Türkiyə NATO-da hədəf seçilir: SƏBƏBLƏR-TƏHLİL

image-mbvyb6ld3qfjcq0b-637401742639542605backend
Son günlər Türkiyə və Yunanıstan münasibətləri son dövrlərin ən kəskin mərhələsinə qədəm qoyub. Hər iki ölkə özünün haqlı olduğunu ifadə edib, buna müxtəlif səbəblər göstərib və qarşı tərəfə qarşı iddialarla çıxış edib.
Yunanıstanın əsas iddiaları o yöndədir ki, guya Türkiyə “neo-Osmanlıçılıq” siyasətindən çıxış edir və Yunanıstanın suverenliyinə qarşı addımlar atır. Ancaq hazırda Türkiyə dövləti nəinki birinci dərəcəli rəsmilərinin, ümumiyyətlə heç bir rəsmi şəxsin dilindən bu kimi iddialar səsləndirməyib. Türkiyə sadəcə mübahisəli adalar məsələsini və Kipr adasındakı qarşıdurmanı gündəmdə saxlayır. Daha doğrusu, adalar məsələsində beynəlxalq hüquqa səslənib ədalətli qərar tələb edən Türkiyə, Kipr məsələsində xüsusi qeyd edir ki, burada sülh sadəcə Şimali Kipr Türk Cumhuriyətinin suverenliyi daxilində mümkündür və əks halda, Türkiyə mümkün bütün addımlar atacaq.

Qarşılığında Türkiyənin Yunanıstana qarşı iddiaları odur ki, Afina bölgədə düşmənlikləri artırır və müharibə vəziyyəti formalaşdırır. Beynəlxalq hüquqa görə silahlandırılması qadağan olunmuş mübahisəli adalara hərbi texnika toplayan Yunanıstan tərəfi, Kipr adasının rum idarəçiliyində də düşmənçiliyi artıracaq addımlar atır. Türkiyə tərəfi bu iddialarını əsaslandırır və faktlarla bütün dünyaya elan edir.
Həqiqətən də görürük ki, Yunanıstan tərəfi həm adalara silah-sursat toplayır, həm də Cənubi Kiprə cəsarət verərək bölgədə vəziyyəti qəlizləşdirir.
İndi yunanlar çalışır ki, özlərinin məğlub etmə ehtimalları sıfıra bərabər olan Türkiyəni beynəlxalq koalisiya yaradaraq məğlub etsinlər. Bunun üçün isə, başlıca iki şərt var:

Birincisi, Türkiyəni dünyaya aqresor olaraq göstərmək;
İkincisi, aqresor elan edilmiş Türkiyəni NATO-dan qovmaq və ona qarşı NATO müttəfiqlərinin bəziləri ilə hərəkətə keçmək…

Əlbəttə, yunanlar bu nöqtədə ABŞ və Fransaya, qismən də Almaniyaya ümid edir. Çünki hazırki Türkiyə bu üç dünya dövlətinin bütün regional və dünyəvi maraqlarına qarşı çıxış edir və öz maraqlarını müdafiə edir. Təbii Türkiyənin maraqları və digər 3 ölkənin maraqları bir çox nöqtələrdə ziddiyyət təşkil edir. Yunanıstan bu nöqtədə ümid edir ki, Türkiyəni dünyəvi və geosiyasi rəqabətdən kənarlaşdırmaq üçün həm Almaniya, həm ABŞ, həm də Fransadan dəstək ala bilər.

Almaniya bu nöqtədə, xüsusən özünün indiki xaotik vəziyyətində anti-türk qərarı verə bilməz. Ancaq ABŞ və Fransanın, xüsusilə Fransanın Türkiyə əleyhinə bütün qərarları düşünmədən tətbiq edəcəyi bəllidir. Amma yunanlar da çox yaxşı bilir ki, ABŞ bütün məsələlərdə milli maraqlarından çıxış edir, sadəcə fransızlar Türkiyə məsələsində maraqlardan ziyadə anti-türk mövqeyini ön planda tutacaqdır.

Türkiyəyə qarşı qurulacaq oyun bəllidir: rəsmi Ankara Moskva kimi təxribata məcbur qoyulacaq, Afinanın qıcıqlandırıcı və təhdidkar hərəkətlərinə qarşı güc istifadə edəcək və bunu əsas gətirən anti-türk qüvvələri Türkiyəni aqressor kimi göstərəcək.

Daha sonra baş verəcəklər də bəllidir: Türkiyə NATO üzvü olmasına baxmayaraq, bir digər NATO ölkəsinə hücum etmiş olacaq ki, bunu əsas gətirən ABŞ, Fransa və Yunanıstan Türkiyənin təşkilatdan qovulmasına nail olacaq. Əlbəttə belə bir hal yaşanarsa, alyansın daxilindəki Türkiyə tərəfdarları Ankaranın lehinə qərar verə bilməyəcəklər. NATO-dan ixrac edilən Türkiyə isə, avtomatik NATO ölkəsinin ərazisinə müdaxilə etmiş olacaq ki, bu halda Yunanıstanın yuxarıdakı məqsədləri – beynəlxalq koalisiya ilə Türkiyəni məğlub etmə xülyaları həyata keçə bilər.

Ancaq bu planların reallaşması mümkündürmü?

Əlbəttə bu Ankaranın siyasi bacarıqlarından asılı olacaqdır. Əgər Ankara Moskvanın etdiyi səhvi təkrarlayarsa, o halda kimsə Türkiyəni düşəcəyi bataqlıqdan xilas edə bilməz. Ancaq rəsmi Ankara ən çətin vəziyyətlərdə belə dünya siyasətinin əsas aktorlarından birinə çevriləcək qədər çevik diplomatik manevrlər edə bilir. İnandırıcı gəlmir ki, Türkiyəyə qarşı hazırlanan bu kimi bəsit oyunları görə bilməsin. Əksinə deyə bilərik ki, indi, Ankarada Yunanıstanı öz qazdığı quyuya elə onun özünü necə salmaq barədə düşünürlər…

Çünki bəlli məsələdir ki, iki NATO ölkəsi və iki qonşu ölkə, Türkiyə və Yunanıstan arasındaki problemli məsələlər diplomatik həll yollarını aşar və qarşıdurmaya çevrilərsə, ilk gülləni atan tərəf məğlubiyyətlə üzləşəcəkdir. Burada isə, daha ağır məğlubiyyətdən söhbət gedir. İlk gülləni atan tərəf demək olar ki, hər şeyini itirəcəkdir. Buraya tək bu günki mübahisəli məsələlər daxil deyil, daha böyük itkilər aiddir.
Yunanıstanın ilk gülləni atan tərəf mümkün deyil. Birincisi, yunanlar fərqindədir ki, onlar ikili mübarizədə Türkiyəni heç bir halda məğlub edə bilməzlər. İkincisi, Afina Türkiyəni məğlub etmək üçün beynəlxalq səviyyədə tərəfdaşlar qazanmalıdır. Bu isə, təbii ki, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ardıcıllıqla davam etməlidir. Yəni Afina bilir ki, Türkiyəni məğlub etmək üçün tərəfdaşlara, tərəfdaşları Türkiyəyə qarşı döyüşə sala bilmək üçün öncə Türkiyəni aqressor olaraq tanıtmağa gərək var.

Əminliklə demək mümkündür ki, Afina hisslərinə qapanıb ani şəkildə ilk gülləni atmaq niyyətinə düşsə belə, bu halda onu dəstəkləyən ABŞ, Fransa kimi ölkələr buna imkan verməyəcək.

Türkiyə isə, özünün minlərlə illik dövlətçilik tarixi və təcrübəsi olan köklü dövlətdir. Ankara da eyni ssenaridən çıxış edərək, ilk Afinanın qarşıdurmaya başlamasını təmin etməyə çalışacaq. Ancaq riskli məqamlar da var: Afina hər nə qədər zəif olsa da, arxasında onu dəstəkləyən güc mərkəzləri var. Həmin mərkəzlərin sayəsindədir ki, yunanlar həm hərbi, həm də siyasi-diplomatik sahələrdə təxribatlara cəhd edə bilir. Türkiyə isə, yalnızdır. Onu dəstəkləyən güc mərkəzləri yoxdur.

Ona görə də, Türkiyə xüsusilə Yunanıstan siyasətində çox təmkinli olmalıdır. Ukraynada Türkiyə ilə bərabər işləməyə həvəsli olan ABŞ, əksinə Şimali Afrika və Yaxın Şərq, son vaxtlar isə, Aralıq dənizi siyasətində Türkiyəni (ən azından) neytrallaşdırmağa çalışır. Fransa və Almaniyanın anti-türk mövqeyi hər kəsə bəllidir. İngiltərə isə, Türkiyə ilə tərəfdaş əlaqələrə önəm versə də, kriz anında onun müdafiəsində istəkli olmayacaq. Ən yaxşı halda, tamamilə məhv edilməsinə qarşı çıxacaq.

Türkiyənin geosiyasi mövqeyi də onun daha diqqətli addımlar atmasını tələb edir. Hər nə qədər Rusiya ilə yaxın münasibətlərdə olsa da, Türkiyənin diqqətinin yanınmasını gözləyən və ən problemli sərhəddi hesab edilən Suriya krizi var. Bəşər Əsəd Türkiyənin büdrəməsini səbrsizliklə gözləyir…
Kriz anında Rusiya Türkiyənin “köməyinə” qaçacaq. Amma öncə şərt irəli sürəcək ki, Türkiyə onun müəyyən maraqlarına boyun əysin. Bu elə birinci

Suriyada acı itkilərlə üzləşmək deməkdir.

İsrail, Misir, Səudiyyə, İran və s. kimi ehtimallara əlavə olaraq toxunmadan mətləbə keçmək istəyərdik. Ona görə ki, tələyə düşmüş Ankaradan hər kəs fürsət bilib nələrsə qoparacaqdır…

Türkiyənin NATO-dan qovulmasına hesablanmış bu çirkli niyyətləri asanlıqla dəf etmək mümkündür. Türkiyə NATO-nun prinsip və qanunlarına zidd olmayacaq istənilən addımı rahat şəkildə atmaqda sərbəstdir. Bu halda kimsə ona qarşı hər hansı qaralama kampaniyası apara bilməz. Məsələn, İsveç və Finlandiyanın alyansa üzvlük məsələsinə rədd cavabı verən Türkiyəyə qarşı addım atmaq mümkün olmadı. Çünki Türkiyə alyansın ümumi qaydalarını pozmayıb, əksinə elə NATO-nun öz qərarlarından yola çıxıb milli maraqlarını müdafiə edib.

Hazırda Türkiyə siyasi elitası diplomatik manevr imkanlarını maksimum istifadə edə bilir bu sayədə hələlik Türkiyə heç bir ciddi problemlə üzləşməyib. Əksinə indi, rəsmi Ankara dünyanın ən fəal siyasi mərkəzi halına gəlib. Onun uğurları artır, uğurları artdıqca isə, əhəmiyyəti artır. Bu isə, yekun nəticədə inkişaf deməkdir.

Məhz bu səbəblərdəndir ki, rəsmi Afina Türkiyənin inkişafına zərbə vurmaq və onu zəiflətmək üçün yollar axtarır. Bu axtarış isə, onun özünü qurbana çevirir. Necə ki, Rusiyaya qarşı mübarizəsində Qərb-ABŞ bloku Ukraynanı qurban olaraq istifadə etdi…

İndi Fransa başda olmaq, bəzi Qərb dairələri Yunanıstanı qurban verməklə eyni ssenarini Türkiyə üzərində təkrarlamaq niyyətindədir.
Ancaq Türkiyə dünya siyasətinin mərkəzində, həm də Qərbin müttəfiqi olaraq çıxış edir. Paraleldə isə, Çin və Rusiya ilə irəli səviyyədə əlaqələr qura bilib və həm Şərqdə, həm Qərbdə aktiv real politik oyunçuya çevrilib.

Türkiyə səbrlə bütün məqsədlərinə doğru gedir və Yunanıstanın narahatlıqları da bu səbəbdəndir.

Amma yunanlar ermənilərin etdiyi səhvi etməməlidir. Onlar hansısa havadarın sözünə inanıb Türkiyəyə qarşı cəbhə alarsa, bu ilk növbədə Yunanıstanın milli maraqlarının məhvi deməkdir. Yunanıstan tərəfi anlamalıdır ki, havadarlıq edən qüvvələr kriz anında öz maraqlarından çıxış edir və beləcə, meydanda tək qalacaqlar. Necə ki, 30 il əvvəl Ermənistana havadarlıq edənlər, 30 il sonra krizlə üzləşdi və ilk addım olaraq Ermənistanı tək qoydular. Nəticədə bu gün erməni dövlətçiliyi özü risk altındadır.

Afina özünü risk altına soxmamalı, Türkiyənin haqqı olan bütün məsələlərdə güzəştə gedərək, özünün gələcəyini inkişaf və tərəqqiyə yönəltməlidir.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki