Tayvanda “Koinu” qasırğasının yaratdığı güclü külək və yağışlar nəticəsində 190 nəfər xəsarət alıb.
Busaat.az xəbər verir ki, bu barədə Tayvan Yanğınsöndürmə İdarəsi məlumat yayıb.
Açıqlamaya görə, Hençun yarımadasında küləyin sürəti saatda 252 kilometrə çatan “4-cü kateqoriya” tayfunu 190 nəfərin xəsarət almasına səbəb olub.
Ölkənin cənub-şərqində yerləşən 5 min əhalisi olan Orkide adasında güclü külək nəticəsində limandakı balıqçı qayıqları batıb.
Tayvanın əsas hava yolu şirkətləri “UNI” və “Mandarin Airlines” uçuşlarının əksəriyyətinin ləğv edildiyini açıqlayıb. Həmçinin, ölkədə bərə xidmətləri də dayandırılıb.
Tayvan Nəqliyyat Nazirliyindən verilən açıqlamaya görə, ümumilikdə 46 reys ləğv edilib. Lakin yüksək sürətli qatar xidmətlərinin davam etdiyi bildirilib.
Qasırğadan zərər çəkmiş şəhərlərdə biznes və təhsil 1 gün müddətinə dayandırılıb.
Bu gün Tayvana çatan tayfunun sabaha qədər davam edəcəyi və Çinin Quandun əyalətinə doğru hərəkət edərək təsirini itirəcəyi açıqlanıb.