getməyəcək, ancaq belə bir situasiyada Rusiyanın da rəsmi Bakı ilə qarşılaşmaq istəmədiyi həlledici anı gözləyəcək. Gözləməklə qalmayıb, həmin anın yetişməsi üçün əsas siyasi aktor olacaq. O zamanın çox uzaqda olmadığı isə, açıq-aşkar bəllidir.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki