“Azərbaycan Türk Birliyinin möhkəmləndirilməsi və inteqrasiyasının dərinləşməsi istiqamətində aktiv rol oynayır”.
Bunu Busaat.az-a-a siyasi şərhçi Əli Oruclu deyib.
Ekspert bildirib ki, Azərbaycan yeni təşəbbüslərlə və ideyalarla türk birliyinə öz töhvəsini verir:
“Prezident İlham Əliyevin Astanada Mərkəzi Asiya dövlət başçılarının görüşünə fəxri qonaq kimi dəvət edilməsi Azərbaycanın artan nüfuzunun bir daha təsdiqidir. Mərkəzi Asiya regionu zəngin ehtiyatlarına və coğrafi mövqeyinə görə Qərblə Çin arasında rəqabət meydanına çevrilib. Azərbaycan da həmin regiona maraq göstərir. Region investisiya qoyuluşu üçün də cəlbedicidir. Orta Dəhliz nəqliyyat dəhlizi də bu respublikaların əlaqələrinin daha da birləşdirilməsinə stimul verəcək. Azərbaycanla Mərkəzi Asiya türk dövlətlərinin çoxvektorlu əlaqələrinin dərinləşməsi hamı üçün faydalıdır. Həmin dövlətlər Azərbaycan üzərindən Avropaya çıxış imkanı qazanırlar”.
Müsahibimiz vurğulayıb ki, son donəmlər qarşılıqlı işgüzar səfərlər müxtəlif səviyyələrdə intensiv hal alıb və bu, təsadüfi deyil:
“Mərkəzi Asiya respublikalarının işğaldan azad olunmuş ərazilərimizdə, Qarabağda tikinti-bərpa işlərinə fəal və daha geniş şəkildə cəlb edilməsi uğurlu addım olardı. Artan qlobal təhlükəsizlik və sürətli dəyişiklik fonunda Mərkəzi Asiya respublikaları ilə Azərbaycanın bir-birlərinə daha çox ehtiyacı yaranır. Çünki bu ölkələr eyni mövqeyi bölüşürlər”.
Ə.Oruclu hesab edir ki, birgə mühüm layihələrin reallaşmasında da əməkdaşlıq zəruridir:
“O baxımdan Prezident İlham Əliyevin Almatıya, ümumiyyətlə Mərkəzi Asiya ölkələrinə mütəmadi səfəri böyük əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Azərbaycan dövlət başçısı qeyd edib ki, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir:
“Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb”.
Prezident İlham Əliyev həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəyini də əlavə edib.