Tehran Orucoğlu: “Cənubi Qafqazda münaqişə ocağının qalması iqtisadi gəlirlərin əldə edilməsindən önəmli deyil”

image-tehran2backend

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcəklər. Avropa İttifaqının gdekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində görüşündən öncə Kremlin ölkə başçılarını Soçiyə dəvət etməsi Rusiyanın prosesdə bir nömrəli iştirakçı olmasının sübutudur.
Siyasi şərhçi Tehran Orucoğlu Busaat.az-a  açıqlamasında bildirib ki, bu ay ərzində 44 günlük müharibədən sonra ən ciddi toqquşmalar yaşandı. Hər iki tərəfdən itkilərin olması ölkə başçılarının üz-üzə görüşməsinə zəmn yaratdı.

image-44683403-30ff-47f2-86e8-1b44b452da0c
“Düşünürəm ki, hər iki görüş olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, 319 gün sonra Azərbaycan Prezidenti və Ermənistanıb baş naziri üz-üzə görüşəcəklər. Xüsusən Soçi görüşündə delimitasiya və demarkasiya prosesi ilə bağlı mühüm razılıq əldə edilə bilər. Bu müzakirələrin ikinci əsas mövzusu həm prezident Əliyevin, həm də baş nazir Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün sülh sazişi mərhələsinə keçmək istəyi olacaq. Təbii ki, sülh müqaviləsindən öncə atılacaq addımlar kifayət qədər çoxdur. Burada daha çox iş Paşinyanın üzərinə düşür. Çünki Paşinyan 3 “cəbhə”də mübarizə aparır. Daxili auditoriyanı tənzimləməli, revanşist qüvvələri razı salmalı və qərblə Rusiya arasında münasibətləri tənzimləməlidir. Sülh müqaviləsinin imzalanması üçün səylərin göstərilməsini gecikdirən məqam və ya məqamlar Ermənistanla bağlıdır”.
Tehran Orucoğlu hesab edir ki, istər Aİ, istərsə də Rusiya münasibətlərin stabilləşməsi və tutarlı razılığın əldə edilməsində maraqlıdırlar.
“On il öncə Cənubi Qafqazda münaqişə ocağının olması bir çox ölkələrə sərf edirdi. Hazırda isə vəziyyət dəyişib. Coğrafi mövqe və iqtisadi əlaqələrin qurulması üçün Azərbaycan önəmli tərəfdaşdır. Rusiya-ABŞ münasibətləri, İrana qarşı embarqolar, Türk ölkələrinin yeni iqtisadi maraqları da prosesə təsir edir. Çinin yeni iqtisadi nəqliyyat planları işğaldan azad edilən ərazilərdən, Zəngəzur dəhlizindən keçir. Bu gün Cənubi Qafqazda münaqişə ocağının qalması iqtisadi gəlirlərin əldə edilməsindən önəmli deyil. Artıq Rusiya da bunu başa düşür. Söhbət milyardlarla dollardan gedir. Qlobal dünyanı götürsək görərik ki, iqtisadiyyat sülhün təməlidir. Bu münasibətlər mövcuddur. Ona görə də Rahat deyə bilərik ki, münaqişə geridə qaldı. Münaqişənin olmaması isə adını sadaladığımız ölkələrə yalnız qazandıracaq”.
Qeyd edək ki, dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə sammiti çərçivəsində Azərbaycan və Ermənistan başçılarının görüşü nəzərdə tutulub. Azərbaycan sammitdə iştirakını təsdiqləyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki