Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 105 saylı seçki məntəqəsində seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başlayıb.
Busaat.az xəbər verir ki, AZƏRTAC-ın müxbiri Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 105 saylı seçki məntəqəsində səsvermənin başlanmasını müşahidə edib. Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.
Səhər saatlarından məntəqəyə üz tutan seçicilər konstitusion hüquqlarından istifadə edir, öz namizədlərinə səs verirlər. Seçki məntəqəsində ilk səs verənlərdən biri Ceyhunə Səfərəliyeva təəssüratlarını AZƏRTAC-la bölüşüb: “Çox sevinirəm. Doğma Qarabağımızda 30 ildən sonra ilk dəfə səsvermə keçirilir. Özümü xoşbəxt hesab edirəm ki, bu gün Şuşa şəhərində səs vermək mənə də nəsib oldu. Məntəqəyə hamıdan əvvəl gələrək, ilk səsi mən verdim. Bu, həyatımda ən unudulmaz gün olacaq. Fəxr edirəm ki, azərbaycanlıyam. Qarabağ Azərbaycandır!”.
Məntəqə seçki komissiyasının sədri Səbinə Gözəlova bildirib ki, məntəqə üzrə 1222 seçici qeydə alınıb.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.